"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" - RƏY

"Xalqımızın ümummilli lideri, Azərbaycanın müasir dövlətçiliyin memarı və qurucusu Heydər Əliyev 6 may 1996-cı ildə Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşdə tam əminliklə deyib ki, “bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Onun sözlərinə görə, əzəli və əbədi torpaqlarımızın öz sahibinə qayıdacağına ümummilli liderin sarsılmaz əminliyi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində gerçəkliyə çevrilib: "Uzun sürən ayrılıqdan sonra Şuşa şəhəri öz doğma Vətəninə qovuşdu. 1992-ci ilin 8 mayında təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Şuşanın 2020-ci ilin 8 noyabrında mənfur düşməndən tamamilə təmizlənməsi tarixi ədalətin bərpa olunmasını təsdiq etdi. Burada bir daha ulu öndərin sözlərini xatırlatmaq tam yerinə düşər: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşanın otuz ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən mədəni soyqırıma məruz qoyulması nəticəsində şəhərin nadir memarlıq nümunələri ya tamamilə məhv edilib, ya da onlara çox ciddi ziyan vurulub. Bunların sırasında Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və onun iqamətgahı olmuş məşhur saray binası, XIX əsrə aid Karvansaray tarixi-memarlıq kompleksi, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən Aşağı Gövhər ağa məscidi, 1863-cü ildə inşa edilmiş Saatlı məscidi, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev və bir çox başqa nadir memarlıq sənətinin nümunələri qeyd edilə bilər. Bu cür vandallıq təkcə Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin mədəni irsinə qarşı törədilən ağır cinayət əməlidir".

Deputat bildirib ki, Şuşanın dünya mədəni irsində xüsusi yer tutmasını, həm döyüş meydanında, həm də öz mədəni sərvətlərinin qorunması və bərpasında xalqımızın iradəsinin sarsılmaz olmasını təsdiq edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib: "Dövlət başçısının bu tarixi addımı bir daha sübut edir ki, yaxın zamanlarda mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması ilə fərqlənən Şuşa ölkəmizin çiçəklənən şəhərləri sırasında özünəməxsus yerini tutacaq!"

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada virus qurbanlarının sayı 113 minə çatır

SONRAKI XƏBƏR

İrəvanda qanlı münaqişə: Ölən və yaralananlar var