Qərbin Rusiya planı və Bakının taktikası... – Mixaylov

Qərbin Rusiya planı və Bakının taktikası... – Mixaylov

Millətlərarası münaqişələr üzrə ekspert, Rusiyanın “Jurnalist araşdırmaları” proqramının müəllifi və aparıcısı Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- Qərb nəyə çalışır? Rusiyaya qarşı bu qədər irad nədən qaynaqlanır? Onlar nədən ehtiyatlanırlar? Nə üçün ABŞ Navalnının simasında ayrıca bir müxalifətçiyə bu diqqəti yönəldir?

- Fikrimcə, Navalnı - Rusiyanın qərbpərəst elitası tərəfindən Rusiya ərazisində intensiv şəkildə dəstəklənən Qərb layihəsidir. Maraqlıdır, ABŞ-da təhsil alaraq, 50 min dollar təqaüd alan Navalnı nəyə hazırlaşırdı? Tamamilə aydındır ki, rusları xoşbəxt etməyə yox. Şübhəsiz ki, dünyanın bəzi gücləri müəyyən ölkələrin elitasını devirmək üçün kadrlar hazırlayır. Bu kadrlar korrupsiya ilə mübarizə sahəsində və ölkədaxili həyatın digər istiqamətlərində yol verilən nöqsanlardan kifayət qədər məharətlə istifadə etmək qabilliyətinə malik olmalıdır.

Artıq aydın olur ki, Navalnı da Rusiyada rəngli inqilab hazırlayırdı. Amma onlar bacarmadılar. Bundan başqa, Rusiya hökuməti bütün Navalnı tərəfdarlarının fəaliyyətinin dayandırılması üçün sərt tədbirlər gördü. Amma bir sual ortada qalır: Nədən Navalnı yenidən Rusiyaya qayıtdı? Qərb sponsorları ona zəmanət verdilər ki, onunla hər şey normal olacaq və o, Rusiya cəmiyyətinin “super lideri”nə çevriləcək. Amma bu baş vermədi, Rusiya hakimiyyəti göstərdi ki, ona təzyiq göstərmək lazım deyil və real cinayətlərə görə Navalnını mühakimə etdi. Zənnimcə, bunu daha əvvəl etmək lazım idi, lakin yenə də Yeltsin dövründən qalan, onu dəstəkləmiş və həbs etməyə imkan verməyən siyasi ağırlıqları yada salaq... Zaman artıq dəyişdi. İndi Rusiya Qərbin sərt sanksiyaları altındadır və uğurla onlara qarşı çıxır. Brüssel və ABŞ-ın Navalnının taleyi ilə bağlı tələbləri sadəcə Rusiya xalqına qarşı təzyiq elementidir.

İndi özünüz düşünün: belə çıxır ki, bütün Rusiya xalqı tək bir müxalifətçiyə görə sanksiyalara düçar olmalıdır? Siz cümlənin qoyuluşuna bir baxın: “Navalnını cəzalandırsanız, biz bütün Rusiyanı cəzalandıracağıq!”

Bəs məntiq haradadır? Necə olur, bəs deyirdiniz Navalnı Rusiyanın çiçəklənməsini istəyir? Deyirdiniz, o yalnız xalqını düşünür? Əslində isə gördüyümüz odur ki, bir müxalifətçiyə görə bütün xalqa təzyiq edilir. Bu, Rusiya Federasiyasında Navalnı tərəfindən edilmiş bütün əməllərin əsl simasının göstəricisidir. Mənim fikrim birmənalıdır ki, o, Rusiyanın düşmənidir.

- Ukrayna Prezidenti bu yaxınlarda NATO-nun baş katibi ilə görüşündə bildirib ki, NATO-ya üzvlük Donbasda müharibənin başa çatmasının yeganə yoludur. İttifaqın Kiyevlə həmrəyliyini necə görürsünüz? Qərb Ukraynadan nə istəyir?

- Mənə Zelenskinin dediklərini şərh eləmək çox çətindir, çünki rusları və ukraynalıları vahid tarixə malik qardaş xalqlar sayıram və yalnız NATO-nun Ukrayna üçün xilas olduğunu eşitmək mənim üçün çox ağırdır. Fikrimcə, Ukrayna NATO-ya yalnız onun ərazilərinin talan edilməsi və forpost rolunda Moskvaya qarşı bir alət kimi lazımdır. Kiyev və NATO Alyansına qətiyyən yol vermək olmaz. Mən postsovet məkanı ölkələrinin Rusiyanın əleyhdarları ilə hərbi-siyasi ittifaqlara cəlb olunmasının həmişə əleyhinə olmuşam. Hesab edirəm ki, həmin Gürcüstan da Ukrayna ilə birlikdə Qərbin Rusiyaya qarşı hərəkətlərinə inteqrasiya kursunu yanlış götürüb. Bu kontekstdə mənim tam hörmətim olan postsovet ölkəsi, heç kimə qoşulmamaq mövqeyini aydın şəkildə qazanmış və hamı ilə eyni münasibətləri inkişaf etdirən Azərbaycandır. Fikrimcə, Bakının bu cür taktikası postsovet məkanının digər ölkələri, o cümlədən Ukrayna və Gürcüstan üçün də nümunə olmalıdır.

Mənbə: axar.az