Birgə fəaliyyət planı hazırlanmalıdır

Birgə fəaliyyət planı hazırlanmalıdır

Türkiyə və Azərbaycan İranın nüvə fəaliyyətinə açıq etiraz etməlidir

XX əsrin birinci yarısında dünyanın qabaqcıl ölkələri - SSRİ, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya ciddi və məxfi şəkildə nüvə silahı yaratmağa başlamışdı. 1945-ci ildə ABŞ, 1949-cu ildə isə SSRİ bu qorxunc silaha sahib oldu. İllər keçdikcə Böyük Britaniya (1952), Fransa (1960), Çin (1964), Hindistan (1974), İsrail (1979), Pakistan (1998) və Şimali Koreya Xalq Demokratik Respublikası (2006) da nüvə dövlətinə çevrildi. Maraqlıdır ki, hərbi cəbhəxanasında milyard dollarlara başa gəlmiş nüvə silahı saxlayan dövlətlərdən ABŞ istisna olmaqla, heç biri müharibədə həmin silahı döyüş meydanında tətbiq etməyib. Təbii olaraq, belə sual yaranır ki, nə üçün dövlətlər milyardlar xərcləyərək praktik baxımdan istifadəsiz qalacaq nüvə silahına malik olmağa can atır?

Son zamanlarda dünya mediasında müntəzəm olaraq İranın da nüvə silahına sahib olma təşəbbüsünə cəhd göstərməsi məsələsi gündəmə gətirilir. ABŞ, İsrail və Səudiyyə Ərəbistanı isə İranı Orta Şərqdə ciddi təhlükə olaraq görür. Bəs, Azərbaycan?

Sualımızı cavablandıran BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan İranın nüvə silahına sahib olması istiqamətində fəaliyyətinə ciddi yanaşmalıdır. Politoloq qeyd edib ki, buna qarşı fəaliyyət planı hazırlamalıdırlar:

"Amerikanın İranın nüvə silahına sahib olmaması üçün fəaliyyəti bizi qane etməməlidir. Hətta buna şübhə ilə yanaşmalıyıq. Amerika buna mane olmağa başlayandan İran uranın zənginləşdirilməsini əvvəl tibbi məqsədlər üçün istifadə adı ilə 3,5 və 3,5-dən 20 faizə qədər zənginləşdirmək istədiyini qeyd edirdi. İndi zaman keçdikcə, nüvə silahı üçün lazım olan həddə qədər, yəni 90 faizə qaldırmaq təhlükəsi var. İran istəsə bunun üçün sentrofuqaların təyinatını dəyişib 2-3 aya 90 faizlik həddə çatdıra bilər.

Fars rejimi ölkə daxilindəki həm siyasi, həm də demoqrafik vəziyyəti, eyni zamanda, ətraf ölkələrdə və regionlarda gedən prosesləri yaxşı bilir. Türk birliyinin yaranmasının ayaq səslərini yaxşı eşidir. Ərəb ölkələrinə qarşı olan münasibəti də göz önündədir. Çinlə 25 illiyə bağlanan əməkdaşlıq müqaviləsi, 400 milyard maddi dəstəyin kökündə İranın fars rejiminin dirçəldilməsi, Çinin də ehtiyat etdiyi türk birliyinə qarşı dayanmaq üçün qarşılıqlı fəaliyyət planı dayanır".

A.Qasımov vurğulayıb ki, Türkiyə və Azərbaycan İranın nüvə fəaliyyətinə açıq etiraz etməlidir:

"Bunun gələcəkdə bizlərə və ərəb ölkələrinə qarşı yönələcəyi mütləq və birmənalıdır. İsraildən bu barədə kəşfiyyat məlumatları öyrənilməlidir. Doğrudur, İsrailin İranın müəyyən dairələri ilə işbirliyi etdiyini hesab edirəm. Çünki İranın Orta Şərq və Fələstində Hizbullaha dəstək verməsi onların da işinə yarayır. Bu baxımdan İsraildən İranın əsl məqsədini daha dəqiq öyrənmək olar".

Mənbə: sherg.az