Serbiya ilə Azərbaycan arasında turizm sahəsində nələr gözlənilir? - Səfir açıqladı

Serbiya ilə Azərbaycan arasında turizm sahəsində nələr gözlənilir? -  Səfir açıqladı

Serbiya ilə Azərbaycan arasında turizmlə bağlı fəaliyyət planı hazırlanıb. Bu barədə Azvision.az -a müsahibəsində Serbiya Respublikasının Azərbaycandakı yeni səfiri Draqan Vladisavlyeviç deyib.

Onun sözlərinə görə, pandemiyanın nəticələrindən ən çox iqtisadiyyatın bu sahəsi təsirlənib:

“Xoşbəxtlikdən, Prezident Vuçiçin güclü şəxsi təşəbbüsü ilə ölkəmiz əhalinin kütləvi peyvəndlənməsi üçün kifayət qədər vaksin təmin edən dövlətlər sırasında oldu. Nəticədə, Serbiya Respublikasında yoluxmuş insanların sayı sürətlə azalır və COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq olunan tədbirlər yumşaldılıb. Bu, ölkəmizdə nisbətən əlverişli bir epidemioloji vəziyyətə və daha da yaxşılaşma tendensiyasına səbəb olur.

Qeyd etdiyim tədbirlər pandemiya öncəsi səviyyəyə çatacağını gözlədiyimiz turizm sektorundakı fəaliyyətlərin tədricən yenidən bərpa edilməsinə səbəb oldu. Azərbaycanla bu sahədə əməkdaşlığa gəldikdə, biz vəziyyətin normallaşmasını gözləməyəcəyik. Buna görə də artıq konkret tədbirlərlə bağlı fəaliyyət planı hazırlamışıq, sizin onunla önümüzdəki dövrdə tanış olmaq imkanınız olacaq".

Səfir, həmçinin əlavə edib ki, Serbiya bir tərəfdən Azərbaycanı turistləri üçün cəlbedici məkan kimi tanıdır, digər tərəfdən azərbaycanlı turistləri ölkəsində görmək istəyir:

"Bu məqsədlə bütün Azərbaycan vətəndaşları üçün vizaları ləğv etdik, razılaşdırılmış birbaşa aviareysin fəaliyyətə başlamasını gözləyirik. Turizm təbliğatını gücləndirəcəyik və dediyim kimi yaxın gələcəkdə konkret nəticələrin görüləcəyinə inanıram".

Pərvanə Sultanova
 

Mənbə: azvision.az