Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir

Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin bu günlərdə Naxçıvan Muxtar Respublikasına səfəri dövlət başçısının son 18 ildə sayca 15-ci səfəri idi. Ölkə başçısı hər səfərində olduğu kimi, budəfəki səfərdə də mühüm infrastruktur obyektlərinin açılışını həyata keçirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev diqqətə çatdırıb ki, bu gün Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir. Naxçıvanda iqtisadi artımın əsas göstəricisi hesab olunan ÜDM (Ümumi Daxili Məhsul) 10 dəfədən çox artıb ki, bu səviyyədə iqtisadi artıma nadir hallarda rast gəlinir. Yalnız bunu demək kifayət edir ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə olunmağa başlayıb və inanırıq ki, yaxın zamanlarda Ermənistanın büdcəsindən daha artıq olacaq. Bunun isə başlıca iki əsas səbəbi var: Ermənistan büdcəsinə daxilolmanın dayanması, xərclərin isə gözlənilməz dərəcədə artması. Bundan başqa, müharibədə Rəşadətli Ordumuz tərəfindən məğlubiyyətə uğradılan düşmənin məhv edilmiş və hazırda Bakıdakı Hərbi Qənimətlər Parkında olan texnikanın pulunu ödəməyə məhkum olması da Ermənistanın iqtisadi vəziyyətinə mənfi təsir göstərir.

Sədr müavinin sözlərinə görə, müharibədən qalib çıxmış ölkəmiz dövlət başçısının göstərişlərinə uyğun olaraq iqtisadiyyatını hər keçən gün daha da gücləndirir. Belə ki, iqtisadiyyatımızın əsas sahələrindən biri olan kənd təsərrüfatı ilə bağlı görülmüş işlər müsbət dinamikanı təmin edir və muxtar respublikada əsası qoyulmuş Süni Mayalanma Mərkəzinin açılışı qısa müddət ərzində Naxçıvanda heyvandarlığın inkişafına böyük töhfə olacaq: "Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi artımla yanaşı, infrastruktur layihələri də uğurla icra edilir. Yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanda elektrik enerjisi yox idi, Ermənistan Muxtar Respublikaya gələn bütün enerji xətlərini kəsmişdi. Ermənilər bununla muxtar respublikanı blokadaya salmağa cəhd edərək, vəziyyəti daha da ağırlaşdırırdılar. Lakin əvvəlcə ümummilli lider Heydər Əliyevin, sonradan isə onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu gün Naxçıvan hər şeylə tam təchiz olunub və muxtar respublikada elektrik enerjisi ilə təchizat, habelə qazlaşdırma 100 faizdir. Onu da qeyd edək ki, bu günlərdə ölkə başçısı tərəfindən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin də açılışı oldu. Bundan başqa, vətəndaşlara xidmət sahəsində əsas yer tutan, dünyada bu sahədə Azərbaycan brendi olan və hazırda tikilməkdə olan 7 “ASAN xidmət” mərkəzindən biri hazırda Naxçıvanda tikilir. Bununla da ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Habelə yeni uçuş-enmə zolağının istifadəyə verilməsi də muxtar respublikada turizmin inkişafına böyük təkan verəcək”.

Naxçıvanın müdafiə potensialının da gündən-günə möhkəmləndiyini qeyd edən Adil Əliyev bildirib ki, ölkəmizin başçısının səfəri çərçivəsində hərbi aerodromun açılışı Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış ciddi addımlardan biridir. Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz döyüş hazırlığını yüksək səviyyədə qoruyur, qarşıya qoyulmuş əsas vəzifələrin öhdəsindən layiqincə gəlir. Belə ki, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri də çox böyük şücaət göstərdilər, habelə uğurlu Günnüt əməliyyatı ordunun tam hazır olmasını bir daha sübut etdi.

Ölkəmizin bir parçası olan muxtar respublikada da hərbi qulluqçular, onların ailə üzvlərinin qayğıları daim diqqət mərkəzində saxlanılmış, onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bütün addımlar atılmışdır. Ölkə başçısı tərəfindən muxtar respublikada hərbi hospitalın açılışı da bu qəbildən əlamətdar hadisədir.

Milli Məclis sədrinin müavini vurğulayıb: “Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf xətti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Əminik ki, Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcək”.

Mənbə: azertag.az