Uyğurlara qarşı soyqırım - Bu günə qədər bilmədiklərimiz nədir? - ƏTRAFLI

Son vaxtlar Çin hökuməti tərəfindən Orta Asiyanın onlara bağlı ərazisində, yəni Sincan Uyğur muxtar bölgəsi (Xinjiang Uighur Autonomous Region – XUAR) deyilən inzibati bölgədə yerli əhali olan uyğurlara, qazaxlara və s. müsəlman azlıqlara qarşı həyata keçirilən təzyiqlər, insan hüquqlarının pozulması hallarına dair məlumatlara dünya mediasında mütəmadi olaraq yer verilir. Əsas etibarilə uyğur vs. müsəlman vətəndaşların kütləvi şəkildə “terrorçuluğa və separatçılığa qarşı mübarizə”, “siyasi təlim”, “peşə təlimi”, “Çin dilini öyrətmək” adı ilə bu məqsədlə 2016-cı ildən tikilmiş xüsusi toplama düşərgələrində saxlanılaraq müxtəlif cismani və mənəvi işgəncələrə, təhqirlərə, pis rəftara məruz qaldıqları bildirilir. Bu məsələ həmçinin rəsmi səviyyədə, yəni ayrı-ayrı Qərb dövlətlərinin, beynəlxalq təşkilatlarının qəbul etdikləri rəsmi sənədlərdə əksini tapıb. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, 2017-ci ilin aprel ayından 2018-ci ilin dekabr ayınadək həmin düşərgələrə azı 800 min nəfər göndərilib. O cümlədən müsəlmanların öz dini etiqadlarını ifadə etmələri, hətta baş örtüyü taxmaq və ya uzun saqqal saxlamağın, dövlətin ailə planlaşdırma siyasətini pozaraq üçdən artıq övlad sahibi olmağın, yaxud məsələn, vətənpərvər məzmunlu türk dizisinə baxmağın həmin düşərgələrə düşmək üçün əsas olduğu bildirilir. Çindən ötürülmüş bəzi sənədlərə, habelə “təlim mərkəz”lərində olub çıxan şəxslərin dediklərinə istinadən orada insanların soyuq kameralarda saxlamaq, ayrıca kamerada ac-susuz saxlamaq, sağlamlığa zərərli müalicə tədbirləri, sonsuzlaşdırma, cinsi istismar kimi işgəncələrə məruz qalmaları, beyinlərinin yuylması, milli və dini hisslərin alçaldılması, insan ləyaqətinin təhqir olunmaları irəli sürülür.

Vaşinqtondakı Newlines Institute for Strategy and Policy – Newlines Strategiya və Siyasət Institutu adlı düşüncə mərkəzi tərəfindən cari ilin mart ayının 9-da dərc edilmiş və 50-dən artıq ekspertin imzaladıqları hesabatda isə Çin hökumətinin həmin regionda BMT Soyqırım Konvensiyanın bütün bəndlərini pozduğu, 2014-cü ildən sözügedən bölgədə hökumətin islamçı ekstremizmə qarşı mübarizə kampaniyası çərçivəsində 1 milyon ilə 2 milyon arasında vətəndaşın 1400-dək həbs mərkəzinə salındığı bildirilir. Mart ayında ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı Sincan bölgəsində insan hüquqlarının pozulması, o cümlədən məcburi işlətmək, kütləvi şəkildə təcrid düşərgələrinə salmaq, məcburi sonsuzlaşdırma, uyğur irsinin qəsdən məhv edilməsi ilə bağlı Çin rəsmiləri, o cümlədən Sincan İstehsalat və Tikinti Korpusu partiya komitəsinin katibi Vanq Cunjenq və Sincan İctimai Təhlükəsizlik Bürosu direktoru Çen Minqquo barəsində sanksiya tətbiq ediblər. ABŞ dövlət katibi Antoni Blinken də Çin hökumətinin uyğurlara qarşı siyasətini soyqırım olaraq dəyərləndirib.

 

Çin hökuməti ittihamları rədd edərək “təkrar təlim mərkəzləri”nin fəaliyyətini bir neçə il bundan əvvəl Sincanda (Xinjiang, yaxud Sinkiang “yeni hüdud” mənasını daşıyan müstəmləkəçi addır), ölkənin başqa bölgələrində törədilmiş silsilə terror hücumları ilə əsaslandıraraq terrorçuluğun qarşısını almaq məqsədi daşıdığını irəli sürür.

Məlum olduğu kimi, ilk dəfə 1977-ci ildən ABŞ prezident Cimmi Karter administrasiyası tərəfindən xarici siyasətdə geniş miqyasda qabardılmağa başlanmış insan hüquqları məsələsi əksər hallarda Qərb ölkələri tərəfindən siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Bunu elə Avropa İttifaqı və ayrı-ayrı ölkələr tərəfindən Türkiyəyə qarşı qəbul etdikləri qərəzli qətnamələrin timsalında aydın görmək olar. Eyni zamanda Qərb ölkələrinin müttəfiq saydığı İsrail, Səudiyyə Ərəbistanı vs. ölkələr tərəfindən insan hüquqlarının pozulması hallarının əksər hallarda üstü vurulmur. ABŞ ilə Çin arasında münasibətlər uzun müddətdir soyuqdur. Belə ki, ABŞ bu ölkəni Rusiya, İran, Şimali Koreya ilə yanaşı milli təhlükəsizliyinə mühüm təhdid olaraq görür və bunu dəfələrlə rəsmi səviyyədə bəyan edib. Həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Çinin “haqsız ticarət təcrübələri” və “əqli mülkiyyət oğurluğu”na son qoymağın vacibliyini bildirərək bu ölkəyə qarşı sərt tariflər və s. ticarət bəndləri tətbiq etməyə başlayıb. Bu addımların Çinlə ticarətdəki kəsiri aradan qaldırmaq, həmçinin bu ölkəyə ABŞ texnologiyaları axınının qarşısını almaq məqsədilə atıldığı bildirilmişdi. Çinin sürətlə artan iqtisadi, texnoloji, hərbi gücündən, qonşu ölkələrə dair gücə əsaslanan siyasətindən narahatlığını gizlətməyən ABŞ hökuməti müxtəlif vasitələrə əl atır, o cümlədən rəsmi olaraq Çinin əyaləti sayılan, amma faktiki hələ 1949-cu ildən bu yana ayrıca dövlət qurumu kimi fəaliyyət göstərən Taivan – Çin Taypeyinə (Chinese Taipei) hərtərəfli dəstəyi artırır, Honq Konqda da Böyük Britaniya ilə yanaşı Çinə qarşı hərəkatlara rəvac verir.

Eyni məqamlar soyqırım hüquqi anlayışının tətbiqində də özünü göstərir. Bunu 1915-ci ildəki məlum hadisələrlə bağlı uzun illərdir beynəlxalq miqyasda aparılan qərəzli və birtərəfli təbliğatların hədəfinə çevrilmiş Türkiyə, son vaxtlar isə Azərbaycan yaşayır. Belə ki, Osmanlı dövlətində həmin vaxt guya hansısa erməni soyqırımı törədilməsinə dair Türkiyəyə qarşı yönələn ittihamların sırf siyasi təzyiq vasitəsinə çevrilməsi göz qabağındadır. Elə ABŞ-da hər il 24 aprel günü prezidentin bununla bağlı müraciəti ətrafında süni çaxnaşma və şou yaradılmasını yada salsaq məsələnin mahiyyəti əyan olur.

Sadalananlar nəzərə alaraq Çində baş verənlərlə bağlı beynəlxalq miqyasda aparılan kampaniyalarda daha çox siyasi xarakter daşıdığı qənaətinə varmaq heç də çətin deyil. Belədə müəyyən mübaliğə və şişirtmələrə yol verilməsi heç də istisna deyil.

Lakin bu ehtimalı rəhbər tutaraq arxayınlaşmağa yetərincə əsas olmadığına dair müəyyən ciddi dəlillər üzə çıxır. Aprelin 7-də Çinin rəsmi “Xinhua” İA-sında yerləşdirilən “Xinjiang busts separatist criminal qroup”, yəni “Sincan separatçı kriminal qrupunu zərərsizləşdirdi” sərlövhəli xəbərdə bölgənin təhsil sektorunda “separatçı kriminal qrupunun ifşa olması”ndan bəhs edilir. Həmin “qrup”un lideri, əyalət təhsil departamentinin sabiq direktoru, hazırda 73 yaşda olan Səttar Savud 2002-ci ildən etibarən 13 il ərzində nəşr edilmiş ibtidai və orta məktəblər üçün “azlıq dilindəki kitabların mətninə etnik separatçılıq, zorakılıq, terrorçuluq, dini ekstremizm məzmunları” hazırlanaraq salınmasına rəhbərlik edirmiş. Həmin mətnlərin təsirilə də bir neçə şəxs 2009-cu il iyulun 5-də və 2014-cü il aprelin 14-də Ürümçi şəhərində terror hücumlarında iştirak etmiş (bölgənin inzibati paytaxtı Ürümçi şəhərində 2009-cu ildə baş vermiş iğtişaşlar zamanı 200-dək insan ölmüşdü), yaxud “keçmiş kolec müəllimi İlham Tohtinin rəhbərlik etdiyi separatçı qrupunun başlıca üzvlərindən olublar”. Bunlar azmış kimi, o, rəsmi vəzifəsində bütövlükdə 15,05 milyon yuan (2,3 milyon dollar) məbləğində rüşvət də alıbmış. Sincan Ali Xalq Məhkəməsinin sədr müavini Vanq Lanqtao mətbuat konfransında bildirib ki, Səttar bəy “separatçılıq, rüşvət vermək və bir sıra başqa cinayətlər”də təqsirkar biilnərək iki illik möhlət şərtilə edama məhkum edilib.

Xəbərin yazılma üslübu bizim Sovet dövrünü görmüş orta və yaşlı nəsilə də tanış olan, Stalin dövründə “xalq düşməni” olaraq damğalananları “ifşa” edən qəzet xəbərlərinin tərzinə bənzəyir. Zahiri cəhətdən terrorçulara qarşı tədbirlərdən bəhs edilsə də, açıq-aşkar komunist partiyasının ideologiya ilə məşğul olan idarələrinin məhsulu olduğu sezilən basmaqəlib ibarələr, uzun illər ərzində dərs kitablarında “ziyanlı” mətnlər saxlanılmasının məntiqi cəhətdən suallar doğurması, dərs kitablarının birbaşa teror hücumlara bağlanması bu cinayət işinin əslində hüquqi yox, siyasi xarakter daşıması, yəni qurama və saxta olması təəssüratı yaradır.

Xəbərdə “keçmiş kolec müəllimi” kimi təqdim olunan İlham Tohti isə tanınmış iqtisadçı alim, Pekindəki Mərkəzi Millətlər Universitetinin professoru, ictimai xadim, dünya şöhrətli hüquq müdafiəçisi, uyğur xalqının hüquqlarını müdafiə etdiyinə görə rejim tərəfindən saxta separatçılıq ittihamı ilə 2014-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. Avropa Parlamentinin 2019-cu il üçün “Saxarov Düşüncə Azadlığı Mükafatı”na layiq görülüb.

Bununla yanaşı Sincan Ədliyyə Departamentinin sabiq rəhbəri, Siyasi və Qanunçuluq Komitəsinin sabiq sədr müavini Şirzad Bəvdun da separatçılıq və rüşvət vermək maddələrilə, o cümlədən BMT tərəfindən terrorçu qruplar siyahısına daxil edilmiş “Şərqi Türküstan İslam Hərəkatı” ilə əlbir olmaqda təqsirlənərək də iki illik möhlətlə edama məhkum edilib.

Ənənəvi olaraq milli azlıqlara təkəbbürlə baxan Çin şovinist hökuməti “terrorçuluqla mübarizə”ni əlində bayraq edərək ölkənin ən iri milli azlıqlardan olan bütöv bir xalqı amansız şəkildə əzmək yolunu seçib. Bunlar birmənalı olsa da, dövrümüzün ciddi problemlərindən olan terrorçuluğa qarşı mübarizə bəhanəsi onların əlinə necə keçib? Belə ki, Şərqi Türküstan 1949-cu ildə Çin Xalq Respublikası tərəfindən işğal ediləndən bu yana bölgəni məqsədyönlü şəkildə Han çinlilərlə məskunlaşdıraraq demoqrafik vəziyyəti süni surətdə dəyişdirən Pekin 1990-cu ildən bu yana vaxtaşırı etirazlarla üzləşib. Həmin vaxtdan bölgədə Türküstan İslam Partiyası (Hərəkatı) (TIP, TIM), Şərqi Türküstan Müstəqillik Hərəkatı, Şərqi Türküstan Qurtuluş Təşkilatı kimi təşkilatlar fəaliyyət göstərib. Bunlardan birincisi “Əl Qaidə”nin bir qolu olan nisbətən kiçik bir qrup olub cihad şüarlarını rəhbət tutur və BMT, ABŞ və bir sıra başqa ölkələr tərəfindən terrorçu təşkilat hesab olunur. Beləliklə, Çinin əslində müstəmləkə olan “ucqar” bölgələri arasında ən gərgin vəziyyətin məhz Şərqi Türküstanda yarandığını söyləyə bilərik.

Qeyd edək ki, dünya pambıq istehsalının beşdə birini təşkil edən Şərqi Türküstan zəngin neft və qaz yataqlarına da malikd olub Çinlə Avropa arasındakı nəqliyyat yolları üzərində əlverişli mövqe tutur. Dünyanın, xüsusilə də Yaxın Şərq – Orta Asiya regionlarının strateji bölgələrində münaqişə ocaqlarının yaradıldığını xatırlasaq, söhbət açdığımız bölgədə də gərginliyin ortaya çıxmasını bu baxımdan dəyərləndirmək lazım gəlir. Çin hökumətinin həmin müstəmləkə bölgəsində əlini gücləndirmək istiqamətində addımlar atması məntiqlidir. Bu addımların məhz nədən ibarət olması barədə kifayət qədər qərəzsiz məlumatlar almamıza da Çin hökuməti tərəfindən Şərqi Türküstanda yaradılan sərt nəzarət və məxfilik sistemi mane olur. Deməli, bölgədə insan hüquqları ilə bağlı ciddi narahatlıq üçün tutarlı əsaslar olduğunu söyləyə bilərik.

Arif Ələkbərli

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Salyan Süd” MMC-dən oğurluq edilib

SONRAKI XƏBƏR

Məşhurlar yeni doğulan qızlarının FOTOsunu paylaşdılar