İndoneziya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək istəyir

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bəxtiyar Əliyev Hildi Hamidə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə İndoneziya arasında mövcud olan dostluq münasibətlərindən, mənəvi yaxınlıqdan söz açan deputat bu əlaqələrin daha da inkişaf etdirilməsinə səfirin töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin komitə sədri işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri vandalizm aktlarından söz açıb, vaxtilə özünün doğulub boya-başa çatdığı, indi isə dağıntıların miqyasına görə Azərbaycanın Xirosiması adlandırılan Ağdam şəhərindən bəhs edib. Deputat işğal vaxtı İndoneziyanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləməsini məmnuniyyətlə qeyd edib. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışıb.

Hildi Hamid səfir kimi fəaliyyətində iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat Azərbaycan Respublikasının erməni işğalından azad olunmuş ərazilərinə səfər edərək oradakı vəziyyətlə şəxsən tanış olmasından danışıb. O, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi işlərdən heyranlığını, İndoneziya şirkətlərinin bu işdə iştirak arzusunu ifadə edib.

Görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti, humanitar sahədə, təhsildə əməkdaşlıq, beynəlxalq qurumlarda birgə fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Fransa A400M təyyarəsi ilə havada helikopterə yanacaq doldurma sınaqları həyata keçirib

SONRAKI XƏBƏR

AŞPA post-Qarabağ münaqişəsi dövründə dayanıqlı sülh üçün nələrsə etmək istəyir…