Təsəvvür edə bilməyəcəyimiz ucalıq - Şəhid kapitan 30 yaşını Tanrının cənnətində qeyd edir...

Bu gün şəhid kapitan Rəşad Əliyev 30 yaşını Tanrı dərgahında doldurdu...

Hüseyn Hüseynli yazır...

Orda bir igid uçmağa varmış
Burda insanlar mal-mülk hərisliyinə yenilmiş.

Dünyanın işi beləymiş: biriləri saf, təmiz körpə kimi dünyaya göz açır, başqa biriləri günahkar olaraq dünyadan köçür; biriləri dünyanı tutub durmağa hazır, başqa biriləri yoxsulluğuna şükür etməkdə; birilərinin gözü doymur, başqa biriləri ac olsa da, tox görünür, payını bölüşür; biriləri sağlam olsa da, canından şikayətçidir, başqa biriləri xəstə yatağında ətrafına ümid saçır; biriləri dünyanın ən bahalı otellərində gecələyir, ən bahalı maşınlarında gəzir, başqa biriləri başını yastıq deyə qayalara qoyur, yorğan deyə qarı üstünə çəkir, on günlük məzuniyyətə gələndə taksiyə verməyə pulu olmur, sevdiklərinə hədiyyə elə özünün gəlişi olur. Bu gərdiş həmişə belə gəlib, belə də gedəcək. Amma əsas məsələ bu deyil, əsas məsələ odur ki, tarixin səhifələrinə kim və nə yazılacaq?! Orada nə yazılacağını hər birimiz çox yaxşı bilirik.

Tarixə kişilərin və kişiliklərin adı yazılacaq. Nə qədər o səhifələrdən həqiqətləri qaçırtmaq istəsək, alınmayacaq. Biriləri bir küncdə oturub sakit, səsizcə, heç bir təmənna güdmədən həqiqətləri yazacaq. Bu biz insanların hesabıdır. Heç Tanrının hesabını düşünən oldumu, heç bir gün Allahın dərgahına çıxacağını hesab edən oldumu? Çox güman ki, olub və yəqin ki, hər kəs özünə haqq qazandıran təsəllilər uydurub, həmin günə hazırlığını görüb.

Amma bu gün bizim məsələmiz bu deyil. Bizim məsələmiz 30 il bundan əvvəl saf, təmiz körpə kimi dünyaya göz açıb, saf və təmiz qalmaq üçün mücadilə edənlərdən və bu yolda canını belə əsirgəməyənlərdir. Onlar ucalmağı hədəfləyənlər və buna nail olanlardır. Onlar yalan dünyada həqiqət tapan, onu hər kəsə göstərən qəhrəmanlardır.

Qəhrəmanlıq öz vəzifəsini namusla yerinə yetirmək deyil (zatən hər kəs öz vəzifəsini namusla yerinə yetirməlidir). Qəhrəmanlıq öz vəzifəsini aşmaqdır, düşünmədən sahib olduğun, inandığın dəyərlər uğuruna canını ortaya qoymaqdır.

Bu gün Şəhid kapitan Rəşad Əmiralı oğlu Əliyevdən danışmaq istəyirəm. Rəşad mənim gözümdə uşaq kimi qalan və bizdən xəbərsiz, sakitcə böyüyüb Vətənin namusunu çəkən kişi kimi qalacaq. Sən nə vaxt böyüyüb də Vətən namusu çəkən bir kişi oldun?! Kişiliyi bizmi səndən öyrənməli idik, yoxsa sənmi bizdən? Gecə-gündüz bu suala cavab axtarıb utancımdan əzab çəkirəm. Amma sən yəqin ki, bizdən çox-çox ucalarda dayanıb dar düşüncəli, çirkab bataqlığında çabalayan bizlərə gülümsəyirsən. Biz bunu anlaya bilmərik, sənin məqamını təsəvvür edə bilmərik.

“Bütün şəhidlər mənim balamdır” deyən Əmiralı kişi ilə minlərlə insana oxuyub-yazmaq öyrədən Rəfiqə müəllimənin yetişdirdiyi kişi sənin kimi ola bilərdi. Bu əsaləti ancaq belə əsil valideynlərdən almaq olardı. Allah millətimizi belə valideynlərdən əskik etməsin. Torpağa oğul verib onu müqəddəsləşdirən ata-analar nə qədər varsa, bu millət də bir o qədər var olacaqdır.

Çox maraqlıdır ki, hər 30-40 ildən bir millətimizin başına böyük faciələr gəlir və hər faciədə də igid oğularımız, millətin qaymaqları şəhidlik məqamına yüksəlir. Amma tükənmirik, yenidən üz bağlayır və qaymaqlanırıq. Çünki mərd oğullar dünyaya gətirməkdən usanmayan analarımız, əsil kişilər tərbiyə edən atalarımız var.
Bu gün – 17 aprel 2021-ci ildə Şəhid kapitan Rəşadın 30 yaşı tamam oldu. Məzarı başında Onu təbrik etmək qismət olmadı, dünya işləri cənnətməkan şəhidimizi ziyarət etməyə mane oldu. Dünya yenə, həmişəki kimi, bizi öz acımasız qanunlarına tabe etdi. Biz də ondan qorxduq. Dünya ilə savaşan kişilərin nümunəsi bizə dərs olmadı.

Rəşad qardaşına “ya şəhid olacam, ya da general” demişdi. Yəni şəhidlik zirvəsinə ucalmasam, azından general olacam demək istəmişdi. Arzusuna çatdı şəhidim. Ucaldı, uçmağa vardı.

Məndən 12 yaş kiçik olan bu böyük ürəkli kişini – xalam oğlu Rəşadı çox yaxından tanıya bilməmişdim: məktəbi bitirən kimi hərbi təhsil və kəşfiyyat komandiri kimi Vətənə xidmət vəzifəsi onu tanımağımıza fürsət vermədi. Amma bir gün toyuna dəvət aldıq, müqəddəs bayrağımızla bəzənmiş şadlıq sarayı və onların arasında bəylə gəlin, bir də öz toyunda şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi. Aman Allah, öz dava yoluna bu qədər sadiqlik, öz yolunu bu qədər aydın və dəqiq cızmaq ancaq ucakönüllü bir kişiyə nəsib ola bilər.

Sənin yerin yəqin ki, çox ucadır. Biz təsəvvür edə bilmədiyimiz qədər uca. İndi biz günahkar zavallılar sənə necə deyək ki, “yerin uca olsun, Allah rəhət etsin”, haşa. Biz səndən üzr diləyə bilərik: atasız qalan gül balalarına, məğrurluğundan göz yaşlarını gizlədən ata-anana və xoşbəxtliyi əlindən alınmış ömür-gün yoldaşına görə. Bağışla bizi şəhidim! Bu gün görüşünə gələ bilmədiyim, məzarına baş əyə bilmədiyim üçün bağışla! Və bu yazını doğum gününə çatdıra bilmədiyim üçün bağışla! Allah ... bizə rəhm etsin!

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Belçika Hörmüz boğazına hərbi gəmi göndərdi

SONRAKI XƏBƏR

“Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi“