“Müharibə dərin böhran gətirdi” - Karapetyan Koçaryanı dəstəklədi

“Müharibə dərin böhran gətirdi” -  Karapetyan Koçaryanı dəstəklədi

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan erkən parlament seçkilərində ikinci prezident Robert Koçaryanın “Ermənistan” blokunu dəstəkləyir. Azvision.az xəbər verir ki, bu barədə Karapetyan erməni KİV-lərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyunun 20-nə təyin edilmiş seçkilər Ermənistanın gələcəyi üçün son dərəcə vacibdir. Müharibə nəticəsində ölkə dərin bir böhrana girdi və təcili olaraq bunun aradan qaldırılması tələb olunur. Xüsusilə, Karapetyana görə, ordunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb, Ermənistanın bütün təhlükəsizlik sistemi zəifləyib, ən ciddi sosial problemlər kəskinləşib, bu da mümkün olan bütün imkanların səfərbər olunmasını tələb edir.

"Diaspora, dəyərlər sistemi, milli ideologiya və bir çox digər mövzularda böhranlı vəziyyətdəyik. Ölümcül vəziyyətdir, problemlər çoxqatlı və təhlükəlidir, həll yolları məhduddur və bu, yüksək peşəkarlıq tələb edir. Bu vəziyyətdən ölkəni Robert Koçaryan çıxara bilər", - deyə Karapetyan bildirib.

Keçmiş baş nazirin fikrincə, Koçaryanın təcrübəsi buna imkan verir. O, hər kəsi seçkilərə getməyə çağırıb.

İyunun 20-də Ermənistanda 25 siyasi qüvvənin - 21 partiya və 4 blokun iştirak edəcəyi erkən parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, Karapetyan Serj Sarkisyanın dövründə 2016-2018-ci illərdə ölkənin baş naziri olub.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az