Slovakiyada “Moxovtse” AES-in yeni reaktorunun işə salınması Avstriyanın etirazına səbəb olub

Slovakiyada “Moxovtse” AES-in yeni reaktorunun işə salınması Avstriyanın etirazına səbəb olub

Slovakiyanın Nüvə Tənzimləmə Təşkilatı ölkənin qərbində yerləşən “Moxovtse” atom elektrik stansiyasının (AES) üçüncü reaktorunun işə salınmasına icazə verib.

AZƏRTAC xəbər verir ki, rəsmi qurum eyni zamanda radioaktiv tullantılar və müddətini başa vurmuş yanacaq çubuqları ilə rəftar, eləcə də stansiyanın vaxtından əvvəl istifadəsinə dair də icazə və təlimatlar verib.

Avstriyanın ekologiya naziri Leonore Qevessler bildirib ki, yaxın günlərdə Slovakiya Nüvə Tənzimləmə Təşkilatının qərarları yaxından araşdırılacaqdır. Nazirin sözlərinə görə, ötən müddətdə AES-in üçüncü reaktor bloku tikinti qüsurlarına görə tez-tez mətbuat səhifələrinə çıxıb: “Təhlükəsizlik standartları ilə bağlı narahatlıqlar mövcud olduğu müddət ərzində AES-in fəaliyyətə başlamasına qətiyyən icazə verilə bilməz”.

“Global 2000“ ətraf mühitin mühafizəsi təşkilatı Avstriya sərhədindən 100 kilometr məsafədə yerləşən, tikinti icazəsi 1985-ci ildə verilən və həmin vaxtdan inşası hələ tamamlanmayan nüvə reaktorunun işə salınması icazəsini məsuliyyətsiz addım kimi dəyərləndirib. Təşkilatın nüvə məsələləri üzrə eksperti Raynhard Uhriq bildirib ki, son illərdə keçmiş və fəaliyyətdə olan mühəndislərlə əməkdaşlıq şəraitində “Moxovtse”nin tikintisində çox sayda texniki problem və yarıtmaz menecment işi müəyyən edilib. Qeyd edilib ki, Slovakiyanın Nüvə Tənzimləmə Təşkilatı bu məsələdə uğursuz fəaliyyət göstərir, ona görə də Slovakiya dövləti bütün Avropanın təhlükəsizliyi naminə bu tikinti üzərində nəzarəti öz üzərinə götürməlidir.

Slovakiyanın Nüvə Tənzimləmə Təşkilatı isə öz açıqlamasında verilən icazələrin geniş inspeksiya, nəzarət və analiz fəaliyyət əsasında əldə edilmiş məlumatlara söykəndiyini və AES-in ilk iki reaktorunun işə salınması üçün tələb olunan standartlardan da əhatəli olduğunu vurğulayıb.

Qeyd edilməlidir ki, 471 meqavat gücündə olacaq yeni reaktor bloku Slovakiyanın ümumi enerji tələbatının 13 faizini ödəməlidir. Bu reaktor işə düşdükdən sonra Slovakiya ölkənin enerjiyə tələbatını daxili imkanlar hesabına ödəmiş olacaq. Üçüncü reaktor blokunun işə salınması bu ilin sonunadək nəzərdə tutulur, dördüncü blokun inşası isə iki il ərzində tamamlanmalıdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Mənbə: azertag.az