Tatar ansamblının üzvləri: Azərbaycan tatarları üçün Şuşada "Xarıbülbül" festivalının iştirakçısı olmaq böyük şərəfdir

Tatar ansamblının üzvləri: Azərbaycan tatarları üçün Şuşada "Xarıbülbül" festivalının iştirakçısı olmaq böyük şərəfdir

Azərbaycandakı "Tatarıstan" ictimai birliyinin "Yoldız" Tatar ansamblı işğaldan azad edilmiş Şuşa şəhərində "Xarıbülbül" festivalında çıxış edib.

AZƏRTAC xəbər verir ki, ansambl “Almağacları” (“Alma ağacları”) tatar xalq mahnısı ilə çıxış edib.

“Azərbaycan Mədəniyyət Nazirliyinin dəvəti ilə Şuşa şəhərində “Xarıbülbül ”musiqi festivalında iştirak etdik. Festivalda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları iştirak edib. Tədbirdə Şuşa şəhərinə həsr olunmuş mahnılar və muğamlar səslənirdi. Həmçinin Azərbaycan ərazisində yaşayan xalqların mahnı və rəqsləri təqdim edildi. “Yoldız” ansamblımız “Almağacları” mahnısını ilə gözəl çıxış edib.

Əlbəttə ki, hamımız Şuşa şəhərinin təbiətinin qeyri-adi gözəlliyinə heyran olduq.

29 illik ayrılıqdan sonra qədim Şuşa torpağına ayaq basdığımızda böyük sevinc və xoşbəxtlik yaşadıq. Bütün bunlar Prezident İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində baş verib.

Festivalın təşkilatçıları və görülən işlərə görə onları müşayiət edənlərə ayrıca təşəkkür edirəm”, - deyə "Tatarıstan" ictimai birliyinin sədri, "Yoldız" ansamblının rəhbəri Abas Minyaşev bildirib.

Bütün Azərbaycan xalqı üçün bu cür tarixi əhəmiyyət kəsb edən tədbirdə iştirak etmək imkanı yaratdıqları üçün bütün təşkilatçılara təşəkkür edən "Yoldız" ansamblının üzvü Rauza Əliyeva deyib: “29 illik işğaldan sonra mədəni və tarixi mərkəzdə birinci olmaq xoşbəxtlik və böyük şərəfdir. Orada, dağılmış, lakin bu qədər əziz və gözəl şəhərdə yaşadığımız hissləri çatdırmaq mümkün deyil. Allaha şükürlər olsun ki, bu yaşımda Şuşanı görə bildim. Bütün bunlar Prezidentimiz İlham Əliyevin və igid əsgərlərimizin sayəsində mümkün oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Festivalın təşkilatçılarına gördükləri ağır və nəcib iş üçün xüsusi təşəkkür edirəm. Gecə-gündüz torpaqlarımızı qoruyan əsgərlərə minnətdaram, Allah onları qorusun!

Azərbaycan kimi çoxmillətli bir respublikada yaşadığımız üçün fəxr edirəm. Qarabağ Azərbaycandır!”

“29 il ayrılıqdan sonra qədim Şuşa şəhərinin torpağına ayaq basaraq böyük sevinc və xoşbəxtlik yaşadım. Bütün bunlar Prezident İlham Əliyevin və şanlı Ordumuzun sayəsində mümkün oldu”, - deyə ansamblın üzvü Zeytuna Qafiulova bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 12-13-də ölkəmizin mədəniyyət paytaxtı - Şuşa şəhərindəki əsrarəngiz “Cıdır düzü”ndə “Xarıbülbül” musiqi festivalı təşkil edilib.

Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan musiqisində multikulturalizm” adlı festivalın ilk günü ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqları təmsil edən musiqi kollektivləri və ifaçıları çıxışları ilə Azərbaycanın milliyyətindən və dinindən asılı olmayaraq hər kəsin vahid vətəni olduğu və hər bir vətəndaşın bu torpaq uğrunda mübarizə aparmağa hazır olduğu barədə ideyanı tamaşaçılara çatdırıblar.

 

Mənbə: azertag.az