Qarabağ baş separatçısının Moskvada xüsusi xidmət orqanlarında nə işi...

Qarabağ baş separatçısının Moskvada xüsusi xidmət orqanlarında nə işi...

İlqar Vəlizadə: “Ssenariləşmiş bir tamaşa da ortaya qoya bilərlər ki, guya bu öz xahişilə tutduğu “postu” başqasına təhvil verir...”

Qarabağdakı terrorçu rejimin başçısı, separatçı Araik Arutyunyan təcili Moskvaya çağırılıb. Erməni mənbələr baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşəcəyini yazıb.

Erməni ekspertlər yazır ki, ruslar Araikin Nikolun göstərişləri ilə hərəkət etməsindən narazıdır, əvəzləyənə qədər onu nəzarətdə saxlamaq istəyirlər: “Çox güman ki, Moskva erməni hərbçilərin Qarabağdan çıxarılmasından – Ermənistanın hərbi varlığının bitməsindən sonrakı dövrə hazırlaşır”.

Arayik Arutunyanın Moskvaya dəvətilə bağlı bizim ekspertlər nə düşünür?

Politoloq İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Arayik Arutunyan hazırda heç bir səalhiyyət daşımayan şəxsdir: “Onun adının qarşısında üç nöqtələr qoyulub. Bu insan cinayətkardır. Etdiyi cinayətləri publika qarşısında özü etiraf edib. Gəncəyə raketlərin onun əmri ilə atıldığını özü bildirib. Ola bilməz ki, Azərbaycan onun hərəkətləri ilə bağlı Moskva qarşısında məsələ qaldırmasın. Çünki o, separatçı və revanşist davranışlarını əldə olunan sülh razılaşmasından sonra da davam etdirir. Azərbaycanın bu məsələ ilə bağlı tələbləri konkretdir. Arayik öz başıpozuq dəstəsilə Qarabağı tərk etməlidir. Böyük ehtimalla, onun Moskvaya dəvət edilməsi məhz bu tələblə bağlı ola bilər. Yəqin ki, Moskvada onun qarşısında tələblər konkret qoyulacaq. Onun Moskvaya tam başqa bir məsələ ilə bağlı çağırılması isə qeyri-mümkündür. Çünki o, hazırda hər hansı bir səlahiyyətə malik olan şəxs deyil. Rusiyada onunla nəyi müzakirə edəcəklər? Hətta imzalanan üçtərəfli sənəddə belə, qondarma rejimin adı bir yerdə də olsun çəkilmir. Məlum sənədlə bağlı öhdəliyi iki tərəf: Ermənistan və Azərbaycan üzərinə götürüb. Rusiya isə bu məsələdə vasitəçilik edir. Arayikin həmin zamandan sonrakı hərəkətləri vəziyyəti daha da gərginləşdirir. Bu da Rusiyaya qətiyyən sərf etmir”.

Politoloqun sözlərinə görə, Moskvada Arayikin qarşısına konkret vaxt qoyulacaq ki, oranı tərk etsin: “Arayik Arutunyanın şərtləri qəbul etməkdən başqa çarəsi qalmır. Ssenariləşmiş bir tamaşa da ortaya qoya bilərlər ki, guya bu öz xahişilə tutduğu “postu” başqasına təhvil verir. Növbədənkənar “seçki” də keçirmək istəyərlər. Ermənilər belə arzularının olduğunu ifadə edirdilər. Amma Moskva bilir ki, bu addım vəziyyəti daha da gərginləşdirə bilər. Yəqin ki, Moskva onu könüllü şəkildə “səlahiyyətlərini” başqa bir, nisbətən loyal şəxsə verməyə məcbur edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com