Bakı Hələbdən Şuşaya “İsgəndər”i necə və niyə "daşıyıb"?

Şuşada İsgəndər-M raketinin qalıqlarının tapılması ilə bağlı ilk dəfə məlumat martın 29-da tirajlanıb və dünya mediasının diqqətini çəkib. Bunun ardınca erməni mediası, o cümlədən ermənipərəst rusdilli media və həm də Rusiya mediası Şuşada İsgəndər-M kompleksinə məxsus iki raketin qalıqlarının tapılması ilə bağlı rəsmi açıqlamalar, şərhlər verməyə başlayıb.

Aprelin 3-nə qədər – yəni aradan keçən 4 gün müddətində yayılan materiallar, əsasən, rəsmi informasiyalar əsasında qurulub: Kreml sözçüsü Peskov İsgəndər-M-in tətbiq olunmadığını təkrarlayıb, Rusiyanın Ermənistandakı səfiri “bu cür ittihamlara öyrəşdiyini” deyib və s. Ən qəribəsi odur ki, müharibə zamanı müdafiə naziri olan David Tonoyan 4 apreldə mediaya açıqlamasında “dövlət sirri” adlandıraraq, “İsgəndər”in tətbiqini təkzib etməyib, sadəcə, detalları açmaqdan imtina edib.

Yalnız aprelin 3-də “Vzqlyad” qəzetinə açıqlamasında “Vətən arsenalı” jurnalının redaktoru Aleksey Leonkov ilk dəfə olaraq qəribə bir ehtimal irəli sürüb. İsgəndər-M-in Suriyada tətbiq edildiyini yada salan Leonkov Azərbaycan və Türkiyənin bu raketin hissələrindən istifadə etməsinin mümkünlüyünü ilk dəfə səsləndirib: “Mümkündür ki, türklər bu qalıqları toplasın və Azərbaycana versin, Azərbaycan da onu Qarabağa aparıb, fotosessiya etsin”.

Azərbaycan və Türkiyə bunu niyə etməlidir?

Leonkov bunu əsaslandırmağa da çalışmışdı: “Provokasiyada yalnız Azərbaycan və Türkiyə deyil, ABŞ və Böyük Britaniya da maraqlı ola bilər. Məqsəd Rusiyanı Zaqafqaziyada sıxışdırmaqdır”.

Rusiyalı ekspert “paralel ehtimal” da irəli sürmüşdü: “Provokasiyanın məqsədi həm də tezliklə ölkədə növbədənkənar parlament seçkiləri keçirəcək Paşinyana Qərbdəki kuratorlarının yardımı ola bilər”.

Bu ehtimal səsləndirilərkən heç bir ciddi diqqət və maraq kəsb etməmişdi. Çünki “İsgəndər”lərin tətbiqini ilk dəfə Ermənistan Baş Qərargah rəisi Movses Akopyan 19 noyabrda, daha sonra fevral ayında sabiq prezident Serj Sərkisyan elan etmişdi. Paşinyan da “İsgəndər”lərin tətbiqini təsdiqləməklə, yalnız “İsgəndər” kompleksindən istifadə etdik” desəydi, heç bir “narahatlıq” yaşamayacaqdı. Paşinyanın, sadəcə, “İsgəndər” raketlərinin 90 faizinin partlamadığı haqda açıqlaması Rusiyanın kəskin etirazına səbəb oldu və erməni baş naziri sözünü geri götürməyə məcbur etdilər.

Beləliklə, Leonkov bu ehtimalı irəli sürərkən heç bir rəsmi bəyanata istinad etmir, Ermənistanı 3 ay silkələyən çıxış- açıqlamaları, hətta David Tonoyanın Baş Qərargah rəisi Akopyanı təkzib etməməsini də yada salmır, sadəcə, absurd ehtimalını dilə gətirirdi.

Nə qədər qəribə də olsa, ilk vaxtlar təbii olaraq heç bir maraq doğurmayan bu ehtimal bir neçə gündən sonra “trend”ə çevrildi və erməni politoloqları da bunun mümkünlüyü ehtimalını hallandırmağa başladı.

“İsgəndər” raketinin qalıqları niyə Suriyadan gətirilməli idi?

İsgəndər-M kompleksi Rusiya ordusunun arsenalına son onillikdə alınıb, tətbiqi isə yalnız Suriya ilə məhdudlaşır. İsgəndər-M kompleksinin Suriyada ilk dəfə peyda olduğu haqda informasiya 2016-cı ildə üzə çıxıb, tətbiq olunması barədə rəsmi təsdiq isə 2017-ci ilin 22 dekabrına aiddir. Həmin vaxt Şoyqu İdlibə endirilən zərbələrdə bir çox məşhur raketlərdən, o cümlədən İsgəndər-M kompleksindən istifadə edildiyini elan etdi.

Sonuncu dəfə “İsgəndər”in 2020-ci ilin sentyabrında tətbiq edildiyi haqda məlumat da yayılıb.

İdlib – Rusiyanın gecə-gündüz nəzarətində olan ərazidir və burda çox ciddi toqquşmalar baş verir. Eyni zamanda, silahlıların da bir-biri ilə mübarizə apardığı qaynar qazandır. Türkiyə hansı məntiqlə istehkamçılarını bu qaynar qazana göndərib, orda “İsgəndər” raketinin qalıqlarını toplamalıdır? Türk əsgərləri orda qazıntı aparıb, raket qırıntısı toplayanda Rusiya darmadağın etdiyi hədəfləri nəzarətsiz qoyub və orda türk əsgərlərinin nə axtardığını heçmi müşahidə etməyib? Bununla bağlı Türkiyə tərəfinə sözünü də deməyib?

Bu məntiqi suallar erməni və bəzi rus politoloqları daha bir “ehtimal” ortaya atmağa məcbur etdi: “Azərbaycan bu raket qalıqlarını Rusiyadakı poliqonlardan da qaçaqmalçılıq yolu ilə əldə edə bilərdi...”

Amma bu açıqlama verilən kimi də dərhal ört-basdır edildi. Çünki qaş qayırdıqları yerdə gözü çıxarmışdılar: Necə ola bilər ki, Rusiya kimi ciddi bir ölkənin poliqonlarından raket qalıqları başqa ölkələrə qanunsuz olaraq daşınır?

Əslində isə bu ehtimalların genişlənməsi və yayılmasının özü qeyri-peşəkarlıqdır.

Məsələ ondadır ki, İsgəndər-M kompleksinin Şuşada tapılan 9M723 raketlərinin istehsalından tutmuş dislokasiya yerinə qədər, bütün datası xüsusi sistemdə qorunur. Rusiya istədiyi an Şuşada tapılan sözügedən raketin dəqiq seriyası üzrə neçənci ildə və ayda, saat neçədə, harada istehsal edildiyi, hara dislokasiya olunduğu, hansı əraziyə atıldığını çox rahatlıqla sübut edə bilər. Rusiyanın bu cür imkanlarının olduğunu bilən Azərbaycan və Türkiyə bu qədər primitiv oyunla Moskvanın önünə “fakt” qoyarmı? Rusiya əks-arqumentlə bu ittihamları darmadağın etməzdimi indiyə qədər? Azərbaycan Rusiya kimi aqressiv nəhəngin əlinə ona etibarını zədələyən bu cür bəhanə verərmi?

Yəni jurnal redaktorunun primitiv ehtimalını çeynəməklə ictimaiyyəti manipulyasiya etməyə çalışan bəzi erməni ekspertlərindən başqa kimsə bu “arqumenti” səsləndirməyi özünə sığışdırmır.

Əslində isə Azərbaycanın mövqeyi daha sərrastdır və Rusiyaya “şparqalka” da verir: Ya İsgəndər-M-in Ermənistana verildiyini və mənzili 300 km-dan uzaq olan raketi satdığı üçün beynəlxalq razılaşmaları pozduğunu etiraf etməli, ya Şuşaya Rusiyanın 102-ci Gümrü bazasından raket atıldığını təsdiqləməli, ya da bu raketləri Ermənistanın qaçaqmalçılıq yolu ilə əldə etdiyini deməlidir.

İlk iki “təklif” o deməkdir ki, Rusiyaya əslində bircə seçim qoyulur – çünki digərlərini qəbul etməsi mümkün deyl: Rusiya İsgəndər-M-ləri Ermənistandan geri almalı, o sistemləri bu ölkəyə “qanunsuz satan” “qaçaqmalçılar”ı ifşa etməli, erməni silah baronlarını üzə çıxarmalıdır...

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Navalnının vəkili və sözçüsü tutulub

SONRAKI XƏBƏR

Paşinyan erməniləri ələ salır: Sanki “siz elə səfalətə layiqsiniz!” deyir... - FOTO