ABŞ-Rusiya qarşıdurması: “Bayden öldürücü sanksiyaları tezləşdirməlidir"

Amerika ilə Rusiya arasındakı "soyuq müharibə"ni xatırladan böhranlı vəziyyət getdikcə gərginləşir.

Rusiyanın bölgə dövlətlərinin təhdid formalaşdırması Amerikanı da narahat edir. Amerika özünü "dünya polisi" hesab etməsə də, dünya ağalığı uğrunda kəskin mübarizəyə qatıldığı qətidir.
Xüsusən Rusiya və onun müttəfiqi olan Çinə qarşı həssas davranan ABŞ, bölgədə kimin söz sahibi olduğunu xatırlatmağa çalışır. Rusiyaya qarşı Amerika başda olmaqla, Qərbin başlatdığı ciddi sanksiyalar, “diplomat ovu”, "Şimal axını-2" layihəsinin dayandırılması istiqamətində addımlar, Ukraynaya dəstək və digər məsələlər Kremli də gərginləşdirir.

Böyük ehtimalla Rusiyanın özü də proseslərin bu dərəcədə mürəkkəbləşəcəyini gözləmirdi. Amma bir tərəfdən proseslərin mürəkkəbləşməsi Rusiya hökumətinin maraqlarına da xidmət edə bilər. Çünki tarixən daxili böhrandan çıxmaq üçün kənardan böyük "xarici düşmən" imici formalaşdırmaq və onunla gərgin mübarizəyə atılmaq dövlətlərin ən gözəl çıxış yolu olub.
Rusiyanın da daxilinə baxsaq, bu böhranlı vəziyyəti aydın görə bilərik. Amerikanın Ukrayna böhranının həllində qəti mövqe tutması, Rusiyanın da geri çəkilmək istəyinin görünməməsi, bu iki nəhəng güc arasında ciddi hərbi qarşıdurmaya gətirib çıxara bilər.

Maraqlıdır, Amerika ilə Rusiya münasibətlərinin gərginləşməsi bölgəyə təhlükə vəd edirmi?

Cebhe.info-ya açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-lar Rusiya qarşıdurması qanlı müharibə səviyyəsinə çata bilər:

"Hələ Bayden Putinə qatil deyəndə, mən proqnozlaşdırırdım ki, bölgədə vəziyyət gərgin olacaq, qanlı müharibə səviyyəsinə çatacaq. Amerika bir müddət Rusiyanı böyük xərcə saldı, Xəzər dənizindən donanma daşıtdırdı, Şimal Buzlu okeandan Şimal Buzlu okeandan digər hərbi yükləri daşıtdırdı və beləcə Moskvanı ciddi ziyana saldı. Daha sonra isə Amerika ilə Rusiya prezidentləri telefonda danışıb üçüncü bir ölkədə görüşməyi qərarlaşdırdılar. Bu bir qədər Rusiyanı arxayınlaşdırdı. Rusiya son günlərədək sakit davranırdısa, indi qırmızı xətlərdən danışır, təmsillərdən misallar gətirməklə insanları ələ salır. Bu xalqın təfəkkür tərzi necə inkişaf edir, çox maraqlıdır. Başını aşağı salıb öz daxili vəziyyətini yaxşılaşdırmaqdansa, hədə-qorxu gəlməklə məşğuldur.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti Rusiyanı haqlı olaraq, təcavüzkar adlandırıb. Çünki Gürcüstanın da, Ukraynanın da, Moldovanın da ərazilərini zəbt edən Rusiyadır. Post-sovet məkanında mövcud olan bütün münaqişələrin hamısının məğzində Rusiyanın davakar xarici siyasəti dayanır. Sülhməramlı adı altında bizə də imkan vermədi ki, ərazi bütövlüyümüzü sonadək təmin edək.

Bəs Rusiyaya nə ad verməlidirlər? Deməlidirlər ki, qızıl orada - mərkəzləşdirilmiş rus dövləti? Ruslar dövlət yaratmayıb, onların hamısını türklər və türk mənşəli tatarlar yaradıb. İndi də Rusiya dünyanın üçdə bir hissəsini tutmasına baxmayaraq, sakit oturmurlar".

Politoloq hesab edir ki, Rusiya güc görməsə, Qarabağda problemlər də həllini tapmayacaq:

"Rusiyanın burnu ovuşdurulmasa, problemlər həllini tapmayacaq. Baxın, Rusiya Xocalı aeraportunda qələbə paradı keçirməyə hazırlaşır. Axı nəyin qələbəsi, bəlkə ruslar Qarabağa girməklərini qələbə hesab edirlər? Bəli, faşizm üzərində qələbəni bütün sovet xalqları qazanıb. Hətta mənim atam Berlinə kimi gedib və müharibə əlili kimi qayıdıb. Yaxşı Rusiya hansı hüquq və statusla Xocalı aeraportunda qələbə paradı keçirir? Axı oradakı rus qüvvələri tərəfsiz sülhməramlılardır. Onda bu parad oyunu kimə lazımdır? Parad keçirmək meydan oxumaq, tərəfsizliyi pozmaq və bölgədə gərginlik ehtiraslarını qızışdırmaq və ermənilərə ruh vermək deməkdir. Sən burada parad keçir, axşam da araqdan içib erməni qızları ilə kef çək. Artıq bir neçə erməni qızın Qarabağdakı rus sülhməramlılarından hamilə qaldığı bildirilir. Yaxşı bu əxlaqın sahibləri hansı ədaləti qoruyacaqlar? Ona görə də Kremlin bu təkəbbürlü addımlarına Amerikanın doğru cavab verdiyini düşünürəm. Bayden öldürücü sanksiyaları tezləşdirməlidir".
Əli Bədir

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu

SONRAKI XƏBƏR

Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək