Makronun öz hesabından Bakıya qarşı açıqlaması...

Fransa Azərbaycana qarşı açıq düşmənçilik edir. Prezident Emmanuel Makronun son paylaşımında Azərbaycanı Ermənistan torpaqlarını işğalda günahlandırması, bu da azmış kimi, ermənilərə dəstək mesajı verməsi iki ölkə arasındakı onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirə bilər. Torpaqlarının 20 faizi ermənilər tərəfindən 27 ildən çox işğalda saxlanılan bir ölkəni bu gün işğalçı adlandırması Fransanın ədalət anlayışının və beynəlxalq hüquqa yanaşmasının göstəricisdir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, heç kəs Azərbaycanı işğalçı adlandıra bilməz, adladırarsa, bunun cavabını verməlidir:

“Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi, görünür, Ermənistandan çox, onun havadarlarını “narahat edir”. Bu narahatlıq o həddədir ki, Fransa prezidenti açıq-aşkar öz rəsmi hesabından Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsini Ermənistan torpaqlarının işğalı olaraq adlandırır.

Əvvəla, onu deyim ki, hər kəsin söz azadlığı var. Makron bunu öz subyektiv yanaşması olaraq paylaşsa idi, hardasa anlamaq olardı. Lakin öz paylaşımında Azərbaycanı işğalçı adlandırıb, daha sonra da Fransanın Ermənistana dəstəyini ifadə etməsinə heç bir halda bəraət qazandırıla bilməz. Fransa prezidenti bu paylaşımı ilə Fransanın tərəfli və qərəzli mövqeyini açıq-aşkar etiraf etmiş oldu.

Azərbaycan Fransaya qarşı ciddi mövqe ortaya qoymalıdır. Bir ölkənin Senatı, Xarici İşlər Nazirliyi və Prezidentinin ard-arda Ermənistanla bağlı belə mövqe ortaya qoyması gözardı edilə bilməz.

Birincisi, rəsmi Bakı Fransanın ATƏT-in Minsk Qrupuna həmsədr olmasına etiraz etməlidir. Onsuz da ortada həll edilməli bir münaqişə daha yoxdur. Bəzi kiçik nüanslar qalıb. Lakin bu qədər açıq qərəz nümayiş etdirən ölkə həmsədr ola bilməz.

İkincisi, Fransanın ölkəmizdə fəaliyyət göstərən səfiri ən qısa müddətdə XİN-ə çağırılmalı və Makrona görə bəyanat verilməlidir”.

Politoloq qeyd edib ki, Azərbaycan işğalçı adlandırılacaq ən son ölkə belə deyil:

“Azərbaycan kimi işğalın nə olduğunu bilən, bundan əziyyət çəkən ikinci bir ölkə bəlkə də yoxdur. Müstəqilliyin ilk illərində minimum imkanlarla erməni işğalına davam gətirməyə çalışan, Xocalı kimi bir faciəyə məruz qalan, torpaqlarının 20 faizi 27 ildən artıq işğalda saxlanılan bir ölkəni işğalçı adlandırmaq riyakarlığın, tarixi və siyasi savadsızlığın ən pik həddir. Özü də Azərbaycanı işğalçı adlandıran ölkənin Fransa olması xüsusilə təəccüblüdür.

Birincisi, Fransa 44 günlük müharibə zamanı ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu unudub. Əks təqdirdə nə 44 günlük müharibə zamanı, nə sonrası, nə də indi Azərbaycana qarşı bu cür aqressiv və ikiüzlü davranış sərgilənməzdi.

İkincisi, Fransa tarix boyu o qədər qanunsuz xəritələr çəkib, haqsızlıqlar edib ki, bu gün bir ölkənin haqlı davranışını düzgün qəbul edə bilmir. Nə demək istədiyimi anlamaq üçün dünya siyasi xəritəsinə baxa bilərsiz. Xüsusilə Afrikanın və Yaxın Şərqin hazırkı siyasi xəritəsi Fransa tərəfindən çəkilib. Diqqət etsəniz, Afrika dövlətlərinin bir çoxunun dövlət sərhədləri sanki xətkeş və qələmlə çəkilib. Təbii olaraq son 100 ildir Afrikada müharibə, etnik-dini qarşıdurma dayanmaq bilmir.

Fransa vaxtilə öz imperialist maraqları naminə bir çox Afrika xalqına qarşı soyqırım edib, sağ qalanları isə süni xəritələrlə bir-birindən ayıraraq bu gün də davam edən problemlərə səbəb olub. Bu mənada Fransa Prezidenti Emmanuel Makronu anlayıram. Onlar üçün bir ölkənin dövlət sərhədlərini ən son texnologiyalar və tarixi sənədlər əsasında təyin etməsi işğalçılıqdır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu - Musa Yaqubun nağıl kimi həyatı

SONRAKI XƏBƏR

"İsrail-Fələstin məsələsində neytrallığı qorumalıyıq"