Böyük Britaniya Qara dənizə hərbi gəmilər göndərir

Böyük Britaniya Qara dənizə hərbi gəmilər göndərir

Böyük Bitaniya Ukrayna və NATO müttəfiqləri ilə həmrəylik nümayiş etdirmək üçün may ayında Qara dənizə öz donanmasının iki gəmisini göndərmək niyyətindədir. Bu barədə "Sunday Times" yüksək rütbəli mənbələrə istinadən xəbər verir.
Raketlə silahlanmış iki gəminin Bosfor boğazından Qara dənizə keçməsi gözlənilir. "Kraliça Elizabet" təyyarədaşıyan gəmisi isə onlara dəstək olmaq üçün Aralıq dənizində qalacaq.
İngiltərə Müdafiə Nazirliyinin nümayəndəsi bu məlumatı şərh etməyib. Amma London və müttəfiqləri "Ukraynanın suverenliyini və ərazi bütövlüyünü" qeyd-şərtsiz dəstəklədiklərini bəyan ediblər.
Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki esminesin aprel ayının ortalarında Qara dənizə göndərilə biləcəyi barədə məlumatlar yayılmışdı. Ancaq "Sunday Times" qəzetinə görə, Prezident Co Bayden Rusiya ilə əlavə gərginliyin qarşısını almaq üçün əmri ləğv edib.
Türk mediası da ABŞ-ın gəmilərin Boğazdan keçməsi üçün müvafiq müraciəti geri götürdüyü barədə xəbər paylaşıb.
Amma ABŞ rəsmi olaraq Qara dənizə gəmilər göndərmə planları və ya istifadədən imtina ilə bağlı heç bir açıqlama verməyib.
İndi Qara dənizdə - Rusiya ilə Ukrayna arasında kəskinləşən münasibətlər fonunda - Qara Dəniz Donanmasının gəmilərindən əlavə, Şimal və Xəzər Dəniz Donanmasının gəmilərinin əlaqəsini də əhatə edən Rusiya donanmasının böyük bir qruplaşması da var. Həmin gəmilərlə təlimlər keçirildiyi deyilir.
Təlimlər bəhanəsi ilə Rusiya oktyabr ayına qədər xarici hərbi gəmilərin, o cümlədən Ukrayna gəmilərinin Kerç boğazından keçməsinə qadağa qoymuşdu. Kiyev bu qərarı qanunsuz hesab edir.
 

Mənbə: teref.az