Azərbaycan Laçın dəhlizini... - Keçmiş XİN başçısı AÇIQLADI

Azərbaycan Laçın dəhlizini... - Keçmiş XİN başçısı AÇIQLADI

“Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək üçün Azərbaycan Laçın dəhlizi məsələsindən istifadə edə bilər. Yəni, İrəvana təzyiq üçün onun qapadılması mümkündür”.

Bunu Publika.az-a açıqlamasında keçmiş Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Keçmiş xarici işlər nazirinin sözlərinə görə, bu layihəni dəstəkləyən ən birinci faktor Rusiya özüdür:

“Rusiya özü bu layihəni daha çox dəstəkləyənlərdəndir. Moskva Şimal-Cənub dəhlizinin işə salınmasında maraqlıdır. Bu, Rusiya üçün vacib layihədir. Hətta bununla bağlı müəyyən işlər var idi. Rusiya-Azərbaycan-İran üçtərəfli görüşləri keçirilirdi. Astara tərəfdə bu layihənin tikintisi də başlayıb. İndi Zəngəzur dəhlizinin açılması da kommunikasiya baxımından yeni reallıqlar yaradır”.

Politoloqun sözlərinə görə, bu prosesə Türkiyənin qoşulması da çox vacibdir:

“Çünki Rusiya-Türkiyə arasındakı mal mübadiləsi, ticarəti də artıb. Bu da ona gətirib çıxarır ki, dəhliz mütləq açılmalıdır. Hazırda Bakı-Tiflis-Qars marşrutundan istifadə olunur. Amma Rusiya bu marşrutdan istifadə edə bilmir. Ona görə ki, Moskva ilə Tiflis arasındakı hazırkı münasibətlər buna maneə yaradır. İki tərəf arasındakı əlaqələr imkan vermir ki, bu tranzit tam şəkildə həyata keçirilsin. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanın “Laçın dəhlizi kartı”ndan daha çox, Rusiya özü Ermənistanı Mehridən dəhlizin açılmasına təhrik edəcək. Üstəlik, burada İranın da maraqları var”.

Ermənistan hazırda Zəngəzur dəhlizininin açılmasını bilərəkdən yubatmağa çalışır. Yəni, İrəvan olmayan yerdən nəsə qazanmaq istəyir:

“Tərəflərin çoxu bu dəhlizin açılmasının, işə düşməsinin tərəfdarıdır. Azərbaycanla yanaşı, İran, Rusiya, Türkiyə də Zəngəzur dəhlizinin açılmasını istəyir. İnanmıram ki, Ermənistan bu məsələdə uzun müddət dirənc göstərsin. Yəni, İrəvan Zəngəzur dəhlizinin açılmasını uzun müddət ləngidə bilməz”.

Mənbə: publika.az