Ermənistanın növbəti iflası: AŞPA-da terrorçuları kimlər müdafiə edir?

Ermənistan 10 noyabr razılaşmasından sonra Qarabağa göndərdiyi və Azərbaycanın həbs etdiyi terrorçuların geri qaytarılması üçün Qərbdəki dairələr üzərindən Bakıya təzyiq etməyə çalışır. Avropa Şurası Parlament Assambleyasının son sessiyasında məsələnin gündəmə gətirilməsi cəhdi də bu prosesin davamıdır.

Ermənistan nümayəndə heyətinin terrorçularla bağlı Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdi iflasa uğradı. Bu kampaniyanı bir neçə fransız deputatdan başqa dəstəkləyən olmadı. Fransalı deputatların mövqeyi təəccüblü deyil. Qarabağda erməni işğalını dəstəkləyən, 44 günlük müharibədə işğalçıya bütün vasitələrlə kömək edən Fransa müharibədən sonra da Azərbaycana qarşı təxribatların ya yanında, ya arxasındadır.

Görünür, ermənilərə bu dəfə fransız “bacıları” da kömək edə bilmədi.

Bu kampaniya cəhdində diqqət çəkən əsas məqam AŞPA-nın Azərbaycana qarşı erməni təxribatının platforması olmasıdır. Təsadüfi deyil, çünki bu qurumda özündə erməni lobbisini də birləşdirən Soros şəbəkəsi mövcuddur və bu şəbəkənin indiyə qədər AŞPA-nı Azərbaycana qarşı hücum meydançasına çevirmək cəhdlərinin şahidi olmuşuq.

Erməni diasporu/lobbisinin bu qurumun fəaliyyətinə uzun müddətdir yön verdiyinə dair məlumatlar var və Azərbaycana qarşı qəbul olunan qərarların arxasında məhz erməni lobbisinin də təmsil olunduğu Soros şəbəkəsi dayanır. 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edən məlumatları baş verənləri anlamağa imkan verir. Hesabatda AŞPA-dakı anti-Azərbaycan əməliyyatlarının 2012-ci ildən gücləndiyini və bu prosesi tərkibində Corc Sorosun da olduğu məlum şəbəkənin həyata keçirdiyi faktlarla sübut olunur.

Bu şəbəkə 2013-cü ildə Azərbaycanda “siyasi məhbus” iddialarına dair hesabat hazırladı və qurumda səsverməyə çıxarıldı. Hesabatın müəllifi anti-Azərbaycan şəbəkəsinin aparıcı üzvü və qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcək qədər ermənipərəst olan Kristof Ştrasser idi. Lakin hesabat səsvermə zamanı rədd edildi və məğlub olan anti-Azərbaycan şəbəkəsi rəsmi Bakıya qarşı qisas əməliyyatına başladı: hər fürsətdə Azərbaycanı qaralayır, qondarma iddiaları qurumun gündəliyinə daşıyır, Bakıya qarşı qətnamələr, qərarlar qəbul edilməsinə çalışırdılar.

2017-ci ildə ortaya atılan mifik “Azərbaycan landromatı” məsələsi, Azərbaycanda demokratiyanın vəziyyətinə dair qəbul edilən qətnamələr, bu ilin yanvar ayında “siyasi məhbus” məsələsi haqda qətnamə və digərləri də eyni mətbəxin məhsuludur. 2020-ci ilin yanvar ayında qəbul edilən qətnamənin parlament seçkiləri ərəfəsində baş verməsi də anti-Azərbaycan kampaniyasının tərkib hissəsi idi.

Bu şəbəkə AŞPA-dakı deputatların ələ alınması üçün rüşvət və şantaja da əl atır. Misal üçün, Ukrayna deputatı Vladimir Arev 2017-ci ildə yazırdı ki, bəzi deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət edib. O, AŞPA-dakı üç erməni deputatın adını çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan və Naira Zoqrabyan. Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxartsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb. Arev rüşvəti qəbul etmir və bundan sonra təzyiq və böhtan dövriyyəyə buraxılır. AŞPA-nın 2017-ci il qış sessiyasında ermənilər ədalətli və qərəzsiz ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham etdilər.

AŞPA-da erməni terrorçularla bağlı Azərbaycana qarşı növbəti hücum cəhdinin də arxasında Soros fondu və qurumda bu fonda bağlı olan şəbəkə dayanır. Kampaniya iflasa uğradı, hərçənd, AŞPA-nın çıxaracağı hansısa qərarın heç bir əhəmiyyətinin olmadığı da məlumdur.

Qurum artıq əhəmiyyətsiz müzakirələr aparması, yalnız kağız üzərində qalan qərarların çıxarılması ilə tanınır. AŞPA-nın sessiyalarında azsaylı deputatın iştirak etməsi də qurumun əhəmiyyətsizliyini göstərir.

Belə bir qurumun çıxaracağı qərarın nə təsiri, nə də mənası var. Xüsusilə erməni lobbisinin və maraq dairələrinin əlində alətə çevrilməsi AŞPA-nın nüfuzunu ciddi şəkildə zədələyib.

Asif Nərimanlı

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Zəngəzur dəhlizi: “Azərbaycanın siyasi qələbəsinin göstəricisidir"

SONRAKI XƏBƏR

Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib