Bu, Parkın ən düşündürücü eksponatlarından biridir - Polkovnik-leytenant yazır

Bu, Parkın ən düşündürücü eksponatlarından biridir - Polkovnik-leytenant yazır

 

Torpaqlarımızın işğaldan azad edilməsi prosesi çətin mərhələlərdən keçib. Ermənistanın sülh danışıqlarından yayınması münaqişənin həllini daha da gərginləşdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında dediyi kimi, "Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişlər...". Hər kəs əmin oldu ki, Azərbaycan Ordusunun qüdrəti düşmənin düşündüyündən çox güclüdür.

Bunun nəticəsidir ki, müxtəlif təşkilatların illərlə həll edə bilmədiyi, həll etmək istəmədiyi problemi Azərbaycan Ordusu 44 gün ərzində həll etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başlayanda ilk günlərdə, ilk döyüşlərdə nisbətən müqavimət göstərə bilən düşmən döyüş-döyüş geri çəkilirdi. Azərbaycanın ordu hissələri düşmənin müdafiə səddini dağıtdı, hərbi resurslarını məhv etdi. Düşmənin canlı qüvvəsi, muzdlu döyüşçüləri çarəsiz müdafiə döyüşləri aparırdı. Döyüşməyə gücü, taqəti qalmayan, Azərbaycan Ordusunun gücü, qüvvəti, qüdrəti qarşısında dayana bilməyən məğlub ordunun şəxsi heyəti döyüş texnikalarını, silahlarını atıb qaçırdı...


Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan işğaldan azad edildi. Noyabrın 8-də ruhumuzun şəhəri olan Şuşa da işğaldan azad olundu. Bu qələbə Vətən müharibəsini başa çatdırdı, Ermənistan ordusu darmadağın edildi.

Azərbaycan Ordusu döyüşlərdə Ermənistan ordusunu mükəmməl hərbi strategiyası, taktikası ilə məğlub etdi, torpaqlarımız işğaldan azad olundu. 30 il çəkən mənəvi sıxıntılara, ağrı-acılara son qoyuldu.

Zəfər ovqatı böyük coşqu ilə, ruhun bayramı səviyyəsində yaşanıldı. Dekabrın 10-da Azadlıq meydanında keçirilən hərbi paradda qalib ordunun əsgər və zabitlərinin nizami yerişi hamıda qürur hissi doğurdu. Bu paradda Ermənistanın döyüşlərdə itirdiyi, əsgər və zabitlərinin atıb getdiyi döyüş texnikaları, artilleriya qurğuları, maşınları da göstərildi - düşmənlərimizə göz dağı kimi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, bulvarda Hərbi Qənimətlər Parkının yaradılmasına göstəriş vermişdi. Bu istiqamətdə işlər qısa müddətdə yekunlaşdı, açıq səma altında məzmunlu, informasiyaverici Park salındı.

Hərbi Qənimətlər Parkı Vətən müharibəsində qazanılan qələbənin nişanələrindəndir - bu nişanə Azərbaycan Ordusunun qürur, Ermənistan ordusunun məğlubiyyət rəmzi kimi gələnlərin, görənlərin düşüncələrinə hopacaq. Parkda ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət-eksponat kimi göstəriləcək. Bu eksponatları görənlər işğalçıların aqibətini görəcək. Yəni, Hərbi Qənimətlər Parkı mahiyyət etibarilə bəşəri ideyalara xidmət edən Parkdır. Bu Park gələnlərə bir həyat həqiqətini Azərbaycan atalar sözü biçimində yenidən yaşadacaq: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Ermənistan Azərbaycanın ərazilərində törətdiyi cinayətlərə görə də cavab verməlidir. Böyük Vətən müharibəsindən sonra alman-faşist işğalçılarının yandırdığı, xarabalığa çevirdiyi Xatın kəndi muzey kimi saxlanılır. Bir vətəndaş olaraq işğaldan azad edilmiş şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə bir-iki evin, bir binanın indiki vəziyyətində saxlanılmasını istərdim. Həm müharibənin nişanələrini eksponatlaşdırma kimi, həm də yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunda formalaşmasına yardımçı vasitə kimi...

Zəfər paradında hamımızın, paradı televiziya ilə başqa dövlətlərdə izləyənlərin hamısının yaddaşında qalan çox mətləblər oldu. Onlardan biri də - bunu rəmzi kompozisiya adlandıra bilərik - ordumuzun işğaldan azad etdiyi torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış böyük ölçülü lövhə oldu. Həmin lövhə indi Hərbi Qənimətlər Parkındadır, Parkın ən düşündürücü eksponatlarından biridir...

Bu nömrələrin üzərində bir şüar diqqəti çəkir: "Qarabağ Azərbaycandır!". Xalq bu şüarı Vətən müharibəsinin şüarı bilir. Düşüncələrinə yazmışdı, indi ömrünə yazıb.


Hərbi Qənimətlər Parkının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu lövhədən danışaraq dedi:

- Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!..

Hərbi Qənimətlər Parkının eksponatları təkcə düşmənin itirdiyi texnikalar deyil. Bura gələcək qonaqlar da, Azərbaycan vətəndaşları da, erməniliyin mahiyyətini daha əhatəli bilmək istəyənlər də 30 il müddətində Azərbaycan Ordusunun hücumlarına qarşı düzəldilmiş mühəndis qurğularının, müdafiə mövqelərinin necəliyini də görəcəklər. KİV-lərin verdiyi məlumata əsaslanaraq qeyd edim ki, bu mövqe 10 elementdən ibarət mühəndis-maneələr sistemidir. 5 metr enində, 3-4 metr dərinliyində qazılan tank əleyhinə xəndək, mina sahəsi və s. Göründüyü kimi, düşmən 30 il müddətində güclü müdafiə səddi yaradıbmış. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, qüdrəti bu maneələri darmadağın etdi. Düşmən belə mühəndis-maneələr sistemi yaradanda hər şeyi nəzərə alıbmış, Azərbaycan əsgərinin Vətən sevgisini, döyüş əzmini, qələbə ruhunu yox. Azərbaycan əsgərinin azərbaycançılığa söykənən vətənpərvərliyi, vətənpərvərliyindən güc alan döyüş ruhu, qələbə əzmi bundan da möhkəm maneələri darmadağın edərdi...

Ölkə başçımız sonra deyib ki, Hərbi Qənimətlər Parkına gələnlər görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi.

Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı apardığı ədalətli müharibə idi. Bu müharibə xalqın sərkərdəsinə, ordunun xalqına və sərkərdəsinə sədaqətinin müharibəsiydi. Bu müharibə Xeyirin Şərə qarşı müharibəsiydi. Bu müharibə təkcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmədi, dünyanı bürüməyə meyilli olan bir təxribat sistemi də məhv edildi. Dünya dövlətləri Azərbaycan Ordusunun qazandığı Zəfəri həm də bu baxımdan dəyərləndirməlidir. Bu müharibə son yüz ilin ən diqqətçəkən müharibəsi kimi tarixləşdi. Azərbaycan Prezidenti Parkın açılışından sonra Vətən müharibəsində təltif edilən hərbi qulluqçularla görüşündə bu haqda da fikirlərini bildirdi: "...dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir".


Belə bir informasiya "Mən azərbaycanlıyam!" deyənlərin də, "Can Azərbaycan!" deyənlərin də Vətən sevgisinin göyqurşağına döndü.

Vətən müharibəsi haqqında qəzetlərdən oxumuşuq, televiziyada verilişlərə baxmışıq, qazilərdən, yaralılardan eşitmişik. Bütün eşitdiklərimizi, oxuduqlarımızı bir məqam ümumiləşdirir: Vətənə sevgi. Şəhidliyin mahiyyəti Vətənə sevgidi. Şəhidlərimiz bir amal uğrunda döyüşürdü: Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamaq, torpaqlarımızı işğaldan azad etmək.

Vətən müharibəsi dövründə dövlət başçımız xalqa müraciətində demişdi: "...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır". Bu fikirlər şəhidlərimizə, onların şəhidliyinə ən böyük ehtiramdır. Təltif edilən hərbi qulluqçularla görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".

Səmimiyyət sevgidən, ehtiramdan yaranır.

Hərbi Qənimətlər Parkı Vətən müharibəsi iştirakçılarına, şəhid olanların ruhuna dövlət səviyyəsində bəşəri ehtiramdır. Açılış mərasimində ölkə başçısının çıxışı da, təltif edilənlərə dedikləri də səmimiyyətlə, ehtiramla dinlənildi, televiziyada bu səviyyədə izlənildi. Dünyada heç bir dövlət başçısı bu səviyyədə səmimiyyətlə çıxış etməyib. "...bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi. Müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi". Yaddaşım mənə deyir ki, belə səmimiyyətə, həm də müharibə haqqında heç yerdə təsadüf edilməyib...

Hərbi Qənimətlər Parkının açılması da mahiyyəti etibarilə dövlətçilik tədbiridir. Dünya ictimaiyyəti gördü ki, Azərbaycan əsgəri torpaqlarını işğaldan azad etməyə də, qorumağa da qadirdir. Azərbaycan dövləti Vətən müharibəsini tarixləşdirmək üçün belə bir Park yaratdı. Bu Park bəşəri düşüncəlilərin, niyyətlilərin Parkıdır...

Bayram Məmmədov, ehtiyatda olan polkovnik-leytenant
Ordu.az

 

Mənbə: ordu.az