İsmayıllı İcra Hakimiyyətində yeni kadr təyinatları olub

İsmayıllı İcra Hakimiyyətində yeni kadr təyinatları olub

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

"Report"un məlumatına görə, bununla bağlı icra başçısı Nahid Bağırov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Səlimov Əfqan Firudin oğlu “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

Əfqan Səlimov 16 iyul 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə təhsil alıb. 2016-2017-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 21 sentyabr 2020-ci il tarixindən səfərbərliklə Vətən müharibəsinə yollanıb və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Digər sərəncamla Kərimov Namiq Hafiz oğlu RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Namiq Kərimov 09 iyul 1986-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Kooperasiya Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə (marketinq), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisaslarını bitirmişdir. Qeyd edək ki, N.Kərimov II dərəcəli dövlət qulluqçusudur və bundan öncə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mənbə: report.az