Bu kampaniya erməni lobbisinin Azərbaycana nifrətinin əlamətidir – Şərh

Bu kampaniya erməni lobbisinin Azərbaycana nifrətinin əlamətidir – Şərh

 

Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan, ələlxüsus Vətən müharibəsində qazandığı möhtəşəm qələbəsindən qəzəblənən erməni diasporu, həmçinin, bu uğurları görmək istəməyən digər qüvvələr ölkəmizə qarşı mediada da böhtan və iftira kampaniyası aparırlar.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Son günlər Qərb mediasında Azərbaycanla bağlı aparılan kampaniya ilə əlaqədar fikirlərini bölüşən A.Mollazadə deyib:

“Mənə elə gəlir ki, bu kampaniya ölkəmizlə rəqabətə hazır olmayan qüvvələr tərəfindən xüsusilə ölkəmizin böyük qələbəsindən, iri enerji layihələrini uğurla reallaşdırmasından, nəqliyyat layihələrini sistemli şəkildə həyata keçirməsindən sonra Azərbaycana qarşı həm qısqanclığın, həm də təbii olaraq erməni diasporunun və lobbisinin nifrətinin əlaməti kimi meydana çıxıb. Düşünürəm ki, bu, öz-özlüyündə təhlükəli bir siqnaldır. Çünki bir sıra Avropa və digər ölkələrdə məhz zəngin, təşkilatlanmış diaspor ilə siyasi korrupsiya əlaqəsinə girən həm media, həm də siyasi dairələr çox təəssüf ki, Avropanın bəyan etdiyi dəyərlərə zidd hərəkətlər edirlər. Öz-özlüyündə bu dəyərlərə inamı dünyada aşağı səviyyəyə gətirirlər”.

Milli Məclisin deputatı bu kimi addımlara qarşı atıla biləcək əks-addımlardan da danışıb:

“Azərbaycan açıq ölkədir, bura dünyanın hər yerindən qonaqlar gəlir. Biz Azərbaycanın inkişafı, xalqımızın yaşatdığı dəyərlər, mədəniyyəti ilə tanış olmaq üçün müxtəlif ölkələrdən bura qonaqlar dəvət edirik. Demək istəyirəm ki, xarici mediada böhtan kampaniyası ilə yanaşı Azərbaycanı yaxşı tanıyan, ölkəmizlə müttəfiq, dost olan ölkələrdən respublikamızın həyata keçirdiyi sistemli inkişaf proqramları barədə də məlumatlar gedir. Onlar Azərbaycanın multikulturalizm dəyərlərinə malik olduğu, bir sıra etnik və dini qrupların nümayəndələrinin minillərlə dinc, əmin-amanlıq şəraitində yaşadıqlarına dair Azərbaycan nümunəsini dünyaya yayaraq bizim bu ənənələrdən bir sıra ölkələrin idrak dərsi götürə biləcəklərini qeyd edirlər”.

Mənbə: teleqraf.com