Türkiyə və İsrailin XİN rəhbərləri Bakıda görüşə bilər

İsrailin Enerji naziri Yuval Steinitzə Antalyada iyun ayında keçiriləcək Diplomacy Forum-da iştirak etmək üçün dəvətnamə göndərilib. Bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni şans yaradır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The Daily Sabah” xəbər yayıb.

Türkiyə nəşri bildirir ki, Azərbaycanın belə işlərdə ciddi uğurları var. Belə ki, 2016-cı ildə Rusiya ilə Türkiyə arasında yaranmış problemin həllinə Azərbaycan töhfə verib. ABŞ və Rusiya Müdafiə Nazirliklərinin ali məqamlı təmsilçiləri də Bakıda bir araya gəlib. NATO Baş katibi də dəfələrlə Bakıda olub və müxtəlif xarakterli danışıqlar aparıb. Bütün bunlara istinadən demək olar ki, Bakı danışıqlar aparmaq üçün son dərəcə münasib yerdir. Türkiyə və İsrail xarici işlər nazirlərinin görüşü üçün də bu ünvan cəlbedicidir.

“The Daily Sabah” xatırladır ki, rəsmi Bakı ilə Ankara 2010-cü ildən bəri bir sıra üçtərəfli əməkdaşlıq mexanizminin yaranmasına nail olub. Bu sırada Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yer alır. Yaranacaq Azərbaycan-İsrail-Türkiyə üçtərəfli əməkdaşlığı da ortada olan müəyyən problemləri aradan qaldıra bilər.

O da maraqlıdır ki, bu məlumat Bakıda fəaliyyət göstərən Beynəlxalq Əlaqələrin Analizi Mərkəzinin rəhbərliyi tərəfindən Türkiyə nəşrinə təqdim olunub.

Onu da qeyd edək ki, bu mövzu son günlərdə Türkiyə mediasında sıx-sıx gündəmə gəlir. Əlbəttə, bu, təsadüf kimi dəyərləndirilə bilməz.

Xüsusən AKP-yə yaxınlığı ilə tanınan media orqanlarında bu səpkili xəbərlərin getməsi Türkiyə-İsrail münasibətlərinin tezliklə çözüləcəyinə dair ümidləri artırır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani

SONRAKI XƏBƏR

"Qəbələ"nin baş məşqçisi: "Ola bilər ki, biz də penalti vuraq"