“Yoxsulluq biabırçılıq həddindədir…” – Hesablama Palatası sədri Kremli hiddətləndirib

“Yoxsulluq biabırçılıq həddindədir…” – Hesablama Palatası sədri Kremli hiddətləndirib

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrinin son açıqlamaları Kremldə ciddi narahatçılıq doğurub.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Kudrinin açıqlamalarını “emosional təzahür” adlandırıb.

Rusiya İctimai Televiziyasına müsahibə verən A.Kudrin deyib ki, son illər ölkədə yoxsulluğun səviyyəsi xeyli artıb: “Son illərdə vətəndaşlarımızın həyat səviyyəsi aşağı enib, 12.5 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Yoxsul vətəndaşlarımızın böyük hissəsi uşaqlardır…”

“Rusiyada yoxsulluq biabırçılıq həddindədir” deyən Hesablama Palatasının sədri bunun sosial partlayışa gətirib çıxarması ehtimalının yüksək olduğunu bildirib. Kudrin həm də ölkə rəhbbərliyini siyasi iradəsizlikdə günahlandırıb: “Bizim başlıca problemimiz neftin qiymətinin enməsi, sanksiyalar və s. deyil, daxili problemlərimizdir, bir sıra addımları atmağa bacarıq, istək, bəlkə də siyasi iradənin olmamasıdır…”

O, Rusiya iqtisadiyyatının durğunluq dövründə olduğunu bildirib və hakimiyyəti son 6 ildə heç bir dəyişiklik edə bilməməkdə və ələ düşən şansları qaçırmaqda ittiham edib.

Putinin sözçüsü Peskov isə deyib ki, hakimiyyət problemlərin mövcudluğunu inkar etmir, lakin bunun şişirdilməsinin də tərəfdarı deyil. Kremlin sözçüsü yaranmış sosial problemlərin əsas səbəbini Rusiyaya qarşı kənardan edilən iqtisadi təzyiqlərlə əlaqələndirib.

Xatırladaq ki, A.Kudrin hakimiyyətdəki “Sankt-Peterburq klanı”nın əsas fiqurlarından biri sayılır. O, 11 il Rusiyanın maliyyə naziri və bir neçə il baş nazirin müavini postlarını daşıyıb. Dmitri Medvedevlə konflikti olan Kudrin onun prezidentliyi dövründə – 2011-ci ildə istefaya göndərilmişdi. 2018-ci ilin mayından Hesablama Platasının sədridir.

“AzPolitika”

Mənbə: azpolitika.info