Köçəryanın açıqlaması boş xülyadan başqa bir şey deyil - Deputat

 

44 günlük Vətən müharibəsində Azərbaycanın müzəffər Ordusu Ermənistan ordusunu darmadağın edib. Artıq Ermənistan ordusu deyilən bir güc anlayışı qalmayıb. Ermənilərə ordunu yenidən formalaşdırıb Azərbaycanla müharibəyə cəhd üçün 10 illər lazım olacaq. Azərbaycan Ordusunun 10 noyabrdakı tarixi Qələbədən sonra gücləndirilməsi və ən yeni silahlarla təchizatı istiqamətində işlər davam edir. Bundan sonra da Azərbaycanda Ordu quruculuğu prioritet sahələrdən olacaq. Ermənistan tərəfindən revanşizmlə bağlı səslənən fikirlər isə sadəcə daxili auditoriyaya istiqamətlənmiş bir hədəfdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ermənistan sabiq prezidenti, hərbi cani Robert Köçəryanın bu günlərdə "müharibə bitməyib və gec-tez yenidən başlayacaqdır" açıqlaması daxili auditoriyaya hesablanıb və boş xülyadan başqa bir şey deyil:

“Ermənistanda Qarabağ klanına qarşı böyük nifrət var. Köçəryan və Sərkisyanın hakimiyyətdə olduğu illərdə əlləri azərbaycanlıların qanına batıb. Bu canilər öz xalqına qarşı da cinayətlər törədib. Ermənistan əhalisi onların hakimiyyətdə olduğu illərdə düşdükləri ağır, çıxılmaz durumu unutmayıb. Ona görə də reallıqda Ermənistan müxalifəti ümumi qüvvə nisbətində belə Paşinyana qarşı gücsüz görünür. İndiki halda Köçəryan Qarabağ müharibəsindəki uğursuzluğu önə çəkməklə siyasi divident qazanmağa çalışır. Sabiq prezident düşünür ki, bu məsələ ermənilər üçün həssas məsələdir. Ona görə də sərsəm bəyanatlarla xalqı öz tərəfinə çəkməyə çalışır. Revanşizmlə bağlı məsələləri gündəmə gətirmək isə erməni xalqını növbəti uçuruma sürükləməkdir. Ermənistanda da Qarabağın Azərbaycan torpağı olduğu artıq dərk olunur. Bu işğal siyasətinin isə illərlə özlərinə yaxşı heç nə vermədiyini başa düşməyə başlayıblar. Hətta əsgər övladlarını Qarabağa göndərməyin ələyhinə aksiyalar təşkil edirdilər".

Millət vəkili qeyd edib ki, indiki halda Köçəryan-Sarkisyan cütlüyünün erməni xalqından hər hansı bir dəstək alması qeyri-mümkündür:

“Küçə yürüşlərində, mitinqlərdə də onlara xalqın heç bir dəstək verməməsi deyilənləri təsdiqləyir. Bunun əksinə Paşinyan hakimiyyətini möhkəmləndirir. Köçəryan və Sərkisyanın isə yenidən həbs təhlükəsi daha real görünür. Paşinyan isə 10 noyabrda kapitulyasiya aktına imza atıb. Azərbaycan və Rusiya həmin aktın bütün maddələrinin icrasını təmin edəcək. Ermənistanın isə razılaşmadan imtinası onun intiharı deməkdir”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Karyera və övlad arasında qalan qadınlar – QƏRB MEDİASI

SONRAKI XƏBƏR

"Hollywood" ulduzu 5-ci dəfə EVLƏNDİ – Toydan FOTOLAR