Mühəndis Qoşunları İdarəsinin rəisi: "Çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik"

Mühəndis Qoşunları İdarəsinin rəisi: "Çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik"

İstənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Ümumiyyətlə, mina problemi dünyada qlobal təhlükə sayılır. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalayıb. 44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bildirib: "Müharibədən sonra bir çox azərbaycanlı şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb... Ermənistan bu günə qədər mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik". Mövzunun aktuallığını nəzərə alaraq Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovla görüşüb, onun təhlükəsizlik tədbirləri, eyni zamanda, görülən işlərlə bağlı geniş söhbətini, Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan Ordusunun istehkam bölmələrinin rolu və perspektivləri barədə fikirlərini qələmə aldıq.

Vətən müharibəsində qələbənin qazanılmasına böyük töhfələrini verən istehkam bölmələrimizin rolundan danışan idarə rəisi general-mayor Anar Kərimov bildirdi ki, mühəndis qoşunları üçün zəruri hallar yolların, ehtiyac olan istiqamətlər üzrə marşrutların təhlükəsiz vəziyyətdə istismarının təmin olunması, ilk növbədə qoşunların azad olunmuş ərazilərdə təhlükəsiz hərəkətinin təmin edilməsi, çıxılmış hədlərə, yəni, azad olunmuş ərazilər geridə qalmaq şərtilə dövlət sərhədi boyunca lazım olan və təyin olunmuş istiqamətlər üzrə bölmələrin tərtiblənməsinin və təhlükəsizliyinin təmin edilməsidir. “Buna görə də istər minatəmizləmə, istər maneələğvetmə (onların müəyyən tapşırıqlarına və funksional vəzifələrinə görə adlarında da fərq var), istərsə də xüsusi minatəmizləmə mühəndis-istehkam bölmələrinin eyni zamanda işlərə cəlb olunması bir nömrəli tapşırıq idi. Əvvəlki təmas xətti ilə yanaşı, düşmən geri çəkilərkən də çoxlu sayda maneələr qurmuş, körpüləri, yolayrıcılarını, dar keçidləri minalamışdı. Düşmən körpünü partladır, suyun sağ və sol tərəfindən keçmək imkanı olan yerləri də minalayırdı. Onlar mümkün olan qədər daha çox ərazidə istehkam işləri aparmışdılar. Qubadlı, Kəlbəcər, Laçın istiqamətlərində, dağlıq bölgələrdə belə bu əngəlləri qurmuşdular. Bütün bunlara baxmayaraq bölmələr irəlilədikcə onların yerləşdiyi, cəmləşdiyi rayonlar yoxlanılır və təhlükəsizliyin təmin olunması işinə xüsusi diqqət yetirilir və tapşırıq ən yüksək səviyyədə icra olunurdu. Ali Baş Komandanımızın göstərişi əsasında ərazilərin mina sahələrindən və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində ciddi işlərə başlanıldı. İşlərin sürətlənməsi baxımından bu sahə ilə bağlı Dövlət Komissiyası da yaradıldı. Bu məsələdə söhbət təkcə mina sahəsinin təmizlənməsindən getmir, eyni zamanda, döyüş əməliyyatları gedən ərazilərin sursatların qalıqlarından, partlamamış sursatlardan təmizlənməsindən gedir. Bütün bunlar müəyyən qədər təhlükələr yaradır."

İdarə rəisi müharibədən sonra quruculuq işlərində mühəndis bölmələrinin xüsusi fəaliyyətindən də söz açdı: "Ölkə rəhbərinin göstərişi əsasında işğaldan azad olunmuş rayonlarımızda infrastrukturlar yaradılır. Məsələn, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə Füzuli şəhəri yaxınlığında yerləşən hava limanında tikinti işlərinin aparılması məqsədilə ərazinin yoxlanılması həvalə olunub. Bugünkü günə qədər olan məlumata görə, hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib. Ərazidə yoxlama işləri aparılarkən xeyli sayda sursatlar aşkarlanıb. Halbuki o ərazilər təmas xətti deyildi. Təmasdan dərində idi. Bundan başqa, Zəfər yolu inşa olunur. O Zəfər yolu ki, müharibə vaxtı Şuşanın alınması ərəfəsində bizim mühəndis qoşunlarının böyük fədakarlığı, qəhrəmanlığı nəticəsində kolon yolu kimi açılaraq qoşunların irəliləməsini təmin etmişdi.

Müharibə bitdikdən sonra cənab Prezidentin göstərişi əsasında mühəndis-istehkam taborları yaradılıb. Onlardan biri xüsusi minatəmizləmə taborudur. Artıq o tabor bu gün işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli rayonlarında həm texnikası, həm də şəxsi heyəti ilə fəaliyyətdədir. Bununla bağlı çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik. Orada şəxsi heyət çeşidli kurslara - əldə hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi, xüsusi minatəmizləmə kurslarına cəlb olunub. Paralel olaraq Türkiyədən mütəxəssisləri dəvət edərək öz mütəxəssislərimizlə, zabitlərimizlə birlikdə hazırlıq kursları təşkil etmişik. Bütün bunlar işğaldan azad olunan torpaqlarımızın minalardan və partlamamış sursatlardan təmizlənməsi işinə böyük töhfə verəcək. Şəxsi heyətin daha geniş masştabda fəaliyyət göstərməsi onun peşəkarlığının artması deməkdir."

General-mayor Anar Kərimov qürurla bildirdi ki, ordumuzun mühəndis-istehkam bölmələri bu gün verilən tapşırıqları bacarıqla, yüksək peşəkarlıqla yerinə yetirirlər. "Mühəndis qoşunları elə bir qoşun növüdür ki, müharibə zamanı da, müharibə bitdikdən sonra da fəaliyyəti göz önündə olur. Vətən müharibəsi bitdiyi gündən bölmələrin tərtiblənməsi, lazım olan istiqamətlərdə qərara uyğun şəkildə onların yerləşməsi və istehkam dəstəyi, yolların, göstərilən marşrutların təhlükəsizliyinin təmin olunması həyata keçirilir. İstər müharibənin gedişi zamanı, istərsə də müharibədən sonra bütün dövlət qurumlarına istehkam dəstəyi göstərirdik. Hazırda da bu işlər birlikdə davam etdirilir. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizdə su mənbələrimiz var. Bu, çox vacib məsələdir. Bəndlərin yoxlanılması, kanalların təmizlənməsi icra olunur. Bütün sferalardan hansı tapşırıqlar gəlirsə, onun üzərində dərhal işlənilir, qüvvələr ayrılır və onlara nəzarət olunur. Bu gün əsas məqsədlərimizdən biri də daha geniş spektrdə minatəmizləmə fəaliyyəti başladığı üçün bu təcrübəni təkmilləşdirib tədris müəssisələrində həm kiçik zabitlərimizi daha hazırlıqlı etmək, həm də gələcəkdə bunu yeni gələn nəsillərə öyrətməkdir."

İdarə rəisi bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi və Müdafiə nazirinin əmrinə əsasən, hazırda Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən respublikamızın işğaldan azad olunmuş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənməsi, partlayıcı vasitələrin və qurğuların axtarılması tapşırığı yerinə yetirilir. "Verilmiş əmrə əsasən mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma torpaqlarına köçməsi üçün hərəkət yolları, hava limanı, əkin sahələri, su anbarları və digər infrastruktur və kommunikasiya xətləri yaradılacaq ərazilər şəxsi heyət tərəfindən axtarılır və təmizlənir. Bu günədək Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən 4729 (rəqəmlər hər gün dəyişir) hektar ərazi minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənib. Minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün təyin edilmiş ərazi sahəsi xəbərdaredici nişanlarla hasara alınır. Minalardan tam təmizlənmə tapşırığı alan şəxsi heyət qoruyucu istehkam jiletləri ilə təchiz edilir. Gündəlik olaraq qrup rəhbərləri tərəfindən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Görülən tədbirlərə uyğun olaraq tapşırıq yerinə yetirilərkən bir yerə toplanmamaq, keçidlərdən kənar və yoxlanılmamış yerlərdə gəzməmək, minanın varlığını bilmədən qabaqcadan yoxlanılmamış məftili və başqa partlamayan maneələri yerindən tərpətməmək, irəli, geri çəkməmək, ancaq keçid və cığır işarələri ilə işarələnmiş sahələrdə hərəkət etmələri tapşırılır."

General xidmətə uyğun təhlükəsizlik təbdirlərindən danışarkən bu istiqamətdə vahid qaydaların mövcudluğunu qeyd etdi: "Şəxsi heyətin idarə olunması, mühəndis bölmələrinin tapşırıqları üzrə fəaliyyəti, o cümlədən taktiki-xüsusi fəaliyyətini yerinə yetirməsi üçün bütün ədəbiyyatlarımız, Müdafiə nazirinin əmr və qərarları mühəndis qoşunlarında var. Nəzəri və təcrübi biliklərin şəxsi heyətə komandir hazırlığı zamanı və döyüş hazırlığı prosesində öyrədilməsi davam etdirilir. İstehkam birliklərimizdə şəxsi heyət mühəndis maneələrinin dəf edilməsi və onlarda keçidlərin açılması zamanı təhlükəsizlik tədbirlərini, mina-partlayış maneələrinin kəşfiyyatı zamanı təhlükəsizlik qaydalarını təlimata uyğun öyrənir və tapşırıqları həyata keçirir. Bundan başqa, keçidlər hazırlananda və ərazi minalardan tam təmizlənəndə təhlükəsizlik tədbirləri nəzərdə tutulan şərtlərlə tənzimlənir. Mina təhlükəsizliyinin təmin olunmasında peşəkarlıq əsas şərtdir. Bu gün təhlükəsizlik birinci növbədə qarşımıza tapşırıq şəklində qoyulub. Əlbəttə ki, bütün işlər yerinə yetiriləcək, amma maksimum şəkildə biz şəxsi heyəti qorumalıyıq. Bilirsiniz ki, bunun üçün cənab Prezidentin göstərişiylə 20 ədəd xüsusi mexaniki minatəmizləmə texnikası alınıb. Əminliklə deyə bilərəm ki, bu texnikalar quruculuq işlərinə böyük töhfələr verəcək. Artıq 2 ədəd "MEMATT" markalı mexaniki minatəmizləmə texnikası Füzuli və Ağdam bölgələrində işləri yerinə yetirir. Bu texnikanın gündəlik gördüyü işlərin hesabatını alırıq. Biz də bu məlumatları Dövlət Komissiyasına, mərkəzə çatdırırıq. Bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur. Bu işlərə cəlb olunan şəxsi heyətin təhlükəsizliyi baxımından onlar dünyanın ən müasir avadanlıqları ilə də təmin ediliblər. Bu, minaaxtaranlar rahat işləmək üçün selektivdir, effektivliyi həddən artıq çoxdur, həssasdır. Ən xırda metal parçası olduğu halda belə onu aşkarlayır. Hazırda istifadədədir. Döyüş əməliyyatları zamanı da bu minaaxtaran avadanlıqlarından geniş istifadə olundu və öz lazımi bəhrəsini verdi."

Söhbətinin sonunda idarə rəisi xüsusi olaraq onu da vurğuladı ki, dünyanın aparıcı orduları mühəndis qoşunlarını, istehkam sinfini birinci kateqoriyalı sinif kimi qəbul edir. "Hərb tarixindən bilirik ki, bu taborlara pioner taborları deyiblər. "Pioner" sözü isə öndə gedən deməkdir. Mühəndis qoşunlarında daima innovativ fikirlər və yenilənmələr olması əsas şərtdir. Artıq Azərbaycan Ordusunun gələcəkdə dünyanın bir çox ordularına deyə biləcəyi, örnək gətirə biləcəyi və hətta tarixə düşəcək nümunələri var. Vətən müharibəsində düşmənin yaratdığı əngəl və maneə sistemini yararaq, qarışıq, birlik əməliyyatının icra olunmasında, qoşunların hərəkət qabiliyyətinin bu formada saxlanılmasında, Zəfər yolunun çəkilməsi və nəticədə hədəfə gəlib çataraq torpaqlarımızın azad edilməsində Azərbaycan Ordusunun mühəndis qoşunlarının örnəkləri, nümunələri hədsiz çoxdur və bu da hərb tariximizə qızıl hərflərlə yazılacaq."

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
 

 

Mənbə: ordu.az