Ermənistanda seçki mənzərəsi: Kimin şansı daha çoxdur?

Ermənistanda seçki mənzərəsi: Kimin şansı daha çoxdur?

“İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, Ermənistanda seçki başa çatdıqdan sonra vəziyyət gərginləşəcək. Çünki məglub olan tərəf öz məğlubiyyətini etiraf etməkdən boyun qaçıracaq və tərəfdaşlarını itaətsizlik mitinqlərinə çağıracaq. Belə olan halda ölkədə vətəndaş müharibəsinin başlanması istisna deyil”.

Bu barədə Cebhe.info-ya açıqlamasında siyasi ekspert Abdul Kərimxanov deyib.

O bildirib ki, hazırda Ermənistanda heç bir siyasi partiya təkbaşına hökumət formalaşdıra bilməyəcək və məcbur olaraq koalisiya quracaq: “Qarşıdan gələn parlament seçkilərində iki əsas favorit var.

Bunlardan biri Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Sazişi” Partiyasıdır. Məlumata görə, vətəndaşların 22,4 %-i hakim partiyaya səs verəcək. Paşinyanın seçkilərdə əsas rəqibi “Ermənistan” (“Hayastan”) bloku ilə qatılan Robert Köçəryandır. Eks-prezidentə səs verməyə hazır olanlarını sayı 20,6 %-dir. Gördüyü kimi nə Paşinyan, nə də Köçəryan tam qələbə qazana biləcək. Nəticədə onlar digər siyasi partiyalarının dəstəyindən yararlanmağa çalışacaqlar”.

Ekspertin fikrincə, Ermənistanda siyasi vəziyyətin növbəti günlərdə dəyişəcəyi ehtimalı var:

“İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra erməni cəmiyyəti hələ də sarsıntı içərisindədir. Baş nazirin səlahiyyətlərini icra edən Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb. Lakin ermənilərin böyük hissəsi Köçəryana və ümumiyyətlə, “Qarabağ klanı”na da nifrət edir. Seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistanda qalib gələn tərəf qonşu ölkələrlə (Azərbaycan-Türkiyə) münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Əks halda, Ermənistan iqtisadiyyatındakı tənəzzül daha da dərinləşəcək”.

Ülviyyə Mirzəyeva

Mənbə: cebhe.info