Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin xüsusi qeyd edilməsi nə deməkdir - Prezidentin “mütləq açılacaq” mesajı...

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin xüsusi qeyd edilməsi nə deməkdir  - Prezidentin “mütləq açılacaq” mesajı...

Firdovsi Şahbazov: “Bir sıra dövlətlərin maraqları üst-üstə düşdüyü üçün dəhlizin reallaşması qaçılmazdır”

“Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı çox açıq ifadələr əksini tapıb”. Bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

 

Ölkə başçısının sözlərinə görə, bəyannamədə bir çox önəmli məsələ əksini tapıb: “Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Demək olar ki, bütün sahələr əhatə olunub. Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir”.

Prezident Zəngəzur dəhlizinin önəmini xüsusi qeyd edib: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Bütün hallarda, Zəngəzur dəhlizinin bəyannamədə öz əksini tapması, bunun xüsusi qeyd edilməsi nə deməkdir?

“Bölgədə yaranan yeni geosiyasi vəziyyəti, iqtisadi reallıqları Ermənistan əngəlləmək gücündə deyil”

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, sənəddə Zəngəzur dəhlizinin yer alması bir sıra məqamlardan xəbər verir: “Bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı məsələnin yer alması göstərdi ki, regionda yeni reallıqlar yaranıb. Ermənistan heç vaxt bunun qarşısını ala bilməz. Lap 20 iyun seçkilərində revanşistlər hakimiyyətə gəlsələr belə, dəhlizin açılmasını əngəlləyə bilməzlər. Bölgədə yaranan yeni geosiyasi vəziyyəti, iqtisadi reallıqları Ermənistan əngəlləmək gücündə deyil. Prezident açıq şəkildə bütün dünyaya mesaj verdi ki, kimsə bu layihəyə mane ola bilməz. Başqa bir tərəfdən, dünyanın böyük, aparıcı dövlətləri də dəhlizin açılmasında maraqlıdırlar. Söhbət ondan gedir ki, Rusiya, ABŞ, Avropa dövlətləri və Çin Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Zəngəzur dəhlizinin başlıca özəlliyi onun məsafəcə daha qısa olması ilə bağlıdır. Prinsipcə, bu dəhliz bütün tərəflərin mənafeyinə uyğundur. Bir sıra dövlətlərin bu məsələdə maraqları üst-üstə düşdüyü üçün dəhlizin reallaşması qaçılmazdır. Prezident İlham Əliyev böyük dövlət xadimi olduğu üçün bütün bunların fərqindədir. O üzdən, əminliklə bəyan edir ki, Zəngəzur dəhlizi reallaşacaq”.

Ekspert onu da qeyd etdi ki, Ermənistan dəhlizin çəkilməsini yubada bilməyəcək.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com