Vüqar Rəhimzadə: Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir

Vüqar Rəhimzadə: Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir

Bakı, 13 iyun, AZƏRTAC

Tarixi Zəfərimizdən sonra Azərbaycanın həyatında yeni mərhələyə - işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Hər zaman qeyd edildiyi kimi, bu işlərin sürəti böyük dərəcədə ərazilərimizin minalardan təmizlənməsindən asılıdır. Çünki düşmən işğalından azad edilmiş torpaqlarımızda təhlükəsizliyi təmin etmədən bərpa və quruculuq işlərinin həyata keçirilməsi mümkünsüzdür. Təəssüf ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də, məğlub Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq xəritələri Azərbaycana vermək istəmirdi. Bununla da düşmən 100-dən çox hərbçimizin, mülki vətəndaşımızın minaya düşərək həlak olmasına, yaxud yaralanmasına səbəb olub. Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mütəmadi olaraq bununla bağlı sərt mövqeyini ortaya qoyaraq beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürürdü. Reallıq bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub, regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində yeni səhifə açılır. Azərbaycan qarşı tərəfə sülh razılaşması ilə bağlı təkliflərini verir, amma Ermənistan bu reallıqlarla barışmaq əvəzinə, təxribatçı əməllərini davam etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmasının təsdiqidir. “Ermənistan 44 günlük müharibə dövründə Azərbaycanın “Dəmir yumruq” əməliyyatının nəyə qadir olduğunu gördü. Ən əsası, 30 ilə yaxın müddətdə ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağın, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl etməməyin sonda hansı nəticələrə gətirib çıxardığının şahidi oldu. Azərbaycan Vətən müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların qərar və qətnamələrini təkbaşına yerinə yetirməklə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mövcuddur və hər bir məsələnin həllində mütləqdir. Gec-tez haqqın, ədalətin bərpası qaçılmazdır. Bu baxımdan Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi növbəti siyasi və diplomatik uğurumuzdur”, - deyə o qeyd edib.

Prezident İlham Əliyevin iyunun 12-də on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən də bu məsələyə xüsusi diqqət yönəltdiyini diqqətə çatdıran baş redaktor bildirib: “Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yarandığını, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesinə dərhal başladığını önə çəkən dövlətimizin başçısı bir daha vurğuladı ki, vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. İndi yüz minlərlə azərbaycanlı geriyə qaytarılmalıdır. Lakin minalara görə bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmış və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın Azərbaycana mina xəritələrini vermədiyinə görə həlak olub və ya yaralanıb. “Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq”, - söyləyən Prezident İlham Əliyev bu inamı da ifadə etmişdir ki, tezliklə yaxşı xəbərlər olacaq. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir”.

“İyunun 12-də Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin ifadə etdiyi əminliyin, dövlətimizin uğurlu siyasətinin nümayişidir”, - söyləyən V.Rəhimzadə Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla Gürcüstan Hökumətinin dəstəyi, ABŞ-ın Dövlət katibi Entoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusi qeyd edilir.

Baş redaktor mayın 28-də dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Ağdama növbəti səfəri çərçivəsində şəhərin Baş Planının təqdim olunması mərasimini xatırladaraq Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsinin nəzərdə tutulan işlərin qısa zamanda görülüb başa çatdırılacağına dəstəyini xüsusi vurğulayıb. “Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Həmçinin təməli qoyulan sosial layihələrin icrası sürətlənəcək, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvasına qayıtmağı səbirsizliklə gözləyən soydaşlarımıza tarixi Qələbəmizin bəxş etdiyi sevinc Böyük Qayıdışın reallığa çevrilməsi ilə onların “artıq biz qaçqın deyilik” istəklərini həyata keçirəcək. Artıq Böyük Qayıdış tezləşir. Dövlətimizin başçısı İlham Əliyevin Ağdam ictimaiyyəti ilə görüşündə qeyd etdiyi kimi, elə bir Ağdam qurulacaq ki dünya üçün örnək olacaq. Nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və bundan sonra Ağdam rayonunda çox görüşəcəyik. Bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”, - deyə baş redaktor qeyd edib.

Mənbə: azertag.az