“Amnesty International” Ermənistanı insan haqlarını pozmaqda ittiham edib

“Amnesty International” Ermənistanı insan haqlarını pozmaqda ittiham edib

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Ermənistanla bağlı 2020−2021-ci illər üzrə məruzəsini təqdim edib.

“Report” xəbər verir ki, məruzədə Ermənistanla bağlı bir sıra diqqət çəkən məqamlar yer alıb.

Məruzədə qeyd edilir ki, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət rejimi ifadə və dinc toplaşma azadlığını məhdudlaşdırıb.

Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyəti ölkədə siyasi həyəcanlara və baş nazirin istefası çağırışlarına gətirib çıxarıb, siyasi böhrana səbəb olub. Noyabrın 12-də baş verən qarışıqlıqlarda iştiraka görə 12 müxalifətçi həbs edilib. Qarışıqlıqlar zamanı baş nazirin iqamətgahı dağıdılıb, parlamentin spikeri qəzəbli kütlə tərəfindən amansızcasına döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, ölkədə hakimiyyət tərəfindən söz verilmiş məhkəmə və korrupsiyaya qarşı islahatlar dayandırılıb.

İslahatların gedişinə həmçinin Qarabağ münaqişəsi və pandemiya təsir edib. Konflikt və pandemiya iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib.

Xəstəxanalar və səhiyyə sektoru yüklənib. Onlar pandemiya və hərbi əməliyyatlar zamanı pasiyentlərin, yaralı hərbçilərin artan sayının öhdəsindən çətinliklə gəlib.

Məruzədə Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan edilmiş kassetli bombalardan istifadə etməsi, Azərbaycanın mülki insanların yaşadığı Bərdə şəhərinin atəşə tutulması qeyd edilib.

Fövqəladə vəziyyət rejimi çərçivəsində 20-dən çox insanın toplaşması və pandemiya haqqında "qeyri-rəsmi informasiya" yayması qadağan olunub. Hakimiyyət 20 nəşrə "əhali arasında çaxnaşmanın yayılmasına töhfə" verdikləri məlumatları düzəltməyə və ya silməyə məcbur etdi. Yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidlərindən sonra media məhdudiyyətləri apreldə aradan qaldırılıb.

Mənbə: report.az