Minsk qrupu bu ali reallığı qəbul etməlidir - Politoloq

Minsk qrupu bu ali reallığı qəbul etməlidir - Politoloq

Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində hökm sürən narazılıq davam edir.

Bunu Publika.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Şərhçi qeyd edib ki, uzun illər ərzində ATƏT-in özü də siyasi təşkilat olaraq gözləntiləri doğrultmadı:

“Hətta zaman-zaman siyasi təzyiq vasitəsi kimi ATƏT-in müxtəlif platformalarından erməni lobbisi yararlanmağa çalışıb. ATƏT DTİHB ölkələrdəki seçkilərlə bağlı heç vaxt ədalətli rəylər verməyib”.

ATƏT-in Minsk qrupunun cəmiyyət tərəfindən etirazla qarşılandığını bildirən ekspert vurğulayıb:

“Bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın bahalı hotellərdə qalaraq yeyib-içdiklərini qeyd etməyi də bu məsələdə nə qədər haqlı olduğumuzu göstərir. Hoqland deyir ki, biz beşulduz hotellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalana bilən mötəbər adamların yerləşdirildikləri mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi”.

T.İsmayılov əlavə edib ki, Hoqlandın “Lavrov planı” haqda yazdıqları da Minsk qrupuyla bağlı narazılığın haqlılığını bir daha sübut etdi:

“Plan açıqlananda mən nəcib həmkarım rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O, açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərəfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir. Bütün bu məsələlərdən sonra Minsk mandatından kənar və Ermənistandakı revanşizmi körükləyən açıqlaması birmənalı olaraq qəbuledilməzdir”.

Ekspert bildirib ki, Azərbaycan beynəlxalq hüququ təmin edib, Minsk qrupu da, bütün beynəlxalq təşkilatlar da bu ali reallığı qəbul etməlidir.

Mənbə: publika.az