Qarabağ müharibəsində medianın rolu

Qarabağ müharibəsində medianın rolu

“Jurnalistlərin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərinin təşkili mühüm əhəmiyyət kəsb edir”

Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycanın media nümayəndələri işğaldan azad olunmuş ərazilərimizə səfərlər ediblər. Səfərlər çərçivəsində jurnalistlər şəhər və rayonlarımızın ermənilər tərəfindən tamamilə dağıdıldığının, tarixi, dini və mədəni abidələrimizin məhv edildiyinin şahidi olublar.

Bu səfərlərin əsas mahiyyəti barədə Xeberoxu.Az-a açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov istər xarici kütləvi informasiya vasitələri əməkdaşlarının, istərsə də yerli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkilinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “44 günlük İkinci Qarabağ müharibəsi müddətində və ondan sonra da informasiya ilə bağlı Azərbaycanda aparılan siyasət çox uğurlu oldu. Belə ki, müharibənin gedişi ilə bağlı diplomatik korpus nümayəndələrinin mütəmadi şəkildə informasiya ilə təmin olunması, ermənilərin törətdikləri vəhşilikləri əyani görmələri üçün Gəncəyə, Bərdəyə səfərlərinin təşkili, müharibə dövründə Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri əməkdaşlarının, yerli jurnalistlərin mətbuat konfranslarında məlumatlandırılması, onların müharibə vaxtı ön xəttə qədər aparılmasının təmin olunması, müharibədən sonra işğaldan azad olunmuş ərazilərə aparılması və s. bütün bunlarla Azərbaycanın haqq, Dağlıq Qarabağın isə əzəli və əbədi Azərbaycan torpağı olduğunu bir daha dünya ictimaiyyətinə çatdıra bildik. Əlbəttə, bu uğurlu siyasət sonadək davam etdiriləcək.

Məhz jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili böyük siyasətin tərkib hissəsidir. Qeyd edim ki, mən özüm də Ağdama səfər edən jurnalistlər sırasında idim. Bir var, işğaldan azad olunmuş əraziləri ekranlardan görəsən, bir də var, həmin ərazilərə gedib ermənilərin törətdiyi vəhşiliklərin, vandalizm aktının canlı şahidi olasan.

Bu səfərlər zamanı bir daha şahidi olduq ki, soyqırım, genosid yalnız insanlara qarşı törədilməyib, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz, tarixi, dini abidlərəmiz, təbiətimiz də erməni vəhşiliyinin qurbanı olub. 30 ilə yaxın bir müddətdə işğalçılıq siyasətini bütün dünyana çəkinmədən nümayiş etdirən Ermənistan, qeyd etdiyim kimi, təkcə torpaqları işğal etməyib, eyni zamanda işğal altında saxladığı ərazilərdə ekoloji və mədəni soyqırım həyata keçirib.

Dünyanın müxtəlif ölkələrini təmsil edən səfirlik işçilərinin, konsulların, media və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunan bölgələrə səfərləri müstəsna əhəmiyyətə malikdir. Çünki bütün dünya bir daha erməni vəhşiliyinin əsl sifətini görür. Ağdamda, Füzulidə və başqa ərazilərdəki dağıntıları, viranəlikləri görən beynəlxalq qurumların təmsilçiləri, jurnalistlər səfərlərdəki təəssüratlarını öz ölkələrinin mediasında, sosial şəbəkələrdə yaymaqla erməni qəsbkarlığını bir daha nümayiş etdirirlər. Yerli media nümayəndələri isə çalışdıqları qəzetlər, informasiya agentlikləri, saytlar vasitəsilə işğaldan azad edilmiş rayonlarımızın erməni faşizminin qurbanına çevrildiyini bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırlar.

Bu baxımdan, jurnalistlərin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərinin təşkili mühüm əhəmiyyət kəsb edir”.

Səfərlərdə iştirak etmiş jurnalistlərin öz təəssüratlarını ictimaiyyətlə bölüşmələrinə gəlincə, MŞ sədri Ə.Amaşov burada fərqliliklər olduğunu vurğuladı: “Hər kəs məsələyə öz prizmasından yanaşa bilər. Məsələn, deyək ki, fotojurnalist çəkdiyi bir şəkillə ermənilərin vəhşiliyini, yaxud müharibənin acısını, dəhşətini göstərə bilər. Yaxud, telejurnalist erməni vandalizmini çəkdiyi kadrlarla tamaşaçıya çatdırar. Yaxud da, jurnalist işğaldan azad olunmuş rayonlarımıza, şəhərlərimizə səfər çərçivəsində ermənilərin törətdikləri dağıntılar, ərazilərdə partlamamış mina və hərbi sursatların hələ də buradakı mənzərənin bir hissəsi olduğu, dəmir yolu və hava limanı infrastrukturunun məhv edildiyi barədə geniş reportaj hazırlayır. Bu gün yerli jurnalistlər çalışdıqları saytlarda, xəbər portallarında, informasiya agentliklərində nəinki ölkə daxilində vətəndaşlarımızı məlumatlandırır, eyni zamanda türk, ingilis, rus, fransız, ərəb və digər dillərdə yazılar təqdim etməklə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar. Məqsəd işğaldan azad edilmiş ərazilərimizi xarabalığa çevirən cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Mən bu arada müşahidə apardım. Rayonlara səfərlərdən sonra qəzetlərdə, sayt və sosial şəbəkələrdə diqqəti cəlb edən kifayət qədər yazılara rast gəldim. Konkret adlar çəkmək istəmirəm. Təbii ki, hər bir jurnalist yazısı ilə öz peşəkarlığını ortaya qoydu. Eyni zamanda, sözügedən səfərlərdən sonra işğaldan azad olunmuş ərazilərlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı dünyanın müxtəlif media orqanlarında bizim jurnalistlərin yazıları dərc edildi.

Doğrudur, Azərbaycan 44 günlük müharibədə düşmən üzərində qələbə çaldı. Ancaq jurnalistlərimizin döyüşü bundan sonra başlayacaq ki, Azərbaycanın haqq işini dünyaya çatdırsınlar.

Hazırda hər bir jurnalistin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək əsl həqiqətləri dünyaya çatdırmaq, işğaldan azad olunmuş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırmaq, erməni işğalçılığına beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Hesab edirəm ki, 44 günlük müharibədə düşmən üzərindəki şanlı qələbəmiz kimi, bu məsələ də bizim xeyrimizə həll olunacaq”.

E.NOVRUZLU

Mənbə: www.xeberoxu.az