Lukaşenko İlham Əliyev haqda: “Mənim qardaşım tərəfdən qisas olmayacaq”

Lukaşenko İlham Əliyev haqda: “Mənim qardaşım tərəfdən qisas olmayacaq”

Belarus, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmanı səmimi qəlbdən alqışlayır.

Virtualaz.org “BelTA”ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra jurnalistlərlə görüşündə deyib.

“Biz Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmaları səmimiyyətlə alqışlayırıq. Bu, mühüm siyasi qərardır və bu qərar regionda möhkəm sülhün əsası olmalıdır. Mən bu münasibətlə - 30 il davam edən bu dəhşətli faciənin sona çatması münasibətilə, - Azərbaycan xalqını və Ermənistan xalqını təbrik etmək istəyirəm”, - deyə A.Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, onun mövqeyini həm Azərbaycanda, həm də Ermənistanda bilirlər.

“Allah eləsin ki, bu bəla düzəlsin, erməni və Azərbaycan xalqlarının qəlbində və ürəyində hansısa qəlpələr olmasın. Əminəm ki, dostum və qardaşım tərəfindən heç bir hesablaşma, intiqam olmayacaq”, - Belarus Prezidenti vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərdə etimad tədbirlərini gücləndirməyi hədəfləyir: "Biz ümid edirik ki, Belarus bizim dostumuz, etibarlı tərəfdaşımız kimi təkcə ərazilərin bərpasında fəal iştirak etməyəcək. Ermənistanın tərəfdaşı olan Belarus Aİİ-nin və KTMT-nin üzvü olan ölkədir və Azərbaycanın yaxın dostu olan ölkə kimi Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulmasında da mühüm rol oynaya bilər".

 

Mənbə: virtualaz.org