İran prezidentliyinə namizəd: Tehran Qarabağ məsələsi ilə az məşğul olub

"Hesab edirəm ki, biz bəzi ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələlərində kifayət qədər qəti və sərt hərəkət etməmişik" - Ramin Mehmanpərəst.

BAKI, 12 may — Sputnik. İran İslam Respublikası prezidentliyinə namizəd, İran Xarici İşlər Nazirliyinin sabiq rəsmi təmsilçisi, İranın Polşa, Litva və Qazaxıstandakı keşmiş səfiri Ramin Mehmanpərəst Sputnik İran-a müsahibəsində keçmiş SSRİ üzvlərinin Rusiya Federasiyası ilə münasibətləri necə daha yaxşı qura biləcəyi barədə danışıb.

Niyə keçmiş SSRİ ölkələrinin hamısının Rusiya Federasiyası ilə münasibətləri yaxşı deyil

"Bunlar tarixi keçmişin əks-sədalarıdır. Bu ölkələrdəki bəzi insanların zehnində əcdadlarının bir zamanlar böyük bir imperatorluğun bir hissəsi olduqları barədə xatirələr canlı olaraq qalır və bu, onları incidir. Onlar müstəqil olmaq istəyirlər. Əlbəttə bu, səhv bir psixoloji mühakimədir", - deyə iranlı siyasətçi bildirib.

Onun fikrincə, ikinci səbəb bu dövlətlərin elitalarının bir hissəsinin qərar verməyə tələsməsindədir. Onlar düşünürlər ki, əgər ABŞ onların bölgəsində tezliklə möhkəmlənsə, bu, onlara nüfuz, üstünlüklər və yaxşı həyat gətirəcək.

"Fakt olaraq hərbi və iqtisadi cəhətdən çox zəif olan bu ölkələr Rusiyaya və haradasa İrana qarşı ən sərt mövqe tuturlar. Bəlkə də, onların hansısa siyasi "kəsirləri" var və onu sərt hərəkətləri ilə kompensasiya etməyə çalışırlar. Bu gün Rusiya supergüclərdən biridir, əsas oyunçudur. Onunla bir sıra beynəlxalq layhələrdə hesablaşmaq lazımdır. O bir sıra dövlətlərə ən müxtəlif yardımları edir. Bütün ölkələr bunu qəbul etməli və özlərini müvafiq olaraq aparmalıdırlar", - eks-diplomat deyir.

Ramin Mehmanpərəst bir sıra keçmiş sovet respublikalarında, o cümlədən Latviyada rusiyalı jurnalistlərə təzyiqlə bağlı situasiyanı da şərh edib.

Belə fəal surətdə söz azadlığı və demokratiyadan danışmağı sevən ölkələrdən biz ən azından bu şüarlara əməl etməyi gözləyirik. Təəssüf ki, onlar elə özləri bu prinsipləri pozurlar. Biz daima burada ikili standartlarla qarşılaşırıq", - deyə prezidentliyə namizəd bəyan edib.

İran Dağlıq Qarabağ barədə düşünməli idi

"İran Azərbaycan və Ermənistanla həmsərhəddir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vacib rol oynaya bilərdi, lakin bunu etmədi, Dağlıq Qarabağa dair son danışıqlarda iştirak etmədi", - deyən Ramin Mehmanpərəst bu məsələdə hökumətin xarici siyasəti ilə razı deyil.

"İran güclü regional oyunçudur. Bütün qonşu ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda təhlükəsizlik bizim üçün vacibdir və bu məsələ strateji xarakter daşıyır. İran mütləq regional mübahisə və münaqişələrin nizamlanmasında iştirak etməlidir, lakin təəssüf ki, beynəlxalq siyasətin bu strateji xətti İran XİN-də diqqətə alınmayıb. Hesab edirəm ki, biz bəzi ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələlərində kifayət qədər qəti və sərt hərəkət etməmişik", - Mehmanpərəst əlavə edib.

O qeyd edib ki, bunun əvəzində ölkə rəhbərliyi diplomatiyanın bütün gücünü İranın nüvə proqramına dair Birgə hərtərəfli fəaliyyət planı üzrə danışıqlara yönəldib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

İstanbulda güclü partlayış - VİDEO

SONRAKI XƏBƏR

Böyük Britaniyadan İsrail və Fələstinə çağırış - “Təcili olaraq son verin”