Rusiyanın Azərbaycanla bağlı PLANI – 5-ci kolon buna görə aktivləşib

Tarixin təkəri fırlanır, hadisələr bir-birinə bənzəyir. 1918-1920-ci illərdəki hadisələr elə bil yenidən baş verir. Hələ XX əsrin əvvəllərində ingilislərin Azərbaycanda möhkəmlənməsini, osmanlı türklərinin gəlişini, yerli hökumətin qurulması və getdikcə formalaşması prosesini gözlərimin önünə gətirirəm. O dövrdə Azərbaycan Cümhuriyyəti erməni separatizminə qarşı uğurlu hərbi əməliyyatlar aparır, Bakını 1918-ci ildə türk qardaşlarımızın köməyi ilə erməni işğalçılarından azad edirdi.

I Dünya müharibəsinin nəticələrindən özünə gələ bilməyən Rusiyada isə inqilab baş verir, çar hökuməti süqut edir, Azərbaycan kimi ölkələr isə bu tarixi fürsətdən istifadə edərək müstəqilliyini qazanırdı. Amma yerlərdə bəy və mülkədarların xalqı talaması, məmur özbaşınalıqları kritik həddə çatmışdı. Yerlərdə üsyanlar, Qatır Məmməd kimi hərəkatlar ölkə idarəçiliyini zəlil günə qoyurdu. Bəy və mülkədarlara qarşı xalqın nifrəti hər gün artır, Müsavat hakimiyyəti isə heç bir daxili islahat keçirmir, vəziyyət idarəolunmaz səviyyəyə çatırdı. Rusiyada isə pararlel olaraq yeni ideologiya hakimi-mütləqə çevrilmişdi.

Azərbaycanın savadsız fəhlə və kəndlisi üçün bu ideologiya olduqca cazibədar idi. Yerlərdə üsyan və hərəkat rəhbərləri Rusiyanın casus şəbəkəsinə cəlb edilir, bərabərlik, sosializm ideyaları uğurla Azərbaycana ixrac edilirdi. Əlbəttə, Böyük Britaniya bunun fərqində idi. Osmanlı Türkiyəsi isə çarəsiz qalmışdı. Müttəfiqi olan Almaniyanın I Dünya müharibəsində məğlubiyyəti türklərin Qafqazdan gedişini şərtləndirdi.

 

Lenin Rusiyası 1920-ci ildə Qərbin gözü qarşısında Xəzər dənizindən və şimaldan böyükmiqyaslı müqavimət olmadan öz ideologiyasının təntənəsi altında Azərbaycanda çevriliş etdi. Burada tarix dərsi keçmək niyyətim yoxdur. Heç dediklərimlə aşağı-yuxarı kiməsə ağıl vermək kimi fikrinə də düşməmişəm. Dediyim odur ki, dünya yenə fırlanıb həmin hadisələri XXI əsrə başqa şəkildə təkrarlayır. Necə?

Rusiya Cənubi Qafqazda hərbi qüdrətini artırır. Müdafiə naziri Şoyqu açıqlamasında deyir ki, NATO-nun bu bölgədə hərəkətliliyi ölkəni buna məcbur edib. NATO deyərkən rus rəsmisi təbii ki, Türkiyəni nəzərdə tutur. Başqa hansı dövlət var? Hə, bir də Böyük Britaniya. İngilislər yenə də öz maraqları ilə 30 ildir Qafqaz regionundadır. Azərbaycan isə yenə erməni separatçılarına qarşı 44 günlük uğurlu hərbi əməliyyatlar qazanaraq tarixdə mühüm əhəmiyyət kəsb edən zəfər qazandı.

Bu gün ölkəmizdə hər kəs yaxşı bilir ki, bu zəfəri Rusiya həzm edə bilmir. Ona görə də hələ ki, diplomatik şəkildə Azərbaycanı qıcıqlandırmaqla davamlı prosesinə start verib. Bu arada 5-ci kolon da aktivləşib. Ramiz Mehdiyev ondan inciyənləri ətrafına toplayır, işlə təmin edir. Əli Həsənovun mediada kök salan əsgərləri mütəşəkkil qaydada fəaliyyətə keçib. Məsələn, iki il bundan qabaq Sona Vəliyevanın ən yaxın şair dostu kimi tanınan Məmməd İsmayılın qızı Azərbaycan televiziyasında (AzTV) işə götürülür. O Məmməd İsmayılın ki, Azərbaycan dövlətinin başçısına qarşı qisasçı hisslərlə yaşayır. Bu yaxınlarda isə AzTV-nin sədri Rövşən Məmmədovun xeyir-duası ilə şair haqqında geniş veriliş gedir, onun təbliğatı aparılır. Bu məsələnin üstündə çox durmayaq. Rusiyameylli qüvvələrin canfəşanlığı bununla bitmir. Milli Məclisdən bəyanatlar səslənir. Rusiya ilə münasibətlərdə daha ehtiyatlı davranmaq lazımdır kimi tezislər işə düşür.

Vaxtilə Ukraynada səfir olan, Diaspor Komitəsinə sədrlik etmiş, sonradan oliqarxa çevrilmiş Nazim İbrahimovun tapşırığı ilə qardaşı Sahib İbrahimov müxtəlif metodlarla prezidentə və vitse-prezidentə, onların ailələrinə qarşı kampaniya başlayıb. Artıq həbs olunan Sahib İbrahimov birbaşa dövləti və hakimiyyəti hədəf almışdı. O, məhz bu yolla narazı sahibkar obrazı yaratmağı, dövləti və prezidenti təhdid edərək İbrahimovları külli miqdardakı kredit borcundan yaxa qurtarmağı hədəfləyirdi. Lakin Sahib İbrahimov sadəcə üzdə görünən fiqurdur. Prosesinin arxasında isə Nazim İbrahimov durur. Dövlətə və hakimiyyətə qarşı aparılan kampaniyada Sahib İbrahimovdan istifadə edən və onu istiqamətləndirən məhz Nazim İbrahimovdur. Qardaşını qabağa verən Nazim İbrahimov xaricdəki iqtidarın tənqidçilərini maliyyələşdirmək üçün də külli miqdarda pul xərcləyir. Bu məqsədlə Nazim İbrahimov Almaniyadakı bizneslərindən istifadə edir.

Bu faktları çox sadalamaq olar. Göründüyü kimi, məqsəd bəllidir. Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyir. Ancaq necə? Bu, mümkündürmü? İlk baxışdan məni bu fikirlərimə görə ittiham edə bilərlər. Yəni haqlı rəylər tam belədir ki, indi hansı dövrdür ki, ölkədə kimsə böyük nüfuza malik, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevi devirə bilər? Əlbəttə, bu, mümkünsüz sayılır. Amma məsləyə bu prizmadan yanaşmayaq, cənablar! Axı Rusiya zor gücünü işə sala bilər. Gürcüstan nə tez yadınızdan çıxdı?

Unutmayaq ki, Əli Həsənovun rəhbərliyi ilə rusların yeni ideologiyası artıq ölkəmizə ixrac olunub. Hərbi gücü, geniş əraziləri, faydalı qazıntıları və digər təbii sərvətləri ilə öyünən Putin Rusiyası ölkəsində bank sektorunda cazibəli sayılan islahatları ilə qonşularına nümunə olmağa çalışır. Rusiyada istənilən vətəndaş dövlətin dəstəyilə bürokratik əngəllər olmadan sahibkara çevrilə bilər. Artıq bütün strukturlarda maliyyə maxinasiyalarının qarşısı tam alınıb. Kölgə iqtisadiyyatı, monopoliya demək olar ki, aradan qaldırılıb. Doğrudur, bu ölkədə kriminogen vəziyyət dözülməz həddədir. Hər gün Rusiyanın əksər vilayətlərində ölümlə nəticələnən kriminal hadisələrin sayı hədsiz çoxalıb. Hakimiyyətə qarşı əks düşüncəsi olan insanlar təqib olunur, həbs olunur və ya fiziki məhv edilir. Amma Rusiyada gedən prosesləri izləyən bir şəxs kimi deyə bilərəm ki, bu ölkənin qonşularına olan iştahı hər gün artır. Əgər Qərb bunun qarşısını almasa, Rusiya istədiyini edəcək. Hətta Ukraynada zor gücünə hakimiyyəti dəyişmək kimi planlar Kremldə müzakirə edilir.

Yeri gəlmişkən, Azərbaycanla bağlı planları da aktiv fazaya keçib.

Doğrudur, bu ölkə gözəl bilir ki, 5-ci kolonda təmsil olunan Ramiz Mehdiyevlərin, Əli Həsənovların, Nəcməddin Sadıkovların xalq arasında nüfuzu sıfırın altındadır. Amma rus imperialisltləri kolonun önündə gedənləri qismən aldadır ki, hakimiyyət dəyişəcək və sizlərin komandası Azərbaycanı idarə edəcək. Bəli, onlar da düşünür ki, bu, Ramiz Mehdiyev ola bilməz. Əgər planları sona qədər uğurla icra olunsa, Mehdiyevlərin hansısa varisi yetişdirilir.

Unutmayaq ki, nostalji hisləri ilə yaşayan, SSRİ sevdalıları da hər gün sosial şəbəkələrdə boy atır. Mən XX əsrin əvvəllərində olduğu kimi indiki bəylərin, mülkədarların – yerli məmurların özbaşınalıqlarını da xüsusi vurğulamaq istəyirəm. Zaurların, Elgizlərin verilişlərinə sevgi ilə baxan cahil bir nəsil yetişir ölkəmizdə. Gözəl Vətənimizdə savadsız, məmur özbaşınalığından təngə gələn bir təbəqə var.

Əksər məmurlar isə dərk etmək istəmir ki, İlham Əliyev strateq kimi ölkəmizi xarici təhdidlərdən qoruyur, əvəzsiz xarici siyasəti ilə ölkəmizin təhlükəsizliyinə zəmanət verir. Nəinki regionda, eləcə də dünyada yeni güc mərkəzinə çevrilən uzunmüddətli strategiya uğurla həyata keçir. Zəfərin dadını çıxaran Azərbaycan dövləti yeni planlarına səfərbər olub.

Məmurlar isə təşəbbüskar deyi, strateji təfəkkür onlara yaddır. Dövlətin sükanına sahib liderin ətrafın bu islahatlara adekvat olmayan nazirlər, komitə sədrləri hələ də var. Kənd təsərrüfatı, əhalinin sosial müdafiəsi, məhkəmə, bank sektoru, səhiyyə olduqca dözülməz vəziyyətdədir. Təhsildən isə ümumiyyətlə danışmaq olmaz. Pandemiya bu sahədə hansısa islahatın keçirilməsini mümkünsüz edib.

Sadalıqlarımızın fonunda kolonun sayı arta bilər. Ölkə yalnız peşəkar güc strukturlarının üstündə bərqərar ola bilməz. Uğurlu xarici siyasət daxildəki vəziyyətlə paralel olmalıdır. Əvvəlcə hakimiyyət daxilində kök salan rusiyapərəst, qərbpərəst qüvvələr, casus şəbəkəsinin ayrı-ayrı üzvləri təmizlənməlidir. Hökumət pandemiyanın yaratdığı fürsətləri analiz edən beyin mərkəzlərinin ideyalarını saf-çürük etməlidir. Qurumlar mütəhərrik işləməli, vətəndaş müraciətləri yerində, operativ araşdırılmalıdır.

Azərbaycan israrlı olduğu öz modelinin tam formasını dünyaya təqdim etməlidir. Gecikirik. 44 günlük müharibədə göstərdiyimiz həmrəylik əsas silahımıza çevrilməli olduğu halda cəmiyyətdə tamam başqa mənzərənin şahidi oluruq.

Allah DÖVLƏTİMİZİ qorusun!

Fadil Paşayev,

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib

SONRAKI XƏBƏR

Ermənistanda uğursuz Lələtəpə əməliyyatı ilə bağlı cinayət işi açılmayıb