Şuşada Türkiyənin baş konsulluğu - bəs digər dost ölkələrin konsulluqları necə...

Şuşada Türkiyənin baş konsulluğu - bəs digər dost ölkələrin konsulluqları necə...

Bədrəddin Quliyev: “Xüsusilə də türkdilli ölkələrin hamısı analoji addım atmalıdır”

Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib. Türkiyə Prezidenti deyib: “Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur koridoru layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq koridor açılacaqdır. Bu çox böyük əhəmiyyət kəsb edir”.

Türkiyənin Şuşada konsulluq açmaq təcrübəsindən digər dost ölkələr də yararlansa, bu amil bizə hansı diplomatik üstünlüklər verə bilər?

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Ərdoğanın Şuşaya səfəri və orada imzalanan sənəd tariximizin ən gözəl anlarından biri sayılır: “Bizim dostlarımız bu hadisəyə sevindi, düşmənlərimiz isə narahat oldu. Bununla Türkiyənin bizim yanımızda olacağına kiminsə şübhəsi qalmadı. Türkiyənin Şuşada konsulluq açmaq niyyətindən bizə dost olan ölkələr də örnək götürməlidir. Xüsusilə də türkdilli ölkələrin hamısı analoji addım atmalıdır. Bu addımın atılması Qarabağla bağlı ciddi jest sayılar. Həmin ərazilərdəki ictimai, diplomatik nəzarət mexanizmlərini gücləndirmiş olar. Ərdoğanın səfərinin ABŞ Prezidenti Co Baydenlə Rəcəb Tayyib Ərdoğan arasında dialoqdan dərhal sonraya təsadüf etməsi onu göstərir ki, Türkiyə və Azərbaycan yaxın aylarda Qarabağda və Cənubi Qafqazda postmüharibə dövründə müəyyən proseslərlə bağlı ortaq yol xəritəsi hazırlayacaqlar. Konsulluğun açılması həm də texniki məsələlərin həllini asanlaşdıracaq. Şuşanı bir mədəniyyət mərkəzi kimi çoxlu sayda turistlər ziyarət edəcək. Konsulluğun fəaliyyəti onlarla bağlı texniki işləri asanlaşdıracaq. Bunun istənilən aspektdən Azərbaycan üçün faydası var. Biz bu istəyi təqdir edirik. Yəqin ki, Şuşanın tam bərpasından sonra belə niyyətdə olan ölkələrin sayı artmış olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com