Ermənistanın Sevinci gözündə qalacaq

Ermənistanın Sevinci gözündə qalacaq

30 illik işğalın hərbi həllindən sonrakı postmüharibə dövrünün asan və qısamüddətli olmasını gözləmək bir qədər sadəlövhlük olardı. Bu mərhələni Azərbaycan üçün qəlizləşdirməyə çalışanlar arasında isə təəssüf ki, ermənilərlə yanaşı 44 günlük müharibə müddətində ortalıqda görünməyən və indi yenidən meydana çıxan sapı özümüzdən olanlar xüsusi yer alır.

Bütün münaqişələrin post-konflikt dövrünə xas olan daxili problemləri ilə bərabər, məsələyə qlobal oyunçuların müdaxilə cəhdləri və daha geniş kontekstdə maraqların regionda toqquşması əlavə maneələr yaradır. Bunlar gözlənilən idi və böyük siyasətdə təbiidir. Lakin məsələ ölkənin satqınlarından, "sülh göyərçinlərindən" gedirsə, buna ad verməkdə belə insan çətinlik çəkir. Belələri xalqı 150 illik faşizm ideologiyası ilə zəhərləyib bədbəxt edən, həyatlarını türklərlə düşmənçiliyə həsr etmiş erməni ideoloqları və siyasilərindən heç nə ilə fərqlənmir.

Apokaliptik proqnozların, yaxın və uzaq tariximizin ağrılı yaddaşının müəllifi olan ermənilərin acı gününə üzülən Sevinc Osmanqızı kimilərin Xankəndində oyanıb səhər başının üstündə Şuşada Azərbaycan bayrağını görən hər bir erməninin üzüntüsünü müxtəlif formada hiss etdirməsi davam edir. Belə ki, Sevinc Osmanqızı Bakıda Hərbi Qənimətlər Parkında düşmən ordusunun alçadıldığını böyük üzüntü ilə qeyd edərək II Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən faktiki olaraq məyusluğunu yenə gizlədə bilmədi.

"O parkın Qənimətlər Parkı yox, sülh parkı adlandırmaq olardı, ermənilərdən götürülən qənimətləri incəsənətə çevirmək olardı" deyən Osmanqızı siyasi ekstremizmin faciəvi nəticələrini məhz 44 günə necə lazımdır dadan Ermənistanla birgə üzüldüyünü bu şəkildə ifadə edib.

Revanşçı qüvvələrə, gözü başqalarının torpaqlarında olanlara işğalın, vandalizmin, insanlıq əleyhinə cinayətlərin aqibətini göstərən əyani mesaj olan bu parkın yaradılmasına görə narahtlığını "Bu təhqirdir. Sən düşmən üzərində qələbə qazanacaqsan, onu alçaltmaq nəyə gərək?!" sözləri ilə ifadə edən Sevinc Osmanqızı yoxsa təkcə I Qarabağ müharibəsində əsir düşən yüzlərlə qız-gəlini qışda lüt vəziyyətdə küçədə düzərək azərbaycanlılara salam göndərməkdən tutmuş, onları zorlamaqları, uşaqların orqanlarının çıxarılması, əsirlərin başını kəsib payaya keçirmələri, gözləri çıxarılan azərbaycanlıların başlarının, çoxunun üz dərisinin soyulması, hamilə qadının qarnını kəsib, uşağını çıxarıb diri-diri gözünün önündə süngə keçirməsi kimi dəhşətli əməllərindən xəbərsizdir?

Hərbi Qənimətlər Parkında boş qalan erməni əsgərlərinin dəbilqələrinə görə yaman əl-ayağa düşən bu "sülh göyərçin"inin bu çıxışı yalançı sülhpərvər obrazında görünməyə səy göstərən Ermənistan hakimiyyətinə dəstəkdən, erməniyə canıyananlıqdan başqa bir şey deyil.

Təhməz Əsədov

Mənbə: news.milli.az