Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi

Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi

Bakı, 16 iyun, AZƏRTAC

Türkiyənin regionda və dünyada artan nüfuzu Azərbaycan üçün olduqca vacibdir. Türkiyə Azərbaycanı həm də NATO-nun üzvü kimi dəstəkləyir ki, bu da çox əhəmiyyətlidir. Şuşa Bəyannaməsi nəinki Azərbaycan, eyni zamanda, region üçün tarixi sənəddir. Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyə kimi güclü dövlətin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi. Azərbaycanla Türkiyə yeni tarix yaradır. Artıq bütün dünya bu tarixi reallığı qəbul edir. Şuşa Bəyannaməsi Qarabağın, həm də bütöv Azərbaycanın təhlükəsizliyinin təminatıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, bu sənəd Azərbaycan və Türkiyə ictimaiyyətinin arzusu idi. Qardaş ölkə Prezidenti Rəcəb Tayib Ərdoğanın NATO-nun sammitində Brüsseldən birbaşa Şuşaya səfər edəcəyini elan etməsi elə dünyaya bir mesaj idi. Brüsseldə Qarabağ məsələsinin müzakirə olunması onu göstərir ki, Azərbaycan Qərb üçün də etibarlı tərəfdaşdır. Ərdoğanın Co Baydenlə baş tutan görüşündə də qardaş dövlətin Qarabağla bağlı mövqeyi, Azərbaycanı dəstəkləməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu günü-gündən artırır.

M.Cəfərov qeyd edib ki, Qarabağ məsələsinin birdəfəlik həllində ciddi diplomatik addımlar tələb olunur ki, bu addımlar atılır. Prezident İlham Əliyev məharətli siyasi manevrlər etməklə buna nail olur. Türkiyə ilə Azərbaycanın dostluq əlaqələri hər zaman olub və bu əlaqələrin qədim tarixi var. Lakin hazırki siyasi vəziyyəti reallaşdırmaq həqiqətən də böyük bacarıq və uzaqgörənlik tələb edir.

Onun sözlərinə görə, Şuşa səfəri Türkiyənin müharibə boyunca Azərbaycana verdiyi siyasi-diplomatik dəstəyin davamıdır. Türkiyə dünyaya Azərbaycanın yanındadır. Bundan sonra Türkiyə regionda sülhün təmin olunması üçün rol oynayacaq. Bölgənin yenidən qurulmasında da qardaş ölkə yaxından iştirak edəcək.

“Bəyannamədə hər iki ölkələrdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, beynəlxalq hüququn tələbləri çərçivəsində bir-birlərinə dəstək verməsi də sənəddə ən əhəmiyyətli məsələlərdən biridir. İki ölkədən birinə edilən hər hansı bir hücumun, digər ölkə üçün də təhlükə olaraq qəbul edilməsi çox önəmli mesajdır. Regionda böyük güc olan Türkiyə və Azərbaycan bundan sonra daima bir yerdə addımlayacaq”, -deyə bildirib.

Mənbə: azertag.az