Gənc nəsil sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq durmalıdır

Gənc nəsil sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq durmalıdır

 

Beyləqan, 10 iyun, AZƏRTAC

Sağlam gənclik sağlam gələcəkdir. Böyüməkdə olan gənc nəsil sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq durmalıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyində keçirilən “Narkomaniya gənc nəslin düşmənidir” mövzusunda mühazirədə səsləndirilib.

Beyləqan rayon 8 saylı tam orta məktəbin şagirdlərinin iştirak etdikləri tədbirdə muzeyin direktoru Mehriban İsgəndərova sağlam həyat tərzinin təbliği və narkomaniyanın insan sağlamlığına zərərləri haqqında məktəblilərə məlumat verib. Bildirib ki, “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir.

Muzeyin elmi işçisi Nuranə Cahangirli çıxışında bildirib ki, yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə ümumxalq hərəkatına çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bu Proqramdan irəli gələn məsələlərin həyata keçirilməsi bu bəlaya qarşı mübarizədə atılmış uğurlu addımdır.

Mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Mənbə: azertag.az