Onlar Azərbaycan Prezidentinin çıxışlarını diqqətlə oxumağa öyrəşməlidirlər - Şərh

Onlar Azərbaycan Prezidentinin çıxışlarını diqqətlə oxumağa öyrəşməlidirlər - Şərh

10 noyabrda imzlanmış bəyanata əsasən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla nəqliyyət dəhlizi açılmalıdır. Bu dəhlizin açılması planlanan ərazinin tarixi adı Zəngəzurdur. Qərbi Azərbaycan adlanan Azərbaycan torpaqlarında süni şəkildə bir Ermənistan dövləti yaradılıb. Bundan sonra ermənilər bütün adların, o cümlədən Göyçə gölünün belə adını dəyişiblər. Yəni tarixi baxımından həmin ərazilərin Zəngəzur adlandırılması düzgün bir yanaşmadır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan həmin Zəngəzur dəhlizinin açılması ilə bağlı əsasən Rusiya ilə danışıqlar aparır:

“Çünki həmin dəmir yolu xətti rus şirkətlərinə məxsusdur. Eyni zamanda Ermənistan sərhədlərini Rusiya Sərhəd Xidməti qoruduğundan bu gün əsas danışıqlar onlarla aprılır. Ermənistan hakimiyyətində də həmin dəhlizin açılmasının ölkələrinə fayda verəcəyini kifayət qədər aydın dərk edənlər var. Ermənistanın baş naziri də bu günlərdə Zəngəzur dəhlizinin açılması ilə iqtisadiyyatlarının inkişaf edəcəyini açıqlayıb. Amma hiss olunan odur ki, hazırda Ermənistan hakimiyyətində ikitirəlik mövcuddur. Ermənistanda bir qrup revanşist düşüncədə olanlar tarixi saxtalaşdırmaqla məşğuldur”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin söylədiklərində diplomatiyadan kənar heç nə yoxdur:

“Cənab Prezident açıq şəkildə bildirdi ki, biz İrəvana tankla, topla qayıtmırıq. Azərbaycan xalqı öz tarixi torpaqlarına oranın sakini kimi qayıdacaq. Dövlətimiz öz kapitalı, iştirakı ilə bu ərazilərə qayıdır. Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan başqa çıxış yolu yoxdur. Müharibə, türkəfobiya, azərbaycanafobiya Ermənistanı dalana dirəyib. Bu gün Ermənistan vətəndaşları kütləvi olaraq ölkəni tərk edir. Ermənistanın Argentinadakı səfiri ölkəsinə qayıtmaqdan imtina edərək, aeroportda adi işçi kimi fəaliyyətə başlayıb. Bunun özü göstərir ki, Ermənistan perspektivsiz bir əraziyə çevrilib. Bu, Ermənstanın tarixi saxtalaşdırması, qonşu dövlətlərə torpaq iddiası, adi xalq kimi yaşamaq istəməməsindən irəli gəlir. Bu gün Ermənistana heç bir dövlət və ya şirkət investisiya qoymur. Bu dövlət haradansa 50-100 milyon dollarlıq investisiya krediti əldə edəndə bunu sevinclə qarşılayır. Azərbaycan isə ayrı-ayrı bölgələrinə Ermənistanın sevinclə aldığı kreditlərdən qat-qat çox investisiya yatırır. Eyni zamanda Azərbaycan ona dost olan ölkələrə çox aşağı faizlə kreditlər ayırır”.

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır:

“Bu, mütləq baş tutacaq. Ermənistan istəsə də, istəməsə də bu baş verəcək. Azərbaycanın Naxçıvanla əlaqəsi bərpa ediləcək. Həmin bölgəni Naxçıvana birləşdirən Zəngəzur, Göyçə Ermənistana 1920-ci illərdə verilib. İrəvan 1918-ci ildə güzəştə gedilib. Prinsip etibarı ilə bundan kənarda qalan həmin ərazilərin hər birində Azərbaycanın tarixi izi mövcuddur. Azərbaycan vətəndaşlarının o ərazilərə mənəvi bağları var. Bu baxımdan indiki məqamda Ermənistanın hansısa bir formada cığallıq etməsi, çirkin siyasi ritorikalara üstünlük verməsi xeyrinə deyil. Azərbaycan artıq öz mövqeyini ortaya qoyub. Cənab Prezident bir çox məsələlərə bir daha aydınlıq gətirib. Ermənistan işğal etdiyi torpaqlarda etdiyi barbarlığa görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq. Əgər Ermənistanda kimsə Azərbaycanın ərazi bütövlüyü məsələsinə qəsd etmək niyyətinə düşəcəksə, bunun sərt cavabını alacaq. Gözlənilən odur ki, Ermənistanda səlahiyyətli şəxslər Azərbaycan Prezidentinin çıxışlarını diqqətlə oxumağı artıq öyrəşməlidirlər”.

Mənbə: teleqraf.com