Robert Koçaryan faşist Qaregin Njdenin ideoloji davamçısıdır

Robert Koçaryan faşist Qaregin Njdenin ideoloji davamçısıdır

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Ermənistandakı seçkiqabağı kampaniyasına Rusiyadan başlayıb və Vladimir Poznerə müsahibəsində cəfəng fikirlər səsləndirib. Azərbaycana qarşı hərbi cinayətdə bilavasitə iştirak edən Robert Koçaryanın həmin müsahibədə etdiyi etiraflar əslində Ermənistanın keçmiş hakimiyyətinin əsl mahiyyətinin ifşa olunması deməkdir.
Kaspi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, Koçaryan müsahibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi ilə öyünür, bu ölkənin işğalçı olduğunu, xalqımıza qarşı qətliamlar həyata keçirdiyini etiraf edir. Onu da etiraf edir ki, 1990-cı illərin əvvəllərində xalqımıza qarşı həyata keçirilən soyqırımlarının baş memarı odur. Elə öz dediklərini əsas gətirərək Koçaryanı beynəlxalq məhkəməyə cəlb etmək, onu beynəlxalq hüquq müstəvisində cəzalandırmaq mümkündür.
Cəlil Xəlilov vurğulayıb ki, Koçaryan bu müsahibəsində həm də Qaregin Njdenin faşist ideologiyasının davamçısı olduğunu göstərib. O, özünü Qaregin Njde ilə müqayisə edərək erməni ideologiyasının əsas simalarından biri kimi təqdim edib. Yəni bu ideologiyanın davamçısı olduğunu təsdiqləyib. Faşist ideologiyasının daşıyıcısı olan bu adam yenidən Ermənistan rəhbərliyinə gəlməyə çalışır. Halbuki ağlı başında olan hər bir erməni bilməlidir ki, Koçaryanın hakimiyyətə gəlişi Ermənistanı yeni fəlakətlərə düçar edəcək. Çünki bu ideologiyanın daşıyıcısı olmaqla fəxr edənin xalqına yaxşı nə isə verə bilməz. Tarix bunun həm Hitlerin, həm də Mussolininin timsalında çoxdan şahidi olub.
Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: "Təəccüb doğuran hallardan biri də müxtəlif televiziya kanallarının Koçaryan kimi cinayətkara tribuna vermələri, ondan müsahibələr almalarıdır. Məsələn, ümumbəşəri dəyərlərdən danışan Vladimir Poznerin cinayət törətdiyini etiraf edən Koçaryana tribuna verməsi anlaşılan deyil. Beynəlxalq media orqanları bu nüansa diqqət yetirməli, cinayətkarların özlərini qəhrəman kimi təqdim etməsinə, faşist ideologiyanı yaymasına imkan verməməlidir”.
Polkovnik qeyd edib ki, Koçaryan sadəcə azərbaycanlıların deyil, həm də öz soydaşlarının qatilidir və gec-tez layiqli cəzasını alacaq: "Koçaryan məlum müsahibəsində 1990-cı illərin əvvəllərində Qarabağın işğalından ağızdolusu danışır, özünün bu prosesdə mühüm rol oynadığını bildirir. Amma Koçaryan unudur ki, onun Ermənistan xalqının uğuru kimi təqdim etdiyi işğal ölkəsi üçün fəlakətli nəticələrə səbəb oldu. Qırx dörd günlük Vətən müharibəsində işğal altındakı torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edən şanlı Azərbaycan Ordusu Ermənistanın hərbi potensialının 80 faizini sıradan çıxardı. Nəticədə həm də Azərbaycan torpaqlarına soxulan minlərlə erməni hərbçisi məhv edildi. Əgər vaxti ilə Koçaryanın rəhbərlik etdiyi Ermənistan öz işğalçılıq siyasətindən əl çəksəydi, bütün bunlar baş verməzdi. Lakin o vaxt həm Koçaryan, həm də onun ətrafındakı faşist düşüncəli şəxslərin avantürist siyasəti nəticəsində Qarabağ işğal olundu. Otuz ildən sonra erməni hərbçiləri Koçaryanın, öz hərbi-siyasi liderlərinin bu cinayətinin əvəzini öz həyatları bahasına ödədilər. Bu isə o deməkdir ki, Koçaryanın əli yalnız Azərbaycan xalqının deyil, həm də ermənilərin qanına batıb. İnanıram ki, Koçaryan və digər faşist cəlladları ən qısa zamanda məsuliyyətə cəlb olunacaq, onlar törətdikləri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcəklər”. (Azərtac.az)


 

Mənbə: kaspi.az