Qarabağda Samvel Babayanın tərəfdarları fəallaşıblar

Qarabağda Samvel Babayanın tərəfdarları fəallaşıblar

Tərəfdarlar "konstitusiya" düzəlişlərinin edilməsi məqsədilə imza toplamağa başlayıblar

Dağlıq Qarabağda Silahlı Qüvvələrin keçmiş komandanı Samvel Babayanın tərəfdarları "konstitusiya" düzəlişlərinin edilməsi məqsədilə imza toplamağa başlayıblar.

S.Babayan 2020-ci ildə Qarabağda keçiriləcək "prezident" seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Ancaq Qarabağda 10 il daimi yaşamaması buna mane olur.

S.Babayanın tərəfdarlarının fəallığı rəsmi Yerevanın Qarabağın lideri postuna Araik Arutyunyanı (keçmiş baş nazirin müavini və Nikol Paşinyana loyal şəxs) irəli sürmək cəhdləri fonunda baş verir.

S.Babayan Qarabağda böyük nüfuza malikdir, lakin öz kriminal keçmişinə görə Yerevanı və Qarabağda bir çoxlarını qane etmir. Onun potensial rəqibi digər hərbçi, yerli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Vitali Balasanyandır.

 

S.Babayan və V.Balasanyan Yerevanı açıq şəkildə tənqid edirlər ki, bu da Qarabağla bağlı müəyyən sanksiyalara səbəb olub və V.Balasanyan istefa verib.

Ekspertlərin rəyinə görə, Yerevanla Qarabağ arasında münasibətlərin kəskinləşməsi qaçılmazdır və ciddi siyasi böhrana, hətta qarşıdurmaya səbəb ola bilər.

"Sasna-Tsrer" və Daşnaksütyunun timsalında radikal siyasi qüvvələr də durumu qızışdırırlar. Onlar nəinki Yerevanın, həm də beynəlxalq birliyin fikrinə zidd olaraq Ermənistanla Qarabağın birləşdirilməsini elan etməyi tələb edirlər.(Turan)

 

Mənbə: pia.az