Zaman keçdikcə Misir dövləti də, Türkiyənin haq tərəfdarı olduğunu anlayacaq - Politoloq

Zaman keçdikcə Misir dövləti də, Türkiyənin haq tərəfdarı olduğunu anlayacaq - Politoloq

Uzun illərdən bəri soyuq, hətta düşmən münasibətlərdən sonra nəhayət Misir dövləti Türkiyə ilə səmimi olaraq dəyirmi masa ətrafında oturdu. Ötən gündən bəri qarşılıqlı və regional məsələlər ətrafında danışıqlar aparan tərəflər sonunda ortaq razılaşmaya gəliblər. Bu barədə hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü bəyanat verib.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə prezident seçilən Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılması və etirazçılara silahla müdaxilədən sonra kəskin vəziyyət alıb. İki müsəlman dövləti olan Misirlə Türkiyə arasındakı bağların bir-birindən qopması daxilən də olsa, Qərbin mənafeyinə uyğun idi. Çünki son vaxtlar Türkiyə son zamanlar Liviya, Suriya və İraqda ciddi üstünlüklər əldə edib. Xüsusilə Liviyada Türkiyəyə qarşı plan hazırlansa da, uğurlu ola bilmədi.

Türkiyə dövləti hazırda Misirlə münasibətin soyuq qalmasının faydasız olduğunu yaxşı bilir. O üzdən də rəsmi Qahirə ilə Ankara arasında buzların əriməsini sürətləndirmək və bu yolda atılacaq addımların nə olacağını ikilikdə müzakirə etmək üçün bir araya gəldi. Lakin danışıqlar zamanı Misir tərəfindən bəzi şərtlər də irəli sürülüb. Hazırda həmin məsələlərə baxılması üçün Türkiyənin zamana ehtiyacı olduğu da istisna edilmir.

Euriasia Diary-yə müsahibəsində professor İrfan Kaya bu məsələlərə aydınlıq gətirib.

- Əvvəllər Türkiyəyə qarşı hədsiz aqressiya bəsləyən Misirin Türkiyə ilə xoş münasibətləri bərpa etmək niyyətinin arxasında dayanan əsas səbəb nədir?

- Təbii ki, müəyyən dövrlərdə dövlətlər arasında müxtəlif səbəblərdən ziddiyyət yaranır. Lakin bunu sonsuza qədər davam etmək hər iki tərəf üçün ciddi fəsadlara yol aça bilər. Əslində prezident seçilən Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılması və etirazçılara silahlı müdaxilə edilməsindən sonra Türkiyə ilə Misir arasındakı münasibətlər pisləşməyə başladı. Türkiyə bu vəziyyəti kəskin tənqid etdi. Çünki nəticədə hərbi çevrilişin mənfi təsirinə məruz qalan bir ölkə idi. Qarşılıqlı olaraq səfirlərin geri çağırılması ilə yanaşı, 2013-cü ildən bəri diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

Onu da qeyd edim ki, əvvəlcə Misirdə dövlət çevrilişini tənqid edən Aİ və ABŞ, daha sonra burada hərbi xunta rejimini dəstəkləməyə başladı. Qərb yanaşmasında normativ prinsiplərin heç bir əhəmiyyəti yoxdur. Burada bütün yürüdülən siyasət yalnız müəyyən maraqlar üzərində qurulur. Türkiyə isə bu mövzuda daha qətiyyətli bir mövqe tutdu. Zamanla beynəlxalq siyasi proseslər Türkiyə ilə Misirin yaxınlaşmasını zəruriləşdirdi. Bunun əsas səbəbi Aralıq dənizindəki dəniz yurisdiksiyalarında əməkdaşlıq imkanının yaranmasıdır. Misir, 2020-ci ildə Yunanıstanla imzaladığı müqavilənin beynəlxalq hüquq baxımından qeyri-mümkün olduğunu gördü. Çünki qitələrin əraziləri quru ölkələri əsasında müəyyən edilir. Bununla birlikdə Yunanistan və Misir arasında dəniz yurisdiksiyalarını məhdudlaşdırmaq barədə razılaşmada Girit və Rodos arasında bir xətt çəkildi və oradan Aralıq dənizi kontinental şelfi təyin edildi. Bu, beynəlxalq hüquq prinsiplərinə ziddir və məhkəmə qarşısında bu razılaşmanın heç bir bəraəti yoxdur. Digər tərəfdən, bu razılaşmaya görə Misir Albaniya kimi böyük bir ərazini itirmiş oldu. Əslində Yunanıstanla razılaşma, dövlətlərin qanunlarına görə etibarsızdır. Misirin Türkiyəyə yaxınlaşmasının ən vacib səbəbi budur. İkincisi, Aralıq dənizinin şərqində təbii qaz boru kəməri marşrutu təyin edilərkən Türkiyənin bu prosesdə iştirakı mütləq önəm daşıyır. Əks təqdirdə kənar dövlətlər tərəfindən bu sahədə heç bir addım atıla bilməz.

- Liviya, Suriya, İraq və Aralıq dənizi məsələlərində Misirlə Türkiyə arasında bir sıra müzakirələr olub. Sizcə bu sahədə hansı həlledici razılıq əldə edilə bilər?

- Türkiyə ilə Misir arasındakı münasibətlər normallaşdıqdan sonra, ilk addımın dəniz yurisdiksiyasında mümkün olacağını düşünürəm. Hesab edirəm ki, Misir dövləti Suriya və İraq mövzusunda heç bir işə yararı olmayan ərəb maraqlarını qorumağa çalışır. Bununla o, bu ölkələrdəki terrorla mücadilə aparan Türk əsgərlərinin çıxarılmasını istəyir. Misir sadəcə burada özünü Ərəb Dünyasının lideri kimi göstərməyə çalışır. Əslində isə bu beynəlxalq tribunalarda gözə kül üfürməkdən başqa bir şey kimi dəyərləndirilə bilməz. Liviya məsələsinə gəldikdə, düşünürəm ki, Qahirə rəhbərliyi buna son dərəcə tərəddüdlə yanaşdı. Bu da onu göstərir ki, Sisi rəhbərliyi Liviyanın Türkiyə ilə əməkdaşlıq quracağı təqdirdə ona yenidən müdaxilə edəcəyindən qorxaraq özündə bir fobiya formalaşdırıb. Bu barədə hətta, “əl Əhram” və “əl Vətən” kimi qəzetlər də yazırdı. Demokratik olmayan ölkələrdə bu cür uydurmalar həqiqət kimi cəmiyyətə çatdırılır. Buna görə də, onların Liviya ilə bağlı narahatlıqlarının əsassız olduğunu söyləyə bilərəm və bir daha qeyd edim ki, burada ilk addım Aralıq dənizində atılacaq. Çünki Türkiyə ilə Misir arasında Aralıq dənizi yurisdiksiyaları haqqında razılaşma digər mübahisələrin həllində də böyük rol oynayacaq.

- Dövlət başçısı Abdel Fattah əs-Sisi münasibətlərin səmərəliliyi üçün Türkiyə tərəfindən bir sıra addımların atılmasını istəyib. Belə ki, rəsmi Qahirə Ankaradan Türkiyə qoşunlarının Liviyadan çıxarılmasını, həmçinin Türkiyəyə sığınan, Misirin isə terrorla əlaqədə ittiham etdiyi bir neçə “Qardaşlar islamçı dəstə” üzvünün təslim edilməsini tələb edib. Rəsmi Ankara ilə Qahirə arasında nə kimi razılıq edilə bilər?

- Türkiyə əslində Liviyadakı muzdlu əsgərlərinin geri çəkilməsini dəstəkləyən bir ölkədir. Bir faktı qeyd edim ki, 27 noyabr 2019-cu il tarixində dəniz yurisdiksiyası müqaviləsi xaricində Türkiyə ilə Misir arasında əlavə hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə üzrə öhdəliklər davam etdirilir və etdiriləcəkdir. Hazırki Liviya rəhbərliyi, hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində bu ölkədə Türkiyəli əsgərlərin olmasını dəstəklədiyini də bəyan edib. “Müsəlman Qardaşlığı” qrupuna mənsub şəxslərin Türkiyədə olması məsələsinə gəlincə, bu Türkiyənin daxili problemidir. Əlbəttə, hər cür siyasi rəqiblər təzyiq və təqiblər nəticəsində Avropa ölkələrinə sığınan müxalifət liderləri və siyasi mövqeyinə görə sürgün olunan şəxslər kimi, Türkiyədə də, demokratik bir ölkə olaraq sığınacaq araya bilərlər. Misirin bu mövzuda həssaslığını şişirdilmiş hesab edirəm. Zaman keçdikcə əlaqələrin möhkəmlənməsindən sonra etibar atmosferi gücləndikdə, bu istiqamətdəki narahatlıqların lüzumsuz olduğunu görəcəklər.

- Misir və Türkiyə Liviya məsələsində bu günədək ortaq nöqtəyə gələ bilməyib. Hətta Türkiyənin 2019-cu ildə Aralıq dənizinin şərqində mövcudiyyətinin genişləndirilməsi ilə bağlı Liviya rəsmiləri ilə danışıqları Misirlə yanaşı Yunanısbtan və bir sıra Avropa ölkələrini bərk qəzəbləndirmişdi. Bunun ardınca Misir Yunanıstanla rəsmi Ankaranın etirazına səbəb olan ayrıca bir razılıq da əldə etmişdi. Bu məsələ Türkiyənin mənafeyinə xələl gətirmədən öz həllini tapacaqmı?

- Düşünürəm ki, Türkiyə köhnə dövrlərə nisbətən daha fəallaşıb və regional aktor kimi bir çox problemin danışıqlar yolu ilə həllində böyük rola malikdir. Türkiyə bir imperator varis ölkəsidir. Bir tərəfdən İslam dünyasının, digər tərəfdən Türk dünyasının bir parçasıdır. Orta Şərqdəki proseslərlə yanaşı, Balkan coğrafiyası, Krım məsələsi və Zaqafqaziya Türkiyəni dərindən maraqlandırır. Digər tərəfdən, biz Aİ ilə danışıqlar aparan bir ölkəyik. Türkiyə lazım olduqda diplomatiya, lazım gəldikdə isə hərbi gücdən istifadə edə bilər. Və qeyd edim ki, son vaxtlar Türkiyə bunun ikisini də istifadə edir. Bu səbəbdən Türkiyə Liviya məsələsində qətiyyət göstərdi və bu bütün dünya tərəfindən qəbul edildi. Liviya rəhbərliyi ilə çox yaxın münasibətdəyik. Bu cür münasibətləri qurmaq o qədər də sadə bir iş deyildi. Yunanistan, Kipr, Misir və hətta bəzi Aİ ölkələri və Rusiya kimi ölkələr Liviya münaqişəsində General Haftarı dəstəklədilər, ancaq öz məqsədlərinə nail ola bilmədilər. Bu səbəbdən çox mürəkkəb beynəlxalq mübahisələrin həllində rol oynayan Türkiyənin, Liviya məsələsində təsiri müsbət nəticələrə yol açacaq. Türkiyənin yeganə məqsədi Liviyada ədalətli bir idarəetmə sisteminin qurulmasına dəstək göstərmək və ölkənin təbii sərvətlərinin səmərəli istifadə edilməsini təmin etməkdir. Düşünürəm ki, Türkiyənin Liviya üzərindəki diplomatik fəaliyyəti qarşıdakı dövrdə də davam edəcəkdir.

Elnur Ənvəroğlu

Mənbə: ednews.net