Şarl Mişel: “Gürcüstanda siyasi böhran başa çatdı”

Şarl Mişel: “Gürcüstanda siyasi böhran başa çatdı”

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası ilə müxalif partiyalar arasında siyasi böhrandan çıxılması ilə bağlı razılaşma imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Prezidentinin Orbeliani sarayında keçirilən mərasimdə Prezident Salome Zurabişvili, ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan, Avropa İttifaqının səfiri Karl Hartzel iştirak edib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mərasimə onlayn qatılıb. Razılaşmanı müxalif partiyalar arasında "Aqmaşenebeli Strategiyası", "Lelo", "Girçi", "Aleko Elisaşvili - Vətəndaşlar" müxalif partiyaları, həmçinin müxalif liderlər Davit Bakradze və Salome Samadaşvili individual qaydada imzalayıb. Ölkənin ən böyük müxalif partiyaları olan "Vahid Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyaları isə bu mərhələdə razılaşmanı imzalamayıblar.

Aİ Şurası Prezidenti Şarl Mişel razılaşmasının imzalanması ilə Gürcüstanda siyasi böhranın başa çatdığını qeyd edib. Bildirib ki, imzalanan sənəd yekun xarakter daşımasa da, Gürcüstanda demokratiyanın gücləndirilməsi, ölkənin Avro-Atlantik inteqrasiyası baxımından mühüm önəmə sahibdir. O, razılaşmanı imzalayan siyasi partiyaların ölkənin və xalqın mənafeyini siyasi maraqlardan üstün tutduğunu qeyd edib.

Qeyd edək ki, Şarl Mişelin ötən gün tərəflərə təqdim etdiyi yeni razılaşmada siyasi məhbus sayılan şəxslərin həbsdən azad edilməsi və 2022-ci ildə potensial növbədənkənar seçikilərin keçirilməsi kimi müddəalar yer alıb.

Mənbə: apa.az