İrəvan beynəlxalq təşkilatı Azərbaycana casusluqda ittiham edir

İrəvan beynəlxalq təşkilatı Azərbaycana casusluqda ittiham edir

Ermənistan hökuməti UNİSEF-in (BMT-nin Uşaq Fondu) nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyanın sözlərinə görə, belə addıma səbəb Klark-Hattinqin fəaliyyət metodları olub. O, UNİSEF nümayəndəsinin fəaliyyətinin Ermənistan üçün problematik olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın sosial şəbəkə səhifələri Klark-Hattinqin Azərbaycan və Britaniya lehinə casusluq etdiyinin Rusiya xüsusi xidmət orqanları tərəfindən aşkarlandığını bildirmişdi. Ermənistanın onun ölkəni tərk etməsi üçün vaxt verdiyini yazmışdı.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, hətta Ermənistanda bəzi yüksək rütbəli şəxslərin işdən azad olunmasında onların aktiv əməliyyatlar zamanı Azərbaycanın xeyrinə casusluq etmə, anti-Azərbaycan, anti-Türkiyə istiqamətində zəif işlər görmələri ilə bağlı ittihamlar var idi.

 

Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Ermənistanda onsuz da Azərbaycana, Türkiyəyə qarşı bir fobiya var idi. Siyasi mübarizədə öz rəqiblərini Azərbaycana, Türkiyəyə işləməkdə suçlamaq Ermənistan cəmiyyəti üçün adi bir haldır. Artıq bu məsələ on illərdir ki, bu xalqın həyat fəlsəfəsinə çevrilib. Bu Ermənistanda 44 günlük əməliyyatlar dövründə və sonra daha da güclənib. Bu baxımdan təəccüblü deyil ki, Ermənistanda UNİSEF kimi bir təşkilatın təmsilçisini Azərbaycana casusluqda ittiham edib, ölkədən çıxarılmasını tələb edirlər.

Rəsmi olaraq bu məsələyə görə ittiham etdiklərini bəyan etmirlər. Ermənistan mediası, sosial şəbəkələr isə yazır ki, məhz Azərbaycanın xeyrinə casusluq etdiyi üçün ölkədən çıxarılır. Maraqlısı ondadır ki, bunu Rusiya xüsusi xidmət orqanlarının aşkar etdiyini qeyd edirlər. Hesab edirəm ki, bu Ermənistanın cəfəng iddiaları, ittihamları və açıqlamalarıdır. Ermənistan cəmiyyəti anti-Azərbaycan, anti-Türkiyə ovqatından, davranışlarından əl çəkməlidir. Əl çəkməsə, bu toplumun özünü tənzimləməsi, gələcək yaşam tərzi, cəmiyyətin formalaşması, inkişafı çox böyük problemlərlə qarşılaşacaq. Qələbədən artıq bi neçə ay keçib. Ermənistan cəmiyyəti isə hələ də özünə gələ bilmir”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanıb belə cəfəng fikirləri hansısa başqa amillərlə bağlıdır.

“Belə bir sual ortaya çıxır ki, UNİSEF-in nümayəndəsi Azərbaycanın xeyrinə hansı casusluğu edə bilər? Yəni hansı fəaliyyəti həyata keçirə bilər? Bu Ermənistanda avantüranın növbəti bariz nümunəsidir. Azərbaycanın müvafiq qurumları Emənistandan gələn təhlükələri neytrallaşdırmaq istiqamətində çalışmalar həyata keçirir. Biz əməliyyatlar vaxtı və sonra da gördük ki, bunu çox uğurla həyata keçirirlər.

Bir müddət bundan əvvəl Baş Qərargah rəisi baş nazirin istefasını tələb edən zaman, cəmiyyət üçün məlumat yayırdılar ki, guya Türkiyə xüsusi xidmət orqanlarına məxsus qrup Gürcüstandan keçərək İrəvana baş naziri qorumaq üçün gələcək. Bu cür xəstə təfəkkürlü informasiyaları yaymaqla heç nəyə nail ola bilməyəcəklər”,- deyə bildirib.

Mənbə: www.bizimyol.info