Rusiya Qarabağdan çıxacaq - Telman Qasımov

"Ermənilərin son günlər Azərbaycan-Ermənistan sərhəddində atəşkəsi tez-tez pozmaqda məqsədləri budur ki, Fransa və Amerika qüvvələrini bölgəyə cəlb etsinlər. Düşünmürəm ki, belə bir hadisə baş verəcək və bunu bacara biləcəklər, amma Ermənistanın Azərbaycanı müharibəyə cəlb etmək məqsədi də yoxdur".

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, Qərb Rusiyadan Qarabağdakı sülhməramlı mandatını almağa çalışır:

"Sərhəddə atəşkəsi pozan ermənilərin əsas məqsədlərindən birincisi Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır. Təbii ki, onlar bunu özbaşına etmirlər. Qərbin və Amerikanın əsas planı budur ki, Zəngəzur dəhlizi açılmasın və layihələr başa çatmasın. Çünki bilirsiniz ki, bu saat Amerikanın və Qərbin İranla münasibətlərini yaxşılaşdırmaq və İranın qazını, neftini Avropaya daşımaq istəyirlər ki, Rusiyanı "ofsayda" qoysunlar və onu çökdürsünlər. Bu da təbii ki, Avropadan, Qərbdən gələn tapşırıqlardır ki, həmin bu yolla Rusiyadan sülhməramlı mandatını alsınlar və Fransanın, Amerikanın və digər qüvvələrin ora yerləşdirilməsinə nail olsunlar. Amma bu, alınan bir şey deyil, çünki artıq proses var. Paşinyan həmin protokallara qol çəkib, öhdəliyə götürübdür və Rusiya da öz mandatını alıbdır. Düşünmürəm ki, Qərbin bu planı alınan bir şeydir.

Bu regionda artıq təkcə Rusiya deyil, Qərbin bu planları həm də Türkiyənin nəzərdə tutulan iri layihələrdən kənarda qalması deməkdir. Türkiyə bunu çox gözəl anlayır. Rəcəb Tayyib Ərdoğanın da Şuşaya səfəri zamanı bir çox məsələlər orada açıqlanacaq, protokollar imzalanacaq. Proseslərdə əsas Rusiya ilə Türkiyədir ki, Qərb və Avropa istəyir ki, bu məsələlərdə onlara zərbə vursun. Qərbin əsas məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır, bu məsələlərin üzərində çox işləyirlər və Ermənistana da göstəriş verirlər ki, bu məsələni qabartsın ki, Fransanın, Amerikanın NATO kontingenti gəlib Qarabağda, Ermənistan-Azərbaycan sərhəddində sülhməramlı kimi iştirak etsinlər. Bu da mümkün deyil. Mən yaxın gələcəkdə belə bir şeyin baş verəcəyinə inanmıram, real deyil.

Rusiya gec-tez Qafqazdan çıxacaq. Çünki Rusiyanın bu dəqiqə öz vəziyyəti olduqca ağırdır. Həm kontingenti saxlamaq üçün çox böyük məbləğdə maliyyə vəsaiti lazımdır, digər yandan da iqtisadiyyatı çökməkdədir. II Qarabağ müharibəsində hərbi sənayesi özünü doğrultmadı. Türkiyə hərbi sənayesi Rusiya hərbi sənayesini üstələməkdədir. Əlində iki-üç raketi, bombası var, o demək deyil ki, Rusiya fövqəl gücə sahibdir. İqtisadiyyatının artacağı da indiki vəziyyətdə mümkünsüzdür. Rusiya sülhməramlı kontingentinin Qarabağdan çəkilməsi reallaşacaq, başqa yolu yoxdur. Digər yandan dəhlizlər açılarsa, Rusiyanın iqtisadiyyatı düzələcəksə, o yollarla yüklər daşınacaqsa və iqtisadiyyatında dəyişiklik olacaqsa, Rusiya Qarabağı əlində saxlayıb, orada o qədər pullar xərcləməyi nə edir?! Petrosyan belə deyə bilər, Köçəryan, Sarkisyan, Ter-Petrosyan Rusiyanın bir nömrəli vassalına çevrilmiş adamlardır. Gec-tez Rusiya nəinki Azərbaycan torpaqlarından, Ermənistandan da çıxıb gedəcək. Əgər Rusiya ilə Türkiyə arasında əməkdaşlıq inkişaf etsə, daha da böyüsə, artıq Rusiyanın "102"ci bazasının Ermənistanda qalmasına ehtiyac qalmayacaq. Yəni əsas məqsəd budur. Bu gedişat də ona doğru gedir".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Boris Consonla görüşüb

SONRAKI XƏBƏR

“Uelsdə qoyunlar əhalinin sayından üç dəfə çoxdur” - Səfir