“Piçənis dərəsi”nin igidləri

“Piçənis dərəsi”nin igidləri

Şuşa və Laçın nahiyələri arasında güneydən cənuba doğru uzanan Qırxqız-Mıxtökən dağlıq silsiləsinin (90 km boyunca, zirvəsi Qızqala, 2830 m, bu ucalıqdan Qərbi Azərbaycan, Gəncəbasar, aran Qarabağ, Xudafərin vadisi...aydın görünür) batı yamaclarından, Talıbxan dağından axan çaylardan yaranan Piçənisçay hövzəsinin,Sallıq dağı ətəklərindəki kəndlərinə (Aşağı Çorman, Fərraş, Nurəddin, Ağcayazı, Ardıclı, Xaçınyalı...) 1904-1920-ci illərdə hay-daşnak quldurlarının əsas hücumları Şuşa qəzasının Qaladərəsi və Daşaltı kəndlərindən edilmiş və onların qarşısı qəhrəmancasına alınmışdır.

Şimallı-cənublu Bütöv Azərbaycanın dövlətçilik və milli maraqları naminə Qarabağla Qərbi Azərbaycan və Naxçıvan arasında yerli, regional və beynəlxalq əhəmiyyətli siyasi-hərbi və iqtisadi-ticari əlaqələrin yaranmasında əlverişli təbii-coğrafi mövqeyə malik olan Kəlbəcər, Laçın və Qubadlı nahiyələri, həm də müsəlman-türk dünyasının əski milli, maddi-mənəvi irsinin zənginliyi ilə fərqlənən tarixi-coğrafi ərazilərdir. Mahalın yer adlarından başlayaraq uzun minilliklər boyunca yaşadılan ictimai-siyasi, maddi-mənəvi və milli özəlliyə güvənik çoxşaxəli və rəngarəng özəl gələnəkləri buna canlı sübutdur.

Son yüzilliklərdə bu maddi-mənəvi tarixi irsimizə göz dikən hay kilsəsi və ibtidai insan-hay sürüsü Rusiya imperiyasının işğalçılıq siyasətinə güvənərək (sığınaraq) bu yerlərə hücumları, yerli dinc əhaliyə qarşı amansız qətliamları və soyqırım faciələrini törətmiş, torpağından-daşından müsəlman-türk izinin birdəfəlik silinməsinə yönəlik təcavüzlərini artırmışlar. Ancaq, bu məkrli siyasətin qarşısının alınması naminə bölgənin ayrı-ayrı kəndlərində düşmənə qarşı sinə gərən yerli igidlərin qəhrəmanlığı şanlı (qanlı) tariximizin səhifələri kimi yaşamaqdadır. Bütöv Azərbaycan dövlətçiliyinin sarsılmaz iradəsi ilə üz-üzə gələn qəvi və qatı (qarı) düşmənə layiqli zərbələri bu yurdda yaşayan xalq qəhrəmanları, el döyüşçüləri-qaçaqları (qoçaqları), yerli özünümüdafiə qüvvələrinin cəsur üzvləri vurmuş, onlara layiqli cavabları vermişlər.

Bu baxımdan, 1904-1920-ci illərdə Laçın nahiyəsində hay-daşnak silahlı dəstələrinə (A.T.Ozanyanın (1865-1927), A.P.Şahmazyanın (1883-1938), Q.Nijdenin (1886-1955), İ.Q.Kazarovun (1885-1923), S.Melik-Elçiyanın... başçılıq etdikləri) qarşı bütün mənalarda xalq müqavimətinin təşəkkülündə və iştirakında Haçısamlı camaatının Qasımuşağı tayfasının mərd oğlu Əlipaşa bəy Xanmurad oğlunun (1837-1911, xalq qəhrəmanları Sultan bəy Muradovun (1871-1942) və Xosrov bəy Sultanovun (1879-1947) ataları) adı, Sultan bəyin qəhrəmanlığı xüsusilə yad edilməkdədir. Bir cəhəti xatırlatmaq olar ki, Sultan bəyin ordusunda Zəngəzur və Şuşa qəzasının əli silah tuta bilən ərənləri (döyüşə bilməyənlər bir tüfəngin xərcini çəkirdi) yaxından iştirak etmişlər, o cümlədən bölgənin və nahiyənin məşhur "Piçənis dərəsi"nin kəndlərində, obalarında yaşayan cavanlar, qorxu bilməyən igidlər də olmaq şərti ilə.

1905-1906-cı illərdə Şuşa qəzasında (şəhərində) azğınlaşmış hay-daşnak dəstələri dinc əhaliyə qanlı divan tutanda heyəti ilə köməyə gedən Əlipaşa bəyin (onun döyüş düşərgələri əsasən Dəvəboynu yaylağında və Dəlikdaşda olub) silahdaşlarından biri, Ağcayazı kəndindən olan Abbas yüzbaşı (1865-1905) hay quldurları ilə açıq səngər döyüşlərində Şəhid olmuş, Şuşa şəhərinin qala divarlarının yaxınlığındakı, Xankəndi yolunun üstündə yerləşən qədim qəbirstanlıqda dəfn edilmişdir.

Təbii-coğrafi şəraitinə və mövqeyinə görə Piçənisçay hövzəsi 7 para kəndi (Piçənis, Xaçınyalı, Ağcayazı, Ardıclı, Nurəddin, Fərraş, Açağı Çorman) özündə birləşdirir, onların arasında məsafə 3-8 km arasında dəyişir, bu kəndlər IX-XI əsrlərdə Qara və Azov dənizləri, Don çayı sahillərindən Azərbaycan ərazisinə, buradan isə Anadolu və Cənubi Azərbaycan dağlıq yaylalarına hərbi-demoqrafik yürüş edən türkdilli peçeneq-qıpçaq, Oğuz-Sak tayfalarının bu ərazilərdə köç salan, məskunlaşan ailələrinin, soylarının qədim yurd ocaqlarıdır.

Bu hövzədə elə yurd yerləri var ki, onların adı, tarixi, maddi-mədəni, ictimai-siyasi dəyərinin müəyyən edilməsi ilə bağlı xüsusi tədqiqatını hələ də gözləməkdədir, eləcə də bir sıra antrotoponimlər özündə əski tarixi keçmişimizn izahı üçün əsas ola bilər.

Ərazidə geniş yayılan şoxsaylı tarixi maddi abidələr və coğrafi yer adları (orotoponimlər, antrotoponimlər, hidrotoponimlər...), 1918-ci ildə səngər olmuş Güllə qayası, Səngər dağı... bunu bir daha sübut edir. Amma, 1904-1920-ci illər ərzində hay-daşnak quldurlarının hücumunun qarşısının alınmasında sipər olmuş bir çox kəndlər 1920-ci ildən sonra boşalmış, əski türk-oğuz yurdları yer üzündən silinmişdir - Talıbxan dağının ətəyindəki Bababuğavuran (15-20 evli), qədim qəbirstanlığı ilə birlikdə (Piçənis kəndindən 1 km aralıda), Yalkənd, Dərəyurdu, Alçalıq, Aşağı və Yuxarı Xev, Sərxan... kəndləri kimi.

Piçənisçay hövzəsinin kəndləri, əlverişli coğrafi mövqeləri ilə, eləcə də mürəkkəb oroqrafik-relyef quruluşu ilə birlikdə 1904-1920-ci illərdə həm də təbii-keçilməz səngər yerləri ilə seçilmişdir. Belə ki, hay-daşnak quldurlarına qarşı müqavimət əsasən vadinin Koroğlu qayası, Güllə qayası və Turşsu dərəsi boyunca, həmçinin Şuşa qəzasının Qaladərəsi və Daşaltı kəndləri istiqamətində göstərilmişdir.

Sultan bəyin silahdaşları, yerli döyüşçü dəstələri daha çox məhz bu yerlərdə düşmənin qarşısını kəsə bilmişlər.

Onların sırasında Xaçınyalı kəndindən Əkbər Cabbar oğlu Xəlilov (1882-1959, ona "Dəli Əkbər" deyiblər), Seyfalı Manaf oğlu (1894-1974), Səfəralı Abdulkərim oğlu Xəlilov (1892-1937), Səlim Abdulkərim oğlu (1887-1954), Ağcayazı kəndindən Muxtar Dadaş oğlu Muradov (1899-1974), Əlfəsiyab Xəlil oğlu (1883-1963), Məhəmməd Xəlil oğlu (1889-1974), Aşağı Çorman kəndindən Alı Ağayar oğlu (1896-1966), Bababuğavuran kəndindən Alı Ağayar oğlu Əhmədov (1890-1980), Abbas Kərbəlayı Zeynalabdin oğlu Əhmədov (1884-1974), Fərraş kəndindən qaçaq Xanalı Kərim oğlu (1885-1956).. özünəməxsus igidlikləri ilə ad qazanmışlar.

Qaçaq Xanalı Sultan bəyin ən yaxın və sədaqətli silahdaşı, sərrast atıcı olub, deyilənə görə, o, ömründə hədəfdən yayınan güllə atmayıb. Fərraş kəndində dəmirçixanasında həm də silah düzəldərək yerli özünümüdafiə dəstələrini təmin edirmiş, qaçaq Xanalı. O, həm də 1918-ci ildə Xankəndi və Şuşa şəhərləri istiqamətindən kəndə hücum edən daşnak süvari dəstəsinin qarşısını öz azsaylı dəstəsi ilə kəsə bilmişdir. Onun dəstəsi Qaladərəsi və Daşaltı ətrafında da düşmənə ağır zərbələr endirmişdir.

1920-ci ildən sonra yaralanan Sultan bəyin mühafizəsini qaçaq Xanalı təşkil etmiş, onu Cənubi Azərbaycana yola salmışdır. Deyilinə görə, Xanalı çox ötkəm və qürurlu olub.

1920-ci illərdə Məhəmməd Xəlil oğlu Ağcayazı kəndində Sovet sədri işləyəndə (sonralar meşəbəyi də olub) ondan qaçaq Xanalının yerini soruşurlar, o isə çavab verir ki, qaçaq Xanalı Sultan bəylə keçib Cənubi Azərbaycana, ("Sultan bəylə gedən qaçaq Xanalı olub"), Fərraş kəndində yaşayan dəmirçi Xanalıdır (və beləcə el döyüşçüsünü hay kilsəsinin təhlükəsindən sovuşdura bilib.)

"Piçənis igidləri" həm də Gorus nahiyəsindən, Keçəldağ tərəfdən edilən düşmən hücumlarının da qarşısını ala biliblər, bu basqınlar Bayandur, Dığ, Xınzirək, Xəzinəvar (haylar Xoznavar adlandırıb) kəndləri istiqamətindən olub, daha sonra məşhur "Zabux vuruşması"nda da xüsusi igidlik göstərmişlər.

1960-cı illərdə Seyfalı Manaf oğlu söhbət edirdi ki, Sultan bəylə Qaladərəsi kəndi yaxınlığındakı yamacda bir itburnu kolunun altında səhərdən-axşamadək çiyin-çiyinə quldurlarla atışdıq, axşam düşdü, qaş qaralanda dedim ki, a Bəy, hamı gedib, dur, biz də gedək. Ayağa dura bilmədi, qıçı qıc olmuşdu, bütün günü bir yerdə qaldığından...

Sultan bəyin yaxın silahdaşlarından olan Səfəralı Abdulkərim oğlu igid (hayların "gözünün yağısı"), boylu-buxunlu, qəddi-qamətli olub, Bəylə yanaşı gedəndə onları bəzən səhv salırdılar.

1920-1930-cu illərdə hay kilsəsinə və silahlı quldur dəstələrinə qarşı 1920-ci ilədək döyüşən müsəlman-türk igidlərinin çoxusunun "sosializm quruluşunun əleyhdarı" adı altinda həbs olunması və güllələnməsi adi hala çevrilmişdir. Onlardan biri də Səfəralı Abdulkərim oğlu olub.

 

1931-ci ildə onu həbs edərək Murmanck vilayətinə göndərirlər, 5 ildən sonra qayıdır, 1937-ci ildən yenidən həbs edərək Şuşa həbsxanasında 2-si daşnak olan "üçlüyün" 20 dəqiqəlik hökmü ilə güllələyirlər...

O, Azərbaycan Xalq Cumhuriyyətinin fəal üzvlərindən biri kimi Tiflis şəhərində hökumət üzvləri ilə görüşüb. Ondan qalan əşya yadigarları isə - cövkən (yarışlarda belə bağlanan kəmər), gümüş kəmər, gümüş tütün qabı, fil sümüyündən olan müştük... doğma ocağında 1992-ci ilin may ayında yağı düşmənin əlinə keçib yox oldu...

Osmanlı Türkiyəsinin Nuru paşanın başçılıq etdiyi 5-ci Qafqaz İslam Ordusunun Laçın nahiyəsində olan süvari bir tağımın Emin adlı əsgəri həmin döyüşlərin birində ağır yaralanır, Səfəralı Abdulkərim oğlu öz evində onu 2-3 il saxlayır, sağaldır və təklif edir ki, qalsın, yaşasın... Amma, o razı olmur, Vətənə qayıtmağa qərar verir. Deyilənə görə, çox zəhmətkeş idi, ot biçinində 2-3 adamın işini görürmiş.

Digər bir türk əsgəri isə Bababuğavuran kəndində yaşayıb, 5-6 il. O, Abbas Kərbəlayı Zeynalabdin oğlu ilə dostluq edirmiş. Ən çox getdiyi yer Ağcayazı çayının sağ sahilindəki "Qorəli yeri"ndəki su dəyirmanı (Ağcayazı kəndindən 200 m aralıdakı) və Talıbxan dağı ətəklərindəki qayalıq-dağlıq meşə yerləri idi. Bu yerlərdə olanda Vətən həsrətinin yanğısından bayatılar deyərdi, kövrələ-kövrələ...

Emin bəy Vətənə yola düşəndə, soruşurlar ki, hansı təəssüratla bizdən ayrılırsan?

Cavab verib ki, bizdə olmayan iki cəhəti sizdə gördüm. Birincisi, sizdə qan düşmənçiliyi yaranırsa, el ağsaqqalı onu aradan qaldırır, tərəfləri barışdırır, ağsaqqal sözünə böyük dəyər verirsiniz. İkincisi, cinayət törədən şəxs bir kəlmə "denən, sən öl mən etməmişəm" sözünə görə yalan danışa bilmir, sizdə anda dərin etiqad, inam var.

"Dəli Əkbər" də sərrast atıcı, çox qüvvətli, yoğun, gur, "qaltan" səsli olub, sonralar Xaçınyalı kəndində yaşayıb. Kəndin qənşərindəki "Mirəyəl meşəsi"nin ortasında "Ağ dərə" vardı, dərin idi. Bir dəfə meşədən gələndə Əkbər Cabbar oğlu görür ki, meşədən bir pələng atıldı dərəyə. Gəlir dərənin qırağına. Başını əyib baxır aşağı. Bu zaman pələng atılır Əkbərin üsütnə, caynağını keçirir onun çarığının ərişinə, az qalır onu sürürsün salsın dərəyə. Ani olaraq Əkbər tüfəngini salır pələngin ağzına və atəş açır...

Həmin pələngin dərisini Sultan bəy nə qədər istəsə də "Dəli Əkbər" vermir, axırda Səfəralı Abdulkərim oğlunun sözündən keçə bilmir...

"Piçənis igidləri"nin yaralarını, eləcə də döyüşlərdə-səngərlərdə bıçaq yarası, güllə zədəsi alanları Sultan bəyin qardaşı İskəndər Əlipaşa bəy oğlu müalicə edib, Qırxqız-Dəlikdağ yaylağının (bu yaylaqda 1905-1906-cı illərdə Şuşa şəhərində hay kilsə və hay-daşnak quldurlarının törətdiyi qətliamların qarşısının alınması məqsədilə Əlipaşa bəyin məsləhət-məşvərət qərargahı olmuşdur) güllərindən-çiçəklərindən, otundan-bitkisindən hazırladığı dərmanlarla ("İskəndərin məlhəmi").

Bababuğavuran kəndindən olan Alı Ağayar oğlunun sol qolunun güllə yarasını o, sağaltmışdır.

Laçın nahiyəsində, eləcə də Piçəniz hövzəsində 1904-1920-ci illər ərzində hay kilsəsi və hay-daşnak quldurlarının müsəlman-türk əhalisinə qarşı yaşatdığı qanlı döyüşlər barədə Bababuğavuran kənd sakini Hüseyn Kərbəlayı Murad oğlu (1870-1970), Əkbər Hüseyn oğlu (1875-1938, onlar 1906-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında hay-daşnak təcavüzündən sığınmaq üçün bu kəndə köçmüşdülər), Alı Ağayar oğlu (1884-1984), Abbas Kərbəlayı Zeynalabdin oğlu, Ağcayazı kəndindən Məhəmməd Hüseyn oğlu, Yalkənd sakini Fatma Hüseyn qızı (1924-1996)... daha çox söhbət edərdilər, şahidi olduqları və eşitdikləri olaylardan danışardılar.

Güllə qayasının (Piçənis kəndində Pəri bulağının üstündə) sinəsində isə həmin döyüşlərdən qalma qoşalülə və beşatılan güllələrinin qurğuşun gilizləri hələ də qalırdı, 1992-ci ilin may ayına kimi...

(Yazının hazırlanmasında həm də Laçın rayonunun Piçənis və Xaçınyalı kənd sakinləri Əmirxan İsmixan oğlu Zeynalovun (1936), Seyid Nəsib Seyid Məhəmməd oğlu Məmmədovun (1962), İbrahim Kərim oğlu Kərimovun (1952) və Azay Şiraslan oğlu Səfəralıyevin (1952) məlumatlarından istifadə edilib.)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Mənbə: olaylar.az