Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib

Salyan rayonunda Vətən müharibəsi şəhidi Elmar Daşdəmirovun xatirəsi əbədiləşdirilib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün onun adı verilmiş bulaq istifadəyə verilib.

Açılış mərasimində şəhidin yaxınları, doğmaları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidin həyat yolundan və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Məktəblilər xatirə bulağının qaşısında şəhidlər haqqında şeirlər söyləyiblər.

Qeyd edək ki, E.Daşdəmirov 2001-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulub. 2020-ci il yanvarın 7-də həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşdə iştirak edib. Silahdaşları ilə birgə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 18-də 19 yaşındaykən şəhadətə qovuşub. Nəşi doğulduğu yurdda torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Əsgərlərimiz anamın və qızımın qisasını aldı" - ermənilərin öldürdüyü azyaşlı Zəhranın atası Alxanlıdan reportaj - VİDEO - FOTO

SONRAKI XƏBƏR

Britaniyada sentyabrdan bəri koronavirusa görə ən aşağı ölüm sayı qeydə alınıb