Gürcüstanda qalmaqallı səs yazısı - İqtidar partiyasının sütunları laxlayır?

Gürcüstanda qalmaqallı səs yazısı - İqtidar partiyasının sütunları laxlayır?

Gürcüstanda 31 oktyabrda keçirilən parlament seçkilərindən sonra siyasi qarışıdurma getdikcə şiddətlənir. Müxalifət seçkilərdə saxtakarlığın olduğunu iddia edərək, nəticələri tanımaqdan imtina edib.

Son günlərdə isə vəziyyət bir qədər də pisləşib. Bunun əsas səbəbi, ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın lideri Nika Meliyanın həbsidir. Meliya fevralın 23-də polisin müxalif partiyanın binasına hücumu zamanı həbs olunub. Bundan 5 gün əvvəl isə ölkənin Baş naziri Giorgi Qaxariya baş verəcəklərə etiraz olaraq istefa vermişdi.

Qaxariyanın istefasından sonra yeni hökumət təşkil edilib və İrakli Qaribaşvili ikinci dəfə Baş nazir seçilib. Lakin iqtidardakı Gürcü Arzusu Partiyasının bununla böhranı yoluna qoymaq arzusu puç olub. Ötən şənbə günü Qaribaşvilinin keçmiş Baş nazir və hakim Gürcü Arzusu Partiyasının yaradıcısı olan Bidzina İvanişvilinin oğlu Bera İvanişvili ilə səs yazısı üzə çıxıb. Bu yazı Gürcüstanın “Pirveli” televiziya kanalı vasitəsi ilə yayımlanıb.

Səs yazısında Beranın Baş nazir Qaribaşviliyə və hazırkı Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi Anzor Çibinidzeyə İvanaşvili ailəsi haqqında əks danışan adamların həbsi və təqib olunması tapşırdığı eşidilir.

Bu danışığın nə zaman olduğu dəqiq bilinmir. “Pirveli” televiziya kanalının iddiasına görə, yazı 2017-ci ilə aiddir. Lakin iqtidar nümayəndəsi Mamuka Mdinaradze bunun 2010-ci il, yəni İvanişvilinin siyasətə gəlməzdən əvvəl olduğunu və danışığın təhrif olunduğunu bildirib.

Gürcüstanlı politoloq Gela Vasadze Eurasia Diary-yə baş verən hadisəni şərh edib.

Politoloq düşünür ki, səs yazısının məhz indi ortaya çıxarılmasını Baş nazir Qaribaşvilidən qisas almaq kimi qəbul etmək olar: “Bunun məqsədinin nə olduğu sualına ən dəqiq cavabı səs yazısını yayan qüvvə cavab verə bilər. Bunu kim etdiyini bilmədiyimizdən, məntiqlə səs yazısının Baş nazirdən qisas üçün istifadə edildiyini söyləyə bilərik. Müxalifətin əlində belə material ola bilməz, bu faktdır. Ona görə yox ki, müxalifət bu cür səs yazısını qeydə ala bilməzdi. Düzdür bu çox çətindir, ancaq mümkündür. Ona görə ki, müxalifət seçkilərdən sonra çox ağır günlər keçirib, əgər onlarda bu yazı olsaydı, dərhal ortaya qoyardılar”.

Bidzina İvanişvili kimi milyarder və kifayət qədər güclü qorunan insanın oğlunun keçmiş dövlət işçiləri ilə danışığını qeydə almaq heç də asan iş deyil. Nəzərə alaq ki, Qaribaşvili 2012-2013-cü illərdə Daxili İşlər naziri, 2013-2015-ci illərdə isə hakim Gürcü Arzusu Partiyasının rəhbəri kimi önəmli vəzifələri yerinə yetirib. Belə məqamda əsas sual bu yazının arxasında kimin durmasıdır.

“Aydındır ki, güc strukturlarında əvvəl və indi işləyən bir çox şəxslərin hazırkı baş nazirin komandasından inciyənlər var və onunla mübarizə həyati əhəmiyyət kəsb edir”, deyə politoloq söyləyib.

Bu səs yazısından sonra vətəndaş cəmiyyəti üzvləri və hətta bəzi beynəlxalq qurumlar iqtidar partiyasına etiraz edərək, bunun qeyri-demokratik olduğunu bildiriblər. Müxalifət isə artıq etiraz aksiyalarına başladığını bildirib. Ortaya sual çıxır: iqtidar partiyasının opponentləri yaranmış vəziyyətdən istifadə edərək, nəyəsə nail ola biləcəklərmi?

Gela Vasadze bunun hansısa təsirinin olacağını istisna etməyib: “Bu səs yazısının konkret nəticəsi olacağını düşünmürəm. Amma məlumdur ki, su damlaları daşı belə, yarır. Gürcü Arzusunun konstruksiyasının dəmir-betondan olmadığı isə çoxdan məlumdur”.

Mənbə: ednews.net