“Yaxın bir-iki ildə Ermənistanı yenidən erkən seçkilər gözləyir” - Aleksandr Skakov

“Yaxın bir-iki ildə Ermənistanı yenidən erkən seçkilər gözləyir” - Aleksandr Skakov

“Çox güman ki, yaxın bir-iki ildə Ermənistanı yenidən erkən seçkilər gözləyir.”

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqazın Tədrisi Mərkəzinin eksperti Aleksandr Skakov Ermənistan mətbuatına müsahibəsində söyləyib.

Skakov müsahibəsində Paşinyanı “topal ördək” adlandırıb: “Bir tərəfdən Baş nazir Paşinyan, necə deyərlər, "topal ördək"-dir - ciddi və böyük siyasi gələcəyi yoxdur. Düşünürəm ki, heç kim onu Qarabağdakı son müharibədəki davranışlarına, indiki dövrdə etdiyi hərəkətlərə və ya hərəkətsizliyə görə bağışlamayacaq.

Digər tərəfdən isə indi “hakimiyyətə gələ biləcək və səslərin mütləq əksəriyyətini qazanacaq başqa alternativ varmı”, deyə sual yaranır. Belə bir əhəmiyyətli qüvvə yoxdur. Paşinyan hakimiyyəti yenidən ələ keçirmək üçün çox böyük qabiliyyətə sahibdir. Ancaq onu da qeyd edim ki, Ermənistanın böyük şəhərləri ona səs verməyəcək, yalnız əyalətlər səs verəcək. Və düşünürəm ki, Paşinyan qarşıdakı seçkilərdə qalib gəlməyi bacaracaq. Bəs bu qələbə nə qədər davam edəcək? Onun hakimiyyəti davamlı olacaqmı? Şəxsən mən buna şübhə edirəm.”

Jurnalistin “yəni qazansa da yaxın bir-iki ildə yenidən Ermənistanı erkən seçkilər gözləyəcək” sualına cavabında Skokov “bəli, mən elə düşünürəm” deyə cavab verib.

Rusiyalı ekspert Robert Köçəryanın seçkidə qalib gəlmək şanslarına da toxunub: “Əlbəttə müəyyən qədər səs qazanacaq. Amma onun hakimiyyəti illərində etdiklərinə görə adı artıq daha çox mənfi mənada hallanır ki, buna görə də ciddi bir şansı olmadığını düşünürəm.”

Rusiyanın mövqeyinə gəlincə isə ekspert deyib: “Düşünürəm ki, Rusiya rəhbərliyi Ermənistanda hakimiyyətdə kimin olacağı ilə maraqlanmır, əsas məsələ sabitliyin olmasıdır. Üstəlik, indi hakimiyyətə gələrək Moskvanın mənafelərinə zərbə vura biləcək qərbyönümlü bir qüvvə də yoxdur.”
 

“AzPolitika.info”

Mənbə: azpolitika.info