“Bu şərtlər altında Xankəndi və Xocalını da götürərdik, ancaq...”

“Bu şərtlər altında Xankəndi və Xocalını da götürərdik, ancaq...”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İkinci Qarabağ müharibəsinin razılaşdırılmış olması ilə bağlı iddiaları şərh edib.

“Qafqazinfo” xəbər verir ki, keçmiş XİN rəhbəri bu barədə öz feysbuk hesabında yazıb.

“Beləliklə, başlıca sual baş verənlərin hamısının razılaşma olub-olmamasıdır. Açığını deyim ki, belə bir ssenarinin əlamətləri var, ancaq elə hadisələr də var ki, onları planlaşdırmaq və həyata keçirmək sadəcə mümkün deyil. Məsələn, hər kəs üçün gözlənilməz olan Azərbaycanın xüsusi əməliyyat qoşunlarının qəhrəmanlığı və taktiki yenilikləri, ya da PUA-ların istifadəsinin dağıdıcı effekti və ya Ali Baş Komandanın ayrı-ayrı hərbi birləşmələrin hərəkətlərinə birbaşa nəzarət etməsinin əhəmiyyəti, düşmənin müdafiə sisteminin gözlənilmədən sürətli bir şəkildə çökməsi və hərbçilər arasında kütləvi panika və fərarilik hallarıdır (rəsmi mənbələrə görə 10.000-ə yaxın). Hadisələrin ikinci şərhinin lehinə olan bu cür nümunələr çoxdur və bunlar geniş yayılıb. Lakin bu nümunələrin heç biri Ermənistan və Azərbaycandakı çoxsaylı “sui-qəsd nəzəriyyələri” tərəfdarlarının fikirlərinə heç bir şəkildə təsir göstərmir.

Həqiqət haradadır? Həmişə olduğu yerdə, ortada.

Əlbəttə ki, döyüş əməliyyatları başlamazdan əvvəl Ermənistan və Azərbaycan rəhbərliyi bir sıra tərəfdaşları ilə çoxsaylı məsləhətləşmələr aparıb, nəticədə keçmək tövsiyə olunmayan özünəməxsus sərhədlər və ya “qırmızı xət”lər təyin olunmuşdu. Məsələn, Ermənistana açıq-aşkar düşmənin əhəmiyyətli infrastruktur obyektlərinə, mülki insanların məskunlaşdığı yerlərə, xarici şirkətlərin iştirakı ilə tikilən əhəmiyyətli obyektlərə zərbələr endirməmək, Azərbaycana isə yuxarıda sadalananlarla yanaşı, erməni əhalisinin ənənəvi kompakt yaşadığı yerlər və Ermənistan Respublikası ərazilərində hərbi əməliyyatlar aparmaqdan çəkinmək tövsiyə olunmuşdu. Göründüyü kimi, buna görə də Şuşa bölgəsindəki və Şuşa şəhərindəki vəziyyəti şərh edərkən Vladimir Putin Rusiyanın 12 oktyabr təklifini qəbul etməyən Paşinyanın mövqeyinə təəccüblənməsindən danışır.

Bu gün aydındır ki, Xankəndinin Azərbaycan qoşunları tərəfindən azad olunması əvvəllər razılaşdırılmış “qırmızı xət”lərin açıq şəkildə pozulması olardı.

Üstəlik, Şuşanın ermənilər tərəfindən itirilməsində günahkarlıq Paşinyanın inadkarlığı və dözümsüzlüyünün nəticəsi kimi görüldüyü halda, Xankəndidə hərbi əməliyyatların davam etməsi Azərbaycan Prezidentinin razılaşmalar çərçivəsindən kənara çıxması demək olacaqdı. Bu vəziyyətdə Ermənistan tərəfindən “İskəndər”lər vasitəsilə PUA idarə nöqtələrinə, hava limanlarına və qoşunların toplandığı yerlərə və onların idarəetmə məntəqələrinə zərbələr endiriləcəkdi. Sursat almağı unutduqları “Su-30” qırıcıları bir anda sursatlarla təchiz olunacaqdı.

Bu şərtlər altında, ehtimal ki, Xankəndini və bəlkə də Xocalını götürərdik, ancaq “Rusiyanın bitərəfliyi” olmadığı halda Ağdam, Laçın və Kəlbəcərin azadlığı üçün uzun və qanlı döyüşlər aparmalı idik.

Beləliklə, - “böyük oyunçular”, - mən burda yalnız Rusiya və Türkiyəni nəzərdə tutmuram, Azərbaycanın müharibədən əvvəl azərbaycanlı əhalinin yaşadığı işğal olunmuş ərazilərinin öz nəzarəti altına qaytarılmasına hazır idilər. Ancaq bizə ermənilərin etnik təmizləmə təcrübəsini özlərinə qarşı təkrarlamağa icazə verilməzdi. Bu, reallıqdır və buna necə yanaşmağımızdan asılı olmayaraq belədir.

Yuxarıda bu gün nəzarətimizdə olanları azad etmə fürsətinin veriləcəyinə dair şübhələrimi bildirdim. Aydındır ki, yeni və çox əhəmiyyətli itkilər olacaqdı. Ancaq bu, əsas məsələ deyil, əgər bu “qırmızı xətt”i keçsəydik, onda əsas üstünlüyümüzü - mənəvi düzgünlüyümüzü və Qarabağa olan suveren hüquqlarımızın hüquqi əsaslarını itirərdik.

Yazacağım uğursuz və uduzan ssenari qətiliklə Azərbaycanın maraqlarına uyğun gəlməzdi.

Ancaq ortaya sual çıxır, niyə qələbəmizi tənqid edənlər sakitləşmir? Bəlkə bütün bunları anlamırlar? Yoxsa bəlkə Qarabağla deyil, hakimiyyətlə maraqlanırlar?”

 

Mənbə: qafqazinfo.az